azia.az
azia.az

Hamı bilsin ki, Şuşaya getməmişəm - Nazim Sabiroğlu

26-11-2019, 19:13

Hamı bilsin ki, Şuşaya getməmişəm - Nazim Sabiroğlu
Ötən gün “Yeni Müsavat” qəzetinin redaktoru Nazim Sabiroğlunun Şuşadan, vətən həsrətindən bəhs edən bir YAZISI dərc olundu. Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri yekunlaşan ərəfədə N.Sabiroğlunun xəyali Şuşa səfərində “gördükləri” və yazdıqları sosial şəbəkələrdə geniş əks-səda doğurdu. Nazim Sabiroğlu Şuşaya virtual səfərin qeydlərini qələmə almaqla Qarabağdan yenicə qayıtmış jurnalistləri kölgədə qoymuş oldu.


Nazim Sabiroğlu “Şuşada gördükləri” haqqında Modern.az-ın əməkdaşının suallarını cavablandırıb:

- Yazıdan sonra necəsiniz?

- Mən həmin yazı ilə ora getdim. Çox adam Şuşada olmayıb, Orucun xəngəlxanasını, Qaşqayın dükanını tanımır. Bazar başının nə olduğunu bilmir. Amma Şuşa simvoldu, toxunulmaz yerdir. Şuşa gedərsə, Azərbaycan xoşbəxt olmaz. Artıq mən özüm o yazıya inanmağa başlamışam, Şuşaya getdiyimi hiss edirəm.

- Yazıdakı “davamı olmayacaq” qeydinin mənası nədir?

- Mən Şuşadakı dağıdılmış evimizin şəkillərini görmüşəm. Onları internetdən götürüb, saxlayıram. Şuşada armud ağacı var idi, şəhərin bir növ simvolu sayılırdı. Mən ora getmək istəyirdim ki, yazımı həmin qurumuş armud ağacının yanında bitirim. Yarımçıq bitdi, amma davamı olmayacaq. Yazıda qeyd olunan “davamı olmayacaq” ifadəsi həm də bir “pas” idi. Bu o deməkdir ki, yazının bu cür davamı olmayacaq. Biz Şuşanı azad edəcəyik, Şuşa haqqında gözəl yazılar yazacağıq.

Bu yazının səs-küy doğurmasının bir səbəbi də zamanlama məsələsi oldu. Bir-iki ay əvvəl yazsaydım, o qədər də effekti olmazdı. Jurnalistlərin səfəri fonunda bunu yazmağım vacib oldu. Hələ də inanmırlar ki, mən Şuşada olmamışam. Hamı bilsin ki, Şuşaya getməmişəm. Amma onu bilsinlər ki, biz Şuşaya qayıdacağıq, Şuşa erməni tapdağında qalmayacaq.

- Qarabağın yolunu necə görürsünüz?

- Qarabağın yolu ancaq hərbdən keçir. Amma mən heç kimə arzulamıram ki, Qarabağa kiminsə süngüsü, yad baxışları altında getsin. Qarabağa istər jurnalist, istər şuşalı, qarabağlı, istərsə də bir qonaq azad olunanda, öz torpalqarımız kimi gedə bilər.

- Həmkarlarınızdan tənqidlər oldu ki, bunun xəyali səfər olduğu yazıda qeyd edilməli idi. Dedilər, bu yazı tiraj toplamaq üçün bir vasitədir…

- Mən Şuşanı heç vaxt tirajlara qurban verə bilmərəm. Ola bilər, bu jurnalistin bir gedişidir. Mən təsəvvür etməzdim, ən ayıq həmkarlarım belə Şuşada olmadığımı anlamayacaqlar. Amma sevinirəm ki, Azərbaycan cəmiyyəti Şuşa məsələsində bu qədər diqqətlidir.

- Sizə təklif edilsə, ATƏT-in təşkilatçılığı ilə Qarabağa gedərsinizmi?

