Hamiləlikdə nələri yemək olmaz?
Azia.az xəbər verir ki, Hamiləlik dövründə ən vacib məsələ ananın qidalanmasıdır. Hamilə necə gəldi yox, nizamlı, qaydalar əsasında qidalanmalıdır. Hamilələr hansı qidalara üstünlük verməlidir?
Bu müddətdə nələri yemək olmaz?
"Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsinin (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) hamilələlərin qidalanmasına dair hazırladığı bəzi məsləhətləri təqdim edirik:
Hamiləlik dövründə düzgün qidalanma ana olmaq istəyən hər bir qadının başlıca vəzifələrindən biridir. Çünki embrion, sonra isə döl öz inkişafı üçün lazım olan qida maddələrini yalnız ana orqanizmindən alır.
İlk növbədə hamilə qalan hər bir qadın zərərli vərdişlərindən əl çəkməlidir. Hamilə qadının alkoqol və siqaret istifadə etməsi körpədə ağır inkişaf qüsurları, qəfil ölüm sindromu, gələcəkdə isə kobud davranış pozuntuları ilə nəticələnə bilər.
Belə bir yanlış fikir var ki, hamilə qadın iki nəfərlik qida rasionu qəbul etməlidir. Təcrübədə bu cür yanaşma uğursuzluqla başa çatır - qadın artıq kilo alır, hamiləliyin gedişi və doğuş çətinləşir, doğuşdan sonra isə artıq çəkidən azad olmaq mürəkkəb bir problemə çevrilir. Hamiləlik zamanı çəki artımı 10-12 kq təşkil etməlidir.
Normadan artıq qidalanma və uzun müddətli aclıq fasilələri arzuolunmazdır.
Sutkalıq rasionunuzda 1,5-2 litr təmiz içməli su olmalıdır ki, böyrəklər və qaraciyərin üzərinə düşən yük azalsın, lakin ödemlərin inkişafının qarşısını almaq üçün hədsiz çox maye qəbul etmək olmaz.
Qida məhsulları mümkün qədər təbii olmalıdır. Konservantlar, emulqatorlar, aromatizatorlar əlavə olunmuş qidalardan uzaq durun.
Hamilə qadının menyüsündə energetik cəhətdən balanslaşdırılmış, mineral və vitaminlərlə zəngin qida (ət, balıq, meyvə-tərəvəz, süd məhsulları, çörək, sıyıqlar) təşkil etməlidir. Bəzi qida maddələrinin rasionda olmaması xoşağəlməz nəticələrə səbəb ola bilər.
Məsələn, hamiləlik boyu menyüsündə zülal çatışmazlığı olan qadının uşağı gələcəkdə arterial hipertoniya, piylənmə, şəkərli diabet kimi xəstəliklərlə üzləşə bilər. Gündəlik rasionunuzda 150 qr qədər yağsız ət heyvani zülallara olan tələbatınızı ödəyə bilər. Zülal və yağlara olan tələbatın ödəniləməsi üçün gün ərzində 200 qr inək südü qəbul edilə bilər. Bunun yarısını hazırladığınız sıyıqlara əlavə edə bilərsiz, qalan yarısını isə içə bilərsiz.
Hamiləlik dövründə qazlı içki, dondurma, qatılaşdırılmış süd, "fast fud" və tortlardan imtina etməniz həm sizin, həmdə uşağınızın sağlamlığına müsbət təsir göstərər.