azia.az
azia.az

Sahibkarlar dövriyyələrini necə «kiçildir»...

17-11-2018, 09:28


Ticarət, ictimai-iaşə, tikinti və hətta bəzi istehsal sahələrində dövriyyələrin azaldılması hallarına daha çox rast gəlinir

Vergidən yayınma halları ilə bağlı son zamanlar aparılan təhlillər bu cür pozuntuların xarakterini və daha çox hansı sahələrdə baş verdiyini müəyyənləşdirməyə imkan verir. Aparılan təhlillər göstərir ki, sadələşdirilmiş verginin əhatə dairəsinin genişləndirilməsindən sui-istifadə edən bəzi sahibkarlar dövriyyələrinin həcmini kiçiltməklə, ortada olan pul vəsaitlərini ayrı-ayrı kiçik müəssisələrin adına rəsmiləşdirərək özlərini sadələşdirilmiş vergi ödəyicisi kimi təqdim etməyə çalışırlar. Başqa sözlə, onlar vergidən yayınmağın yeni üsulu kimi, dövriyyələrin bölüşdürülməsindən istifadə edirlər.
Aparılan təhlillər göstərir ki, belə hallar əsasən iri ticarət şəbəkələrində, ictimai-iaşə xidməti obyektlərində və bəzi istehsal sahələrində qeydə alınır. İstehsal müəssisələri arasında dövriyyələrin gizlədilməsi və ya bölüşdürülməsi hallarının həcminin gizlədilməsi alkoqollu içkilərin emalı müəssisələrində daha çox rast gəlinir. Bunu son vaxtlar həyata keçirilən nəzarət tədbirlərinin nəticələri də təsdiq edir. Məlum olub ki, alkoqollu içkilərin istehsalı ilə məşğul olan bəzi vergi ödəyiciləri tərəfindən istehsalın həcminin gizlədilməsi, saxta aksiz markalarından istifadə etməklə istehlak bazarına qeyri-qanuni məhsulların çıxarılması, aksiz markalarının dəyişdirilməsi hallarına yol verilir. Məsələn, müəssisələrdə şərab istehsal olunmadığı halda, xarici görünüşünün fərqlənməməsindən yararlanaraq, şərab məhsulunun üzərinə vurulduğu bəyan edilən aksiz markaları (vergi dərəcəsi 1 litr üçün 10 qəpik) vergi dərəcəsi 20 dəfə ondan çox olan araq şüşəsinin üzərinə yapışdırılaraq satışa çıxarılır. Həmçinin, istehsal prosesində kiçik həcmli (100 qr. və 250 qr.) şüşə tarasından istifadə olunduğu bəyan edilsə də, reallıqda aksiz markaları daha böyük həcmli taralara yapışdırılır.
Yeri gəlmişkən, bu məsələni Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vergilər naziri Mikayıl Cabbarov da gündəmə gətirmişdi. Nazir iclasdakı çıxışında sadələşdirilmiş verginin ödəyiciləri olan sahibkarların sui-istifadə hallarına yol verdiyini, bəzi iri vergi ödəyiciləri tərəfindən dövriyyələrin «parçalanması» üçün cəhdlər edildiyini söyləmişdi: «Kifayət qədər dövriyyəyə malik, böyük əməliyyatlar aparan bir sıra iri vergi ödəyiciləri tərəfindən dövriyyələrin «parçalanması», müxtəlif yollarla sadələşdirilmiş vergitutma rejimində qalmaqla vergidən yayınmaq üçün cəhdlər edilir...».
Nazirlər Kabinetinin sonuncu iclasında Prezident İlham Əliyev vergi sistemi qarşısında duran prioritet məsələlərdən bəhs edərkən vergi qanunvericiliyinə əməl olunmasının vacibliyini, vergilərin tam şəkildə dövlət büdcəsinə ödənilməsini, vergidən yayınma hallarına son qoyulması istiqamətində qətiyyətli tədbirlərin həyata keçirilməsini xüsusi vurğulamışdı.
Qarşıya qoyulan vəzifələrin icrasının təmin edilməsi məqsədilə Vergilər Nazirliyi tərəfindən bu sahədə təhlillər aparılaraq vergidən yayınma hallarının baş verdiyi əsas sahələr müəyyənləşdirilib. Əldə edilən məlumatlar belə bir qənaətə gəlməyə əsas yaradır ki, alkoqollu içkilərin istehsalı və satışı ilə məşğul olan müəssisələrdə ciddi qanun pozuntularına, o cümlədən cinayət tərkibli əməllərə yol verilir. Bu səbəbdən, Vergilər Nazirliyində alkoqollu içkilərin qanunsuz dövriyyəsi ilə mübarizə istiqamətində əməli tədbirlərin həyata keçirilməsinə başlanılıb. Nazirlik spirtli içki istehsalçılarına və satıcılarına xəbərdarlıq edərək, onları aksiz markası olmadan, yaxud saxta aksiz markası ilə markalanmış məhsulların satışını dərhal və könüllü şəkildə aradan qaldırmağa, qeydiyyatda olduqları vergi orqanına vergidən yayınmaların həcmi barədə məlumat verməyə çağırır. Bildirilir ki, bütün topdan və pərakəndə satış əməliyyatları mütləq qaydada elektron vergi hesab-fakturaları vasitəsilə rəsmiləşdirilməlidir.

Kim qeyri-rəsmi işçisaxlayırsa...

Sahibkarlıq fəaliyyətinin bəzi sahələrində dövriyyələrin gizlədildiyini müstəqil ekspertlər də təsdiqləyir. İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, xüsusilə ticarət və ictimai iaşə xidməti obyektlərində, tikinti sektorunda belə hallar geniş yayılıb: «Dövriyyələrin kiçildilməsi müxtəlif üsul və vasitələrlə ola bilər. Bu, həmin biznes strukturlarının fəaliyyət sahəsindən asılı olaraq dəyişir. Məsələn, iri mağazalar satılan məhsulların həcmini az göstərməklə, tikinti şirkətləri inşa etdiyi binanın sahəsini «kiçiltməklə», spirtli içki istehal edən müəssisələr faktiki istehsal olunaraq ticarət şəbəkələrində çatışa çıxardığı məhsulları rəsmi qeydiyyatdan yayındırmaqla dövriyyəsini gizlədir. Bununla da böyük məbləğdə maliyyə vəsaitləri büdcədən yayındırılır». İqtisadçı bir müddət əvvəl iri supermarket şəbəkələrinin rəhbərlərinin hökumətə müraciət edərək əlavə dəyər vergisi üzrə (ƏDV) güzəştlər istəməsinin də təsadüf olmadığını söyləyir. Onun sözlərinə görə, iri ticarət şəbəkələri ət, balıq, süd, yumurta, düyü, meyvə-tərəvəz kimi kənd təsərrüfatı məhsullarının istehsalına tətbiq edilən güzəştlərin satışa da şamil olunması yolu ilə xərclərini azaltmaq istəyir: «Məlum məsələdir ki, iri supermarket şəbəkələri kifayət qədər gəlir əldə edə bilir və öz fəaliyyətlərini genişləndirmək imkanına malikdir. Belə olan halda, hökumətin onlara vergi güzəştləri verməsi inandırıcı görünmür. Əksinə, vergi orqanları bütün ticarət və xidmət sahələrində, o cümlədən iri supermarket şəbəkələrində dövriyyənin tam şəkildə göstərilməsinə nail olmaq üçün nəzarət tədbirlərini gücləndirməlidir. Çünki heç kəsə sirr deyil ki, bu cür sahibkarlar mənfəətini gizlədir, qeyri-leqal gəlir formalaşdırır və bununla da vergiləri tam şəkildə ödəməkdən yayınırlar».
R.Həsənov biznes strukurlarının öz dövriyyələrini gizlətməsini həm də «kölgə iqtisadiyyatı»nın təzahürlərindən biri kimi dəyərləndirir. Bildirir ki, istər tikinti sektorunda, istərsə də ticarət sahələrində belə hallar üstünlük təşkil etdiyi üçün ən ciddi nəzarət tədbirləri də məhz həmin müəssisə və obyektlərə yönəldilməlidir: «Qeyri-rəsmi işçilərin mühüm bir hissəsi məhz bu sahələrdə çalışanlardır. İşəgötürənlər həmin işçilərə ödədikləri əməkhaqqını haradan verirlər? Təbii ki, rəsmi maliyyə hesabatlarında göstərilməyən gizli dövriyyədən. Çünki hər hansı sahibkar öz işçisinə leqal dövriyyədən əməkhaqqı verə bilməz. İşəgötürən hər bir xərcin mənbəyini göstərməli olduğu halda, bəyan edilən dövriyyədən işçiyə əməkhaqqı verməsi mümkün deyil. Deməli, istər mağaza olsun, istər tikinti şirkəti, yaxud da digər fəaliyyət sahəsində fəaliyyət göstərən başqa biznes strukturları - kim qeyri-rəsmi işçi saxlayırsa, real dövriyyəsini gizlədir. Bu cür hallar real dövriyyələrin «kiçildildiyinə» dəlalət edən vacib faktorlardır ki, bunu gizlətmək mümkün deyil».
iqtisadçı ekspert Rəşad Həsənov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi