“Şahdağ” adıyla satılan gölməçə suları - Qanun yoxdur, aidiyyəti qurumlarsa susur...
E. Hüseynov qeyd edib ki, bu cür halların qarşısını almaq üçün qanun olmalıdır
Hazırda paytaxtda "Şahdağ", "Bonaqua", "Badamlı", "Sirab", "Aquavita", "Damla", "Slavyanka", "Kəhriz" və sairə adlarda sular satılır. Ancaq bu suların əksəriyyətinin adları ilə doldurulma mənbələri tərs mütənasiblik təşkil edir.
Məsələn, "Şahdağ" suyunun yalnızca adı Şahdağdır. Suyun özü isə Sulutəpə massivində doldurulur. Müəssisə rəhbərliyi suyun Şahdağdan gətirilib, burada - "Şamaxı şossesi-5" ünvanında qablaşdırıldığını desə də, istifadəçilərin çoxu, bunun əksini deyir. Bidirirlər ki, qablara adi sular doldurulur. Hətta daha çirkli suların, "gölməçə suları”ndan istifadə edilməsi iddiası da var. Sosial şəbəkələrdə də istehlakçılar tez-tez aldıqları malın yararsız olduğu barədə məlumatlar yazıb fotolar paylaşırlar.
Bu dəfə Tural adlı "Facebook” istifadəçisi 10 litrlik plastik qablaşdırmada olan "Şahdağ" suyundan narazılığını belə ifadə edib: "Nə qədər mənliksiz olasan ki, "krant suyundan" qat-qat bərbad bir suyu qablaşdırıb insanlara satasan. Krant suyunun çöküntü vermədiyi halda çöküntü verən "Şahdağ" suyudur. Hətta üstünə yazılan nömrə də avtomatik məşğula qoyulub”.
“Şahdağ” adıyla satılan gölməçə suları - Qanun yoxdur, aidiyyəti qurumlarsa susur...
“Şahdağ” adıyla satılan gölməçə suları
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov BakiPost.az-a açıqlamasında həqiqətən də "Şahdağ" suyunun çirkli və qanunla qadağan olunmuş qaydada doldurulma faktlarının olduğunu bildirib: "Azərbaycanda brend suların çox saxta variantları da var. Hətta həmin qabları krant suyu ilə doldursalar, yaxşıdır. Çünki krant suyu xeyli təmizdir. Çox təəssüflər olsun ki, qabların daha çirkli sulardan doldurulma faktları var. Xüsusən də, böyük qablarda olan sularda çox böyük aldatmalar olur. Həmin saxta suların harada doldurulduğu mənə məlum deyil. Amma bizə Sumqayıt sakinindən "Şahdağ”ın balaca qabda olan suyundan şikayət daxil olub. Su həddindən artıq üfunət iyi verirdi. Şikayətçi bizə də həmin suyun nümunəsini göndərdi. Məlum oldu ki, onun şikayəti əsassız deyil. Mən də bu məsələni araşdırmaq üçün İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məktub göndərmişəm. Dövlət orqanlarından araşdırma gözləyirik”.
E. Hüseynov qeyd edib ki, bu cür halların qarşısını almaq üçün qanun olmalıdır: "Ölkədə Qidanın Təhlükəsizliyi haqda qanun yoxdur. Həmçinin İstehlakçıların Müdafiəsi haqda qanun da zəif işləyir. Lazımi qurumlar bu cür məsələlərdə fəal olmalıdır. Onlar Azad İstehlakçılar Birliyi ilə daha sıx şəkildə işləməlidirlər”.