azia.az
azia.az

Müəllim "Piyada gedəndə 390 manat maaş tam mənə qalır, yoxsa...” - MÜSAHİBƏ

11-01-2023, 19:08

Son vaxtlar ölkədə bəzi müəllimlərin öz peşəsinə laqeyd yanaşması, müəllim nüfuzuna xələl gətirən hərəkətlərə yol verməsi ilə bağlı fikirlər səslənir. 

Ancaq həmin fikirlər təbii ki, bütün müəllimlərə şamil olunmur. Bu gün öz peşəsinə sadiq, bu yolda əziyyətə qatlaşan müəllimlərimiz az deyil. Müsahibimiz belə müəllimlərdən biri, Lerik rayonu Telman Kazımov adına Veri kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Qədir Kərimovdur:

- Qədir müəllim, ucqar kənd məktəbində çalışmaq sizin üçün çətinlik yaradırmı? 

- Mən Lerik rayonunun Çayrud kəndində dünyaya gəlmişəm və orada da yaşayıram. Əvvəllər Elşən Səfərov adına Çayrud kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə 14 il müəllim işləmişəm. Lakin 14 ildən sonra müəyyən səbəblərlə bağlı məktəbdən ayrılmalı oldum və 4 ildən sonra yenidən MİQ imtahanına getdim. Bilmirəm təsadüfdənmi, mən yenə öz məktəbimizə düşdüm. Ancaq çox təəssüf ki, məzuniyyət yeri idi və 1 ildən çox işləyə bilmədim. Ona görə də ikinci dəfə də MİQ imtahanına getdim və 6 saatlıq dərslə Telman Kazımov adına Veri kənd tam orta məktəbində müddətli müqavilə ilə çalışmağa başladım. Orada 1 il müddətli müqavilə ilə işlədikdən sonra müsabiqə imtahanından keçərək daimiləşdim. Artıq 4 ildir ki, həmin məktəbdə çalışıram. Həmin məktəbə olan yolu hər zaman piyada getmirəm. Sadəcə qarda 28 kilometr yolu piyada gedirəm. Ümumilikdə 3 ay ərzində maşın yolu tez-tez tutulur, mart ayında yavaş-yavaş yol açılır, bu müddətdə piyada gedirəm. Maşınla getdikdə aldığım əməkhaqqından mənə 190 manat pul qalır. Ona görə də çox maddi çətinlik çəkirəm. Çünki hər gedəndə 25 manat  sürücüyə  verirəm. Həftədə 3 dəfə dərsə gedirəm, 4-5 saat dərs keçirəm. Bu da ayda 200 manatdan çox edir, maaşım isə 390 manatdır. Qış aylarında piyada gedib-gəlmək mənə sərf edir ki, heç olmasa 390 manat tam olaraq mənə qalır. 

- Bu qədər çətinliklə yol qət edirsiz, az məvaciblə çalışırsız, dərs saatınızı artırmaq mümkündürmü? 

- Dərs saatında artımla bağlı problem yoxdur. Mən orada daimi müəlliməm, məktəb rəhbərliyi ilə yaxşı münasibətimiz var. Sadəcə mən 10 saatdan çox dərs saatı götürə bilmirəm. Səbəb isə odur ki, ondan çox dərs saatı götürsəm gərək mən həmin kənddə qalım. Ancaq tətil vaxtı evə gələ bilərəm. Buna da şərait imkan vermir. Çünki evdə iki xəstəm var - yoldaşım və övladımdır. Yoldaşım 3 dəfə əməliyyat olunub. Övladım da 9 illik müalicədən sonra dünyaya gəlib, nevroloji problemi var. Birtəhər onlar üçün evimizdə şərait qurmuşam. Ancaq Veri kəndində hələ qaz tam çəkilməyib, elektrikdə kəsimə olur. Orada mən xəstə ailəmi necə saxlayım? Burada xəstəxana, həkim, daim işləyən maşın yolu var, bir problem olanda ailəmi xəstəxanaya çatdırıram. Ancaq çalışdığım kənddə bu mümkün deyil. Ona görə də ailəmi qorumaq üçün bu yolu seçmişəm. 

- Ucqar kəndlərdə çalışan müəllimlər üçün yardımlar nəzərdə tutulurdu. Bu gün sizin bu yardımdan faydalanmaq imkanınız yoxdur? 

- Çalışdığım məktəbin yolu 30 kilometrə yaxındır və ucqar ərazi olduğu üçün buraya H1, H2 düşür. Ancaq mənim yaşım 35-i ötdüyü üçün onu mənə vermirlər. Bu qaydaya etiraz etmirəm, sadəcə onu qoyanlara sual vermək istəyirəm ki, yaşı 35-i ötən müəllimlərin qayğıları, ailəsi yoxdurmu? Heç olmasa onu bizə versəydilər, 60 manat yol pulumuza dayaq olardı. Bununla bağlı Regional Təhsil İdarəsinə də müraciət etdim və bildirdim ki, əgər yaxın, qonşu kəndlərdə əlavə iş saatı varsa, yaxud müəyyən bir vəzifələr açılıbsa, çalışmaq istərdim. Bildirdilər ki, vəzifələr artıq imtahanladır. Hələ ki, boş saatlar da yoxdur. 

- Bu gün müəllimlərin əksəriyyəti repetitorluq fəaliyyəti ilə məşğul olur və bu həm də onlara maddi dəstək olur. Siz bu fəaliyyət növü ilə məşğul olursunuzmu?

- 4 il işsiz qaldığım müddətdə heç bir yerdən əlavə gəlirim olmayıb. O zaman repetitorluq fəaliyyəti ilə məşğul oldum və 15 şagird var idi. Kənd yeridir, uzaq nöqtələrdən şagirdlər az gəlir və yaxında olan müəllimlərin yanına gedirlər. İndi kənddə yarım metrə qədər qar yağıb. Şagird gedib-gələ bilmir, valideyn isə online dərs istəmir. Ona görə də həmin 4 il ərzində repetitorluq hesabına dolanmışıq. Ünvanlı sosial yardımla bağlı da müraciət etdim, bizə yardım vermirlər. Bundan sonra kəndimizə MİQ imtahanından keçən müəllimlər gəldi və həmin müəllimlər yerləşdikdən sonra özləri şərait qurublar ki, məktəbdəki şagirdlər də indi onların yanına gedir. Mən ancaq bir neçə nəfər şagirdlə məşğul oluram ki, onlar da yaxın qohumlar olduğu üçün mənim yanıma gəlirlər. Mən bu şəraitdə gedib çalışmağa məcburam. Əgər evdə otursam, repetitorluqla, ayda 25 manat pulla mümkün deyil. Yoldaşımı bu yaxınlarda həkimə aparmışam və yalnız analizlərə 500 manat vəsait sərf etməli olmuşam, qəbzləri məndədir. Bu məvaciblə ailə dolandırmaq olmaz. Ona görə də mən evdə otura bilmərəm və mənə lap 5 saat da verilsə, işləməyə məcburam. Əlimdən də başqa sənət gəlmir. 

- Diaqnostik Qiymətlənsdirmə nəticəsində müəllimlərin əməkhaqqında müəyyən artımlar olur. Siz burada iştirak etmisinizmi?

- Diaqnostik Qiqmətləndirmə vaxtı mən işsiz idim. Müraciət etdim və bildirdilər ki, işsiz olduğunuz üçün DQ-də iştirak edə bilməzsiniz. Yerdəyişmədə iştirak edirəm, sonuncu dəfə 49 bal toplamışam. Ancaq burada da yaxın bir yer olmayıb, ucqar kəndlər olub. Yaxın kəndlərə də bu balla düşə bilmirəm. Keçən tədris ilində məni imtahana da buraxmadılar ki, 3 il tamam olmayınca, imtahanda iştirak edə bilməzsiz. Hazırda bu məktəbdə daimi işləməyimin 3 ili tamam olur və inşallah, bir yol açılar. Alınmasa da taleyimizlə barışmalı olacağıq. Hətta mənə irad tutmuşdular ki, işə gedərkən əlimdə qar süpürən alət olan rəsm paylaşmışam. Mən getdiyim ərazi elədir ki, ətrafda olan qar həmin yola tökülür və getmək üçün yolu təmizləməlisən. İşə getmək üçün bu yoldan istifadə etməliyəm və burada heç bir qəbahət  görmürəm. İşimi sevirəm, müəllimlik sənəti ilə iftixar edirəm. 

Nigar Abdullayeva
Cebhe.info


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi