“Azərbaycanlılar Xankəndiyə, ermənilər isə Gəncə və Bakıya gəlməlidir” – Qulu Məhərrəmli
"Azərbaycan qanunlarını qəbul edərək düşmənçiliyə son verəcəklərsə, ermənilərin cəmiyyətimizə inteqrasiyasısı sürətli gedəcək. Tərəddüd içində olacaqlarsa, proses müəyyən dərəcədə ləngiyərək uzanacaq”.
Bu sözləri Azia.az-a açıqlamasında Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası məqsədilə hansı addımların atılmalı olduğundan danışarkən, siyasi şərhçi Qulu Məhərrəmli deyib:
"Proses vəziyyətdən asılı olaraq sürətlə, yaxud, ləng gedə bilər. Dəfələrlə rəsmi səviyyədə deyildiyi kimi, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlar tədricən cəmiyyətimizə inteqrasiya olunmalıdır. Amma bu inteqrasiya onların içində, şüurlarında başlamalıdır. Birinci növbədə Azərbaycan qanunlarını, onun suverenliyini qəbul etməlidirlər. Həmin ermənilər Azərbaycan hakimiyyət strukturları ilə əməkdaşlığa getməli, özlərini ifadə etməli bələdiyyə, parlament seçkilərində iştirak etməlidirlər”.
Q. Məhərrəmli sözügedən prosesdə fərdlərarası ünsiyyətə başlamağın ən vacib element olduğunu dedi:
"Vaxtilə olduğu kimi, ətrafla, qonşularla gediş-gəliş, ticarət, ünsiyyət, yarışlar təşkil edilməlidir. Azərbaycanlılar Xankəndiyə, onlar isə Gəncə və Bakıya gəlməlidir. Bu kimi üsullarla inteqrasiya olunmaqla düşmənçiliyi, ədavəti aradan qaldırmalıyıq. Ermənilər birdəfəlik unutmalıdır ki, Azərbaycandan torpaq qoparmaq cəhdləri mümkünsüzdür, onun heç bir sonu yoxdur, separatizm yolverilməzdir. II Qarabağ savaşında ermənilərin başı daşdan-daşa dəydi. Onlar sonluğu gördülər. Ona görə də Azərbaycan vətəndaşları olan ermənilər bundan ciddi nəticələr çıxarmalıdır. Məmləkətdə sülh və qarşılıqlı hörmət şəraitində yaşamalıdırlar. Bunun başqa yolu yoxdur”.