azia.az
azia.az

Samir Adıgözəlli: “Səfirliklərlə diaspor qurumları arasında ikitirəlik bu gün də davam edir”

24-04-2022, 19:08

Samir Adıgözəlli: “Səfirliklərlə diaspor qurumları arasında ikitirəlik bu gün də davam edir”
Dünya azərbaycanlılarının əvvəlki qurultaylarında Prezidentin səsləndirdiyi nöqsanlar aradan qaldırıldımı?...
Diaspora amili ölkənin tanıdılmasında, milli maraqların qorunmasında və digər məsələlərdə mühüm rol oynayır. Azərbaycan müstəqillik əldə edəndən bir neçə il sonra dövlət səviyyəsində xaricdəki diasporamızla işin qurulması ilə bağlı bir sıra işlər görülüb. 2002-ci ilin 5 iyulunda mərhum prezident Heydər Əliyev "Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılması haqqında" Fərman imzalayıb.

Prezidentin 2008-ci il 19 noyabr tarixli 54 saylı Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi yaradılıb.

Dünya azərbaycanlıların bundan əvvəlki 3-cü, 4-cü qurultaylarında Prezident İlham Əliyevin çıxışlarında belə bir məqam var idi ki, dünya ölkələrində bizim səfirliklərlə diaspor nümayəndələrin münasibətlərinin daha da sıxlaşdırılması lazımdır. Məsələn, Prezident açıq irad tutmuşdu ki, bəzi ölkələrdə diaspora rəhbərləri səfirlərlə yola getmir. Səfirliklərlə diaspor arasında problemlər var. Təbii ki, belə hallar pis tendensiyadır. Maraqlıdır, ötən illərdə Prezidentin qaldırdığı bu problem həll olunubmu? Kənardan bu necə görsənir? Bu gün xarici ölkələrdə bizim səfirliklərimizlə diasporun münasibətlərini tam şəkildə normal saymaq mümkündürmü?

Samir Adıgözəlli: “Səfirliklərlə diaspor qurumları arasında ikitirəlik bu gün də davam edir”
Məsələyə münasibət bildirən İSBAM sədri Samir Adıgözəllinin fikrincə, əfsuslar olsun ki, bu sahədə bir sıra ciddi problemlər hələ də qalmaqdadır: “2011-ci ildə keçirilən dünya azərbaycanlılarının 3-cü qurultayında Prezident İlham Əliyev sözügedən problemlərlə bağlı çox ciddi məqamlara toxundu. Bir sıra çağırışlar etdi. Prezident xaricdə yaşayan hər bir azərbaycanlının oradakı diasporun üzvü olduğunu bildirdi. Yəni qeyd etdi ki, belə olmalıdır və səfirliklərlə diaspor təşkilatları arasında olan xoşagəlməz hadisələri ciddi tənqid etdi. Bəyan etdi ki, birgə fəaliyyət koordinasiya olunmalıdır. Ancaq təəssüflər olsun ki, sözügedən problemlər bu gün də var və davam edir. Uzun illərdir diaspor fəaliyyəti ilə məşğulam və bunların şahidiyəm. Biz belə xoşəgəlməz halların yerlərdə şahidi oluruq. Xarici İşlər Nazirliyi yaradılanda nizamnamədə belə bir bənd var ki, səfirliklərdə dispor ataşesi olmalıdır. Yəni, diaspor fəaliyyəti səfirlik vasitəsi ilə əlaqələndirilsin. Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsi yarandıqdan sonra bu fəaliyyət növü səfirliklərdə donduruldu. Bütövlükdə, Rusiya və Ukraynada Azərbaycan diasporunun adına yaraşmayan hadisələr baş verir. Digər ölkələrdə də bu belədir. Bütün bu xoşagəlməz hadisələrdən də erməni lobbisi məharətlə bizə qarşı istifadə edir. Bu gün DİDK kordinasiya şuraları yaradıb. Sözügedən şuraların işi xarici ölkələrdəki səfirliklərimizlə diaspor təşkilatlarının işini kordinasiya etməkdir. Düzdür, ötən illərlə müqayisədə səfirliklərlə diaspor təşkilatları arasında böyük münaqişələr yoxdur. Belə hallar əsasən sabiq xarici işlər naziri Elmar Məmmədyarovun dönəmində daha çox baş verirdi. Təəssüf ki, səfirliklərlə diaspor qurumları arasında ikitirəlik bu gün də davam edir. Burda təkcə səfirliklər günahkar deyil. Eyni zamanda, DİDK-nın da böyük günahı var. Münaqişələrin yaşanmasında DİDK-nın özünəməxsius rolu var. Məsələn, bir tədbir keçirilir və səfirlik çalışır ki, bu barədə mərkəzə məlumat versin. DİDK isə tədbiri öz adına yazmağa çalışır. Belə olan halda, əlbəttə ki, güc parçalanır və ziddiyyətlər artır. Xocalı faciəsinin 30 illiyi ilə bağlı bir tədbir olmalıdır. Ancaq biz görürük ki, XİN öz nüfuzunu güdür, DİDK da öz maraqlarını qabardır. Nüfuz və şəxsi ambisiyalar nəticə etibari ilə diaspor fəaliyyətinə ciddi zərər vurur. Diaspor fəaliyyətində komanda işi yoxdu. Hərə özünü qabağa çəkməyə çalışır. Xocalı ilə bağlı Ukraynada tədbir keçirdik, amma səfirliyimiz orada iştirak etmədi. Ölkənin milli maraqları baxımından bu qədər məsələyə məsulyətsiz yanaşmaq qəbuledilməzdir. İnanın, elə faktlar var ki, onu açıqlamaq olmur. Nizamnamə, dövlət proqramı, ölkə başçısının çağrışları qalır bir kənarda, mənəm-mənəmlik keçir önə. Ona görə də sözügedən problemlər həll olunmadan diaspor fəaliyyətində ciddi uğurdan söhbət gedə bilməz”.

Kamran Ramazanlı: “Ümumən bu sahədə vəziyyət qənaətbəxşdir”
Məsələyə münasibət bildirən "Soydaş" İctimai Birliyinin sədri Kamran Ramazanlının fikrincə, əvvəlki illərə baxanda indi bu sahədə vəziyyət xeyli düzəlib: “İndi diaspora ilə səfirliklər arasında koordinasiyalı iş xeyli yüksəlib. Əvvəlki dövrlərdə bu sahədə koordinasiyalı iş çox aşağı səviyyədə idi. Hətta səfirliklərlə diaspor təşkilatları arasında ciddi konfliktlər var idi. Hazırda belə halların sayı əhəmiyyətli dərəcədə azalıb. Hərənin öz işi ilə məşğul olması müşahidə edilir. Getdikcə bu sahədə problemlər azalır. Ancaq o da var ki, iş olan yerdə hər zaman problem də olur. Yəni problemlərdən tam qaçmaq olmur. Müəyyən yerlərdə problemlər qalır. Ancaq ümumən bu sahədə vəziyyət qənaətbəxşdir”.

Vidadi ORDAHALLI


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi