Azia.az xəbər verir ki, Xəyanət bütün zamanların aktual problemidir. İstənilən yaş dövründə, bəzən səbəbi anlaşılmaz olan xəyanət faktlarına rast gəlinir.
Görəsən, həqiqətən, xəyanətin səbəbləri nələrdir?
Psixoloq Gülnar Orucova xəyanət faktlarını aydınlaşdırıb:
“Azərbaycanda “Kişilər xəyanət edə bilər, qadınlar yox” deyə fikir formalaşıb. Amma nəzərə alaq ki, bu, heç yerdə yazılmayıb. Hər ikisi canlı varlıq olduğu üçün sevgiyə, qayğıya ehtiyacları var. Bunlardan biri çatışmasa, xəyanət ortaya çıxa bilir”.
O, hər iki tərəfin xəyanət səbəblərindən danışıb:
“Kişilər evlilikdən üç gün sonra, qadınlar evlilikdən 7-9 il sonra xəyanət edə bilir.
Qadınlar niyə xəyanət edir?
Daha çox romantik qadınlar xəyanət etməyə meyilli olurlar, onlar həmişə “ağ atlı şahzadə”lərini axtarırlar. Xəyallarındakı sevgi ilə yaşadıqları, ailə qurduqları insanı müqayisə edəndə narazı olduqlarını görürlər. Ailədə təcavüzkarlıq, dava-dalaş, ailə-məişət söz-söhbətləri ilə çox rastlaşan qadınlar da xəyanət edə bilirlər. Qadın daima nəvaziş görmək istəyir. Ailədə sevgi olmadığı üçün xəyanət halları yaşanır.
Kişilər niyə xəyanət edir?
Qadınlar kişiləri daim nəzarətdə saxlamaqla özlərindən uzaqlaşdırırlar. Kişilər özlərini daha güclü varlıq hesab etdikləri və ani qərar verdikləri üçün daha tez xəyanət etməyə meyillidirlər. Kişilərin xəyanət etmə səbəbləri macəra axtarmaları, evdə həyat yoldaşlarından diqqət, qayğı görməmələri, qadınların özlərinə baxmamaları, cəmiyyət içində həyat yoldaşları tərəfindən iradla qarşılaşmalarıdır. Bu iradlar nifrət yaradır. Nifrət yaranan yerdə mütləq xəyanət olacaq.
Qadın inamsızlığı kişiləri xəyanətə aparan yoldur. Heç olmayacaq nələrisə səbəb kimi göstərmələri nəticəsində kişi görür ki, həqiqətə uyğun olmayan sözlər danışılır və xəyanət onun üstünə qoyulur, kişi də bundan sonra xəyanət edir”.
Əsas səbəblər kimi bunlar görünsə də, cəmiyyət üzvləri bütün bunların xəyanət üçün əsas olmadığını, xəyanətin günah olduğunu bildiriblər.
Azərbaycan cəmiyyətinin üzvlərinin fikrincə, qadın özünə baxmırsa, ya da kişi sevgi göstərmirsə, bunlar xəyanət etməyə əsas vermir:
“Xəyanət zəif insanların etdiyi əməldir. Evdə diqqət göstərilmədiyi üçün xəyanət edən kişi də evdə xanımına diqqət göstərməsə, o xanım bunu əsas götürüb xəyanət etsə, burada zəncirvari vəziyyət yaranır.
Özünə, şəxsiyyətinə hörmət edən insan, əks tərəfdən şiddət, hörmətsizlik görsə də, nə olur olsun, xəyanət etməz. Bu, ilk növbədə öz şəxsiyyətlərinə ziyan vurub onları alçaldacaq. Söhbət edib aydınlaşdırmaq, ya da yolları ayırmaq kimi imkanlar var.
İnsanlar övladlarına nə nümunə göstəcəklərini düşünməlidirlər. Etdiyimiz hər əməl şəxsiyyətimizi formalaşdırır və necə biri olduğumuzu büruzə verir”.
Şəhər sakinləri xəyanət edən qadın və kişinin, səbəb nə olursa-olsun, cəmiyyətdə xoş qarşılanmadığını bildiriblər:
“Qadın özünə baxmır, gedim xəyanət edim” deyə düşüncə olmamalıdır. Əgər qadın kişiyə xəyanət etmədiyi halda, xəyanət etdiyini deyib təzyiq göstərirsə və kişi bundan sonra xəyanət edirsə, bu, ancaq kişinin zəifliyindən irəli gəlir.
Qadın həyat yoldaşından qayğı görmədiyi üçün xəyanət edirsə, deməli, o, şəxsiyyətini itirib. Əks halda, hər 2-3 aydan bir nə qədər xəyanətlər yaşanardı, ailələr dağılardı.
Hər şey bir-birini başa düşmək və anlamaq üzərində qurulmalıdır. İnsanlar bir-birini mənfi və müsbətləri ilə qəbul etməyi öyrənməlidirlər. Buna görə də ailələr sevgi üzərində qurulmalıdır. Bu halda insanlar bir-birini başa düşə, istənilən məsələdən çıxış yolu tapa bilərlər. Qadınını 3D makyajda görən biri başa düşməlidir ki, gündəlik həyatda o qadın hər zaman elə görünmür. Bu, ona xəyanət etməyə səbəb ola bilməz. Ancaq reallığı başa düşə bilməyən səthi fikirli qadın və kişilər xəyanət edir”.
Aybəniz Abdulova