azia.az
azia.az

Doğuşun təbii stimulyasiyası

21-10-2021, 08:24

Bəzən hamiləliyin hətta 40-cı həftəsi tamam olur, lakin körpə doğulmağa "tələsmir".
Doğuşun təbii stimulyasiyası
Bu halda qadınların əksəriyyəti narahat olmağa başlayır, qorxur, ki uşaq həlak olacaq, xəstə doğulacaq və s. Əksər hallarda belə narahatçılıq üçün heç bir ciddi səbəb olmur. Bəzən körpənin "gecikməsinin" səbəbi hamiləliyin müddətinin düzgün hesablanmamasında olur, bəzən körpə hələ doğulmaq üçün tam hazır olmur (axı bütün uşaqlar eyni inkişaf etmir!) və s. İrsiyyət də buna böyük təsir edir. Əgər sizin yaxın qohumlarınız (ana, nənə, bibi, xala) hamiləliyin 40-ci həftəsindən sonra uşaqlarını dünyaya gətirirdilərsə, çox güman ki, sizdə də bu mümkündür.

Əgər hamiləliyin 40-cı həftəsi tamam olubsa, lakin doğuş başlamırsa, mütləq həkimə müraciət edin. Həkim sizi müayinə edəcək (uşaqlıq boynunun vəziyyəti, uşağın ürək döyünməsi və s.), USM-nə göndərəcək. USM zamanı uşağın inkişafını və həmçinin ciftin yetkinləşmə dərəcəsini görmək mümkündür. Sizin və körpənizin vəziyyətindən asılı olaraq həkim sizə doğum evində qalmaq və ya evə qayıdıb bir qədər də gözləmək tövsiyə edəcək.

Ev şəraitində doğuşu təbii stimulyasiya etmək olar. Lakin bunu etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin.

Doğuşun təbii stimulyasiyası o zaman tətbiq oluna bilər ki, doğuşun bu yaxınlarda başlanmasının əlamətləri artıq meydana çıxıb, lakin doğuş sancıları bu və ya digər səbəblərə görə başlamır.

Bu əlamətlərin arasında:

- uşaqlıq boynunun yetişməsi (bunu həkim müayinə zamanı təyin edir),

- uşağın başının kiçik çanağa düşməsi (bu zaman qarın da aşağı düşür, qadın daha rahat nəfəs almağa başlayır),

- uşaq daha passiv olur, daha az hərəkət edir,

- uşaqlıq boynundan selikli tıxacın çıxması (hamiləlik zamanı bu tıxac uşaqlığı infeksiyaların düşməsindən qoruyur, doğuşa yaxın isə çölə çıxır),

- ananın bədən çəkisin 0,5-1 kq azalması,

- tezləşmiş sidik ifrazı,

- beldə dartıcı ağrıların əmələ gəlməsi.

Yuxarıda sadaladığımız vəziyyətlər doğuşun yaxınlaşmasına işarə edir. Bu halda həkimin icazəsi ilə doğuşun təbii stimulyasiya üsullarından istifadə etmək olar. Bu üsulların arasında:

- Fiziki yükləmələr (təbii ki, həddən artıq olmamalıdır). Evdə təmizlik işləri aparmaq, uzun müddət ərzində açıq havada gəzmək, pilləkənlə qalxmaq, hamilə qadınlar üçün olan xüsusi bədən tərbiyyəsi ilə məşğul olmaq, rəqs etmək və s. kimi fiziki aktivlik doğuşu tezləşdirə bilər. Nənələrimizdən məsləhət - döşəməni şvabrasız, əyilmiş vəziyyətdə əllə silmək. Ağır əşyaları qaldırmaq və daşımaq olmaz - bu ciftin qopmasına və güclü qanaxmaya səbəb ola bilər!

- Döş gilələrinin massajı qadın orqanizmində oksitosin hormonun ifrazını stimullaşdırır. Bu hormon isə öz növbəsində uşaqlığın yığılmasını və doğuşun başlanmasını təmin edir.

- Hamiləliyin bəzi dövrlərində həkimlər cinsi əlaqələrin məhdudlaşdırmağı və ya onlardan tam imtina etməyi tövsiyə edir. Lakin doğuş gecikirsə, cinsi əlaqə doğuşun tezləşməsinə kömək edə bilər. Məsələ burasındadır ki, kişilərin spermasında xüsusi maddələr "prostaqlandinlər" var ki, onlar uşaqlıq boynunu yumşaldır. Digər tərəfdən bu zaman qadının orqanizmində oksitosin hormonu ifraz olunur, kiçik çanaqda qan dövranı güclənir. Bütün bunlar isə doğuşu stimullaşdırır.

- Bağırsaqların fəaliyyətinin artması da uşaqlığa da təsir edir ki, uşaqlıq yığılmağa başlayır. Tərəvəz salatların (kələm, çuğundur, göyərti və s.), təzə meyvələrin qəbulu bağırsaqların fəaliyyətini stimullaşdırır.

- Kontrast duş (isti və soyuq suyun növbələşməsi) qan dövranı sürətləndirir və uşaqlığın yığılmasına təkan verə bilər.

- Psixoloqlar analara belə bir məsləhət verirlər. Əgər uşaq doğulmağa "tələsmirsə", ana körpə ilə daha tez-tez "danışmalıdır" ("biz səni çox istəyirik, sənin bu dünyaya gəlməyini səbirsizliklə gözləyirik" və s.), qarnını sığallamalıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi