AMEA-da şair Vaqif Aslanın 75 illik yubileyi qeyd edilib
AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən Azia.az-a verilən məlumata görə, İyunun 24-də Azərbaycan Milli Elmlər Akademiyasında tanınmış şair-dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin rəhbəri Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşkilatçılığı ilə baş tutan əlamətdar tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Türkiyə Respublikasının Azərbaycandakı səfiri Birol Akgün, alimlər, ziyalıları, şəhər kitabxanalarının əməkdaşları və məktəblilər iştirak ediblər.
Tədbiri giriş nitqi ilə açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli şair-publisist Vaqif Aslanın zəngin yaradıcılıq irsindən, onun Azərbaycan ədəbiyyatında tutduğu özünəməxsus yerdən, milli dəyərlərə bağlılığından və oxucu ilə səmimi ünsiyyət quran ədəbi üslubundan bəhs edib. Akademik qeyd edib ki, Vaqif Aslan Azərbaycan poeziyasında ictimai fikrə üstünlük verən nadir sənətkarlardan biridir.
O, Vaqif Aslanın yaradıcılığını Xalq şairi Bəxtiyar Vahabzadənin əsərləri ilə müqayisə edərək, şairin şeirlərindəki vətəndaş mövqeyinin, milli-mənəvi özünüdərkin və milli köklərə bağlılıq ruhunun dərinliyini xüsusi vurğulayıb. Akademik İsa Həbibbəyli şairin tarixi mövzuda, tarixi motivlər əsasında yazdığı əsərlər içərisində “Ruhlarla danışan adam” poemasını xüsusi vurğulayaraq, bu əsərdə milli yaddaşın poetik dildə ifadəsini yüksək dəyərləndirib. Həmçinin “Aydın” poemasının milli istiqlal uğrunda mübarizədən bəhs edən ciddi ictimai məzmunlu bir əsər olduğunu bildirib.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Vaqif Aslan yaradıcılığa Sovet dövründə başlayıb və onun sənətkarlığı müstəqillik dövründə daha da inkişaf edərək zirvəyə yüksəlib. Çıxışının sonunda akademik İsa Həbibbəyli şairi yubileyi münasibətilə təbrik edərək, ona yeni yaradıcılıq uğurları arzulayıb.
Sonra Türkiyə Respublikasının Azərbaycandakı səfiri Birol Akgün çıxış edərək bu günlərdə AMEA və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpoziuma diqqət çəkib, bu kimi elmi-mədəni əməkdaşlıqların iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib. Səfir Vaqif Aslanın yaradıcılığında Türk dünyası dəyərlərinə verilən önəmi təqdir edib. Vaqif Aslanın əsərlərindən sitat gətirən səfir, şairin yaradıcılığında insan arayışının, insanı anlama cəhdinin əsas xətt olduğunu vurğulayıb. O, Vaqif Aslanın timsalında hər bir yaradıcı insana sahib çıxmağın hər kəsin vəfa borcu olduğunu ifadə edib.
Daha sora Yasamal rayon MKS-nin direktoru tarix elmləri üzrə fəlsəfə doktoru Lətifə Məmmədova çıxışında şairin 75 illik yubileyi münasibətilə Mahmud Kaşğarlı adına Beynəlxalq Fondun layihəsi əsasında hazırlanmış “Ruhlarla danışan adam” kitabı haqqında məlumat verib. Bu fundamental əsərdə elm, ədəbiyyat və mədəniyyət adamlarının, həmçinin ictimai xadimlərin şairin zəngin yaradıcılığı ilə bağlı məqalələrinin yer aldığını bildirib.
Tədbirdə akademik İsa Həbibbəyli şair Vaqif Aslana Ədəbiyyat İnstitutunun “Fəxri dostu” diplomunu təqdim edib.
Səfir Birol Akgün isə şairə üzərində aypara və ulduz təsvir edilmiş rəmzi mantiyanı hədiyyə edərək, ona dərin hörmət və ehtiramını ifadə edib.
Sonda şair Vaqif Aslan tədbirin təşkilatçılarına və iştirakçılara dərin minnətdarlığını bildirib, bu əlamətdar gündə göstərilən diqqət və ehtirama görə təşəkkür edib.
Tədbir bədii hissə ilə davam edib.