- 2011-ci ildə “525-ci qəzet”də müsahibə vermişdim ki, mən heç vaxt jurnalist kimi işğal olunmuş Qarabağa gedə bilmərəm. İndi mənə şərhlər yazırlar ki, bəs nə oldu sözünü tutmadın. Yazının virtual səyahət olduğunu anlamayanlar bunu yazırdılar. Bu yazı mənim bir etirazım, üsyanımdır. Mən Qarabağa getmərəm. Mən heç kimə də arzulamaram ki, işğal olunmuş Şuşaya, Xankəndinə, Kəlbəcərə getsin. Mənə maraqlıdır ki, ora gedən jurnalistlər nə yazacaqlar? Ermənilərin isə nə yazacağı aydındır. Onlar heç vaxt bizi tərifləməyəcəklər.

Mən illərdir ki, Şuşanı yuxumda belə görmürəm. Biz qarabağlıların yaxşı tanıdığı İlham Fətəliyevi xatırladım. O zamanlar Şuşada dövlət idarəsində işləmişdi. İlham Şuşaya getdi, qayıtdı, hələ də özünə gələ bilmir. Onun ürəyinə stend qoydular, canı ağrıdı. Mən İlhamı ildə bir dəfə görürəm, amma havalı görürəm. Bütün uşaqlığı, gəncliyi Şuşada keçən birinin sonradan Şuşanı o vəziyyətdə görməsi… Ona görə, mən inanmıram ki, mənim qardaşım, yaxınlarım, qohumlarım da Şuşaya gedə bilsinlər. Biz Şuşaya bu cür getməyəcəyik.

- Qarabağdan qayıdan jurnalistlərə nə sual verərsiniz?

- Niyə getmişdiniz? Əslində bu seçimin necə olması da maraqlıdır. Heç olmasa bir qarabağlı jurnalistə təklif edərdilər ki, bəlkə sən gedəsən? Azərbaycanda torpağı işğal olunmuş, tanınan jurnalistlər var. Niyə məhz həmin jurnalistləri seçiblər? Bu mənim üçün maraqlıdır.

- Sizcə, ermənilərin Azərbaycana gəlməsi düzgündürmü?

- Qarabağ erməniləri Azərbaycana gəlməlidirlər. Ermənistan vətəndaşları bizim vətəndaşlarımız deyillər. Onların bizə heç bir xeyri yoxdur. İnkişafımızı görsələr, paxıllanacaqlar. Amma mən Qarabağ ermənilərinin Azərbaycana gəlməsinin tərəfdarıyam. Çünki Xocavənddə, Şuşada veyillənən erməniləri Bakıya gətirsinlər ki, bax Bakı budur, sizin paytaxtınız bu şəhərdir. Buranı gəzsinlər, Gəncəyə getsinlər…

- Qarabağ erməniləri də eyni millətin təmsilçiləri deyilmi?

- Əslində bu da düzdür. Amma ermənilər dırnaqarası xoşbəxtdirlər, çünki ac da, susuz da qalsalar, hələ ki Şuşa kimi bir cənnətdə yaşayırlar. Müəyyən müddət qoy, bu cənnətdən zövq alsınlar.

- Jurnalistlərin qarşılıqlı səfərlərinin münaqişənin həllinə xeyri varmı?

- Heç bir xeyri yoxdur. Məsələn, tutaq ki, mən ürəyimə ürək bağladım, üzümə üz bağladım, Şuşaya getdim. Gəlib bir yazı yazdım. O yazının effekti necə olacaq? Mənə nə deyəcəklər? Kimin üzünə baxa bilərəm ki, deyəcəkkər, yekə adamsan, Şuşaya gedib, bu nə yazıdır, yazıb gətirmisən? Ermənilər gedib yazarlar, Azərbaycandakı inkişafdan danışarlar, nöqsanları da bəlkə qeyd edərlər. Amma bütün bunların heç bir xeyri yoxdur.

Həmin jurnalistlərin əmək kitabçasını, Azərbaycan jurnalistikasında nə dərcədə tanındıqlarını bilmirəm. Yazılarına bağlıdır, görək onlar nə yazacaqlar ki, Azərbaycan cəmiyyətində 5 nəfərin fikrini dəyişsin? Görək onlar Azərbaycan cəmiyyətinə nə göstərə biləcəklər ki, qarabağlılar gedib ermənilərlə birlikdə yaşamağı ağıllarına gətirsinlər?


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi