azia.az
azia.az

“Tamaşa vaxtı övladı tələf oldu, ilan sancsa, da roluna davam elədi,…”

4-05-2022, 08:17


Kulis.az Xalq artisti Nübar Novruzova haqqında maraqlı faktları təqdim edib.
“Tamaşa vaxtı övladı tələf oldu, ilan sancsa, da roluna davam elədi,…”
Nübar Qulu qızı Novruzova 1958-ci ilin martın 8-də Naxçıvanda anadan olub. Uşaqlıqdan aktrisa olmağı arzulasa da, ailəsi onun bu istəyi ilə razılaşmayıb. Naxçıvanda, orta məktəbdə oxuyanda onu Naxçıvan Televiziyasının ekranlaşdırdığı bir filmdə kiçik rola çəkirlər. Həmin filmdən sonra müəllimləri ona deyirlər ki, səndən gözəl aktrisa olar. Həmin vaxt musiqi məktəbində fortepiano sinfinə gedən aktrisanın atası da onun musiqiçi olmağını istəyirmiş.

Nübar müəllimlərinin istəyi ilə sənədlərini İncəsənət İnstitutuna verir və qəbul olunur. 1979-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyoru fakültəsini bitirir. Universitetdə oxuyarkən Adil İsgəndərov, Rza Təhmasib və Zəminə Hacıyeva kimi pedaqoqlardan təhsil alır. Aktrisa həmin güləri belə xatırlayır:

“Heç yadımdan çıxmaz, mən imtahana girəndə müəllimlər baxıb gülürdülər, mənsə özümü itirmişdim ki, görəsən, nəyə gülürlər. Gah əlimlə paltarımı düzəldirdim, gah da saçımı. Sən demə, məndən xoşları gəldiyi üçün gülürlərmiş. Müəllim sarıdan bəxtim çox gətirib. İnstitutda da oxuyanda həmişə baş rolları mənə verirdilər. İnstitutu bitirəndə Həsən Seyidbəyli, Tofiq Kazımov, Mehdi Məmmədov və bir çox tanınmış sənət adamları mənim diplom tamaşalarıma baxmışdılar. Tofiq Kazımov mənə “Şöhrət və unudulan adam” tamaşasında rol verdi. İstəyirdilər ki, mən “Azdrama”ya gedim. Amma mən Gənc Tamaşaçılar Teatrını seçdim. Ona görə ki, boyum balaca idi. Düşünürdüm ki, boyu balaca aktrisa Akademik Milli Dram Teatrında gedib nə edəcək? İndi orda balaca boy aktrisalar var. O zaman yox idi. Şəfiqə Məmmədova, Amaliya Pənahova orda idi. Mən televiziyada mərhum böyük sənətkarımız Yusif Vəliyevlə bir tamaşada oynadım. O mənim əlimdən tutub Gənc Tamaşaçılar Teatrına gətirdi”.

Beləliklə, aktrisa 1980-ci ilin iyul ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyor heyətinə qəbul edilir. Yorulmadan çalışan aktrisa az vaxt ərzində teatrın aparıcı aktrisası olur, baş rollarda müvəffəqiyyətlə çıxış edir. Aktrisanın ən uğurlu rolu Tariyel Vəliyevin quruluşunda hazırlanan “Geriyə yol yoxdur” tamaşası olur. Orada Kamal Xudaverdiyevin qızı rolunu canlandırır.

***

“Sən nə üçün yaşayırsan?”, “Sən həmişə mənimləsən”, “Aydın”, “Oliver Tvistin macəraları”, “Viktoriya”, “Əcəl atı”, “İtalyansayağı xoşbəxtlik”, “Ağ ölüm”, “Ana” tamaşalarında, “İmtahan”, “Kuklalar”, “Qəm pəncərəsi”, “Qızıl uçurum”, “Qəzəlxan” filmlərində maraqlı rollar ifa edib.

Bu tamaşadan sonra Nübar “Bir ailədə” adlı tamaşada oynayır və uğur qazanır. Xalq artisti Səməndər Rzayev bu tamaşadan sonra onu öpüb deyir: “Azərbaycan səhnəsinə yeni bir istedad gəlib”.

***

Aktyor Gənc Tamaşaçılar teatrına işə düzələndə, oranın binası sökülür, təmirə başlanır. O, “Aktyor Evi”ndə, Mədəniyyət Sarayında məşqlər edir. Əsasən də, qastrollara gedir və gecə-gündüz işləyir. O zaman teatrın bəzi aktrisaları analıq məzuniyyətində olduğundan teatrın bütün yükü onun üzərinə düşür. Ancaq onun əmri verilmir. Heç maaş da almır. Televiziya verilişlərinə çəkilir, qonorarla yaşayır. Evi olmur, kirayələrdə yaşayır. Düz bir il sonra isə maaş alır.

Nübar xanım çox gözəl olduğundan gəncliyində baş rollar ona həvalə olunur. Aktrisa həmin illəri xatırlayarkən deyir:

“Desəm ki, gözəl olmuşam, bu, düzgün olmaz, mənim haqqımda başqaları nəsə deyə bilər. Şəkillərimi göstərə bilərəm. 1981-ci ildə Leninqradda keçirilən gözəllik fotomüsabiqəsinin qalibi olmuşam. O yarışmaya bütün ölkələrdən qızlar qatılmışdı. Sizə bir söz deyim də, o vaxtlar indiki kimi gonbul deyildim. Dərzilər mənim bədən ölçülərimi götürəndə təəccüblənir və deyirdilər ki, sənin ideal ölçülərin var. Bircə problemim vardı: boyumun balacalığı. Amma boyuma görə də bədən ölçülərim vardı. Mən qrim otağına girəndə hamı gizlincə mənə baxırdı. İndi o günlərin həsrətini çəkirəm. Bizim qrimçimiz vardı, Sara xala, otağında bir mənim şəklimi vurmuşdu, bir də Ornella Mutinin. Mən onun otağına girəndə o şəkilləri dəyişik salırdım. Bilmirdim ki, hansı mənəm. İlk dəfə elə bildim ki, Ornellanın da şəkli mənim hansısa tamaşadan çəkilən şəklimdir. Özündən soruşdum ki, Sara xala, bu, hansı tamaşadan çəkilən fotodur? Qayıtdı ki, bu, Ornella Mutidir, səni bu aktrisaya bənzədirəm. Bilmirəm, gəncliyimə görə idi, ya gözəlliyimə, sənətimə görə, nədənsə, məni çox istəyirdilər. Yaxınlaşan hər kəs məni “krasotka” deyə çağırırdı. O müsabiqədən sonra məni çox gözəllik müsabiqələrinə dəvət etdilər, amma getmədim”.

Aktrisa bir az gec ailə həyatı qurur və analıq məzuniyyətinə çıxır. Ana olmağa hazırlaşdığı günlərin birində səhnədə rolunu canlandıran zaman vəziyyəti pisləşir. Həkim müayinəsindən sonra məlum olur ki, aktrisanın bətnindəki uşaq tələf olub. Bir müddət sonra növbəti dəfə ana olmağa hazırlaşan aktrisa ağır qəza keçirir. Və ikinci övladını da itirir. Uzun illər analıq hissindən məhrum olan aktrisa bir də bu səadətə qırx yaşında çatır. Onun bir qızı dünyaya gəlir.

***

Övladı doğulandan sonra teatra qayıdanda ona qarşı birmənalı münasibət olmur. 45 yaşlı aktrisaya “niyə gəlmisən” sualını verirlər. Əvvəl oturduğu qrim otağında oturmasına imkan vermirlər.

Gənclik illərində teatrda hər kəsin həsrətində olduğu Kleopatra rolunu canlandırıb. Çəkiliş zamanı səbətdə üç ilan gətirirlər. Kənd qızı olmağına, at çapmağına baxmayaraq, Nübar xanım ilandan bərk qorxur. İlanları görəndə, onu əsməcə tutur, qorxuya düşür. Ancaq sonradan rolun təsirinə necə düşürsə, əl atıb ilanı götürür və sinəsinə qoyur. Aktrisa rolunu ifa edən zaman ilan onun sinəsini sancır, ancaq o, rolunu yarımçıq saxlamır, davam etdirir.

***

Bir dəfə isə Elçinin “Qar qız” tamaşasında o, Qar qızı canlandırır. Külək rolunu oynayan aktyor onu götürüb necə fırladırsa, Nübar xanım səhnə kənarındakı işıqların üstünə, ordan isə salona düşür. Əzilsə də, ayağa qalxıb roluna davam edir. Nübar xanımın sözlərinə görə, dünyasını dəyişən həmin aktyor bu hərəkəti başqa bir aktrisanın istəyi ilə yerinə yetirmişdi ki, Nübar zədə alsın.

Aktrisanın sözlərinə görə həsrətində olduğu rolların çoxunda iştirak etmək ona qismət olmayıb:

“Süküt divarı” adlı bir tamaşa var, həmişə o tamaşada oynamaq istəmişəm. Onda cavan qız idim, Naxçıvan Teatrı bu tamaşanı Bakıda Aktyorlar Evində göstərmişdi. Əsas rolda da Zemfira Əliyeva oynayırdı. Mən bu tamaşanı həm Naxçıvanda, həm də Bakıda görmüşdüm. 19 yaşım vardı və düşündüm ki, kaş müəyyən yaşa çataydım, bu ana rolunu oynayaydım. Artıq o yaşa çatdım, amma o tamaşanı teatrdan yox elədilər. Arzuladığım və möhür vura biləcəyim rollar çox olub, amma mənə verməyiblər”.

Xalq artisti, həmkarı Gülnar Salmanovanın yas mərasiminə qatılan zaman dediyi sözlərlə sanki həm də vəsiyyət edib:

“Dəyərli həmkarlarım Nuriyyə Əhmədova, Gülnar Salmanova vəfat etdi. Yəqin, növbə bizə çatıb. Mən vəfat edəndə heç kimin yas mərasimimə gəlməyini istəmirəm. Yanımda ancaq qızım olsun. Qızıma da tapşırmışam ki, gələnləri qapıdan qovsun. Baş daşı da qoyulmasını istəmirəm, məni sakitcə aparıb basdırsınlar”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi