Azia.az xəbər verir ki,Külli miqdarda aksiz markasız siqaret aşkar olunub.Dövlət başçısının vergidən yayınma hallarına son qoyulması, “kölgə” iqtisadiyyatının aradan qaldırılması, şəffaflığın təmin edilməsi, vergi ödəyicilərində uçotun düzgün aparılması və vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsi ilə bağlı göstərişlərinə uyğun olaraq, Vergilər Nazirliyi nəzarət tədbirlərini davam etdirir. Cari il ərzində həyata keçirilən araşdırmalar və vergi nəzarəti tədbirləri zamanı alkoqollu içkilərin və tütün məmulatlarının istehsalı və satışı sahəsində ciddi qanun pozuntularının olması, o cümlədən cinayət tərkibli əməllərə yol verilməsi, böyük həcmdə qanunsuz dövriyyənin və külli miqdarda vergidən yayınma hallarının mövcud olması ilə bağlı faktlar qeydə alınıb.
Növbəti nəzarət tədbiri Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rəhimov küçəsi, 190 ünvanında yerləşən ərzaq mağazasında keçirilib. Vergi nəzarəti tədbiri zamanı müəyyən edilib ki, adı çəkilən şəxslər aksizsiz tütün məmulatlarını və alkoqollu içkiləri satış üçün saxlamaq və satışını təşkil etmək məqsədi ilə mağazada gizli saxlanc yerləri quraşdırıblar. Tədbir zamanı həmin gizli saxlanc yerləri müəyyən edilərək, külli miqdar təşkil edən aksizsiz tütün məmulatları və alkoqollu içkilər aşkarlanıb və müvafiq sənədləşmələr aparıldıqdan sonra həmin mallar götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 213-1.3-cü maddəsi ilə (Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı) cinayət işi başlanılıb və 3 şəxs saxlanılıb.
Vergilər Nazirliyi bildirir ki, aksiz markası olmayan və ya saxta aksiz markası ilə markalanmış məhsulların satışı, aksiz markalarının saxtalaşdırılması, istehlak bazarına qeyri-
qanuni istehsal olunmuş məhsulların çıxarılması qanunvericiliklə qadağandır və vergi orqanları belə halların qarşısının alınması istiqamətində tədbirləri sistemli şəkildə davam etdirəcək. Vergilər Nazirliyi alkoqollu içki istehsalçılarını və satıcılarını aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırır.
Aybəniz Abdulova