“Məni Azər Xudiyevdən və erməni nazirdən qoruyun” - Tələt Əliyevdən prezidentə sensasion müraciət
Azərbaycanın Ukraynadakı səfirliyinin binasının təmiri, daha doğrusu, təmir üçün ayrılmış 2,4 milyon dollar vəsaitin "mənimsənilməsi” qalmaqalınd adı hallanan keçmiş səfir Tələt Əliyev Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
AZİA.AZ BakuPost-a istinadən xəbər verir ki, sabiq səfir xidmətlərini nəzərə çatdırıb, dövlət başçısından onu Azərbaycanın Ukraynadakı yeni səfiri Azər Xudiyev və səfirin iş birliyində olduğu Ukraynanın erməni əsilli daxili işlər nazirindən qorumasını xahiş edib.
T. Əliyev nəzərə çatdırıb ki, 1963-cü ildən Ukraynanın Kiyev şəhərində yaşayır və burada sıravi fəhlə kimi əmək fəaliyyətimi başlayaraq, SSRİ Kimya Nazirliyinin Baş elmi-tədqiqat və Layihə institutu olan "VNİİXİMPROEKT”də direktor müavini vəzifəsinə kimi yüksəlib. 1999-cu ildə Ukrayna Azərbaycanlıları Konqresi (UAK) ictimai təşkilatının təsis konfransında ilk sədr seçilib: "O zaman UAK ulu öndər, dahi Heydər Əliyevin diasporumuz qarşısında qoyduğu tapşırıqları bir proqram kimi qəbul edərək fəaliyyətini formalaşdırdı. UAK qısa bir zamanda Ukraynada yaşayan azərbaycanlıların vahid təşkilatı olaraq, azsaylı millətlər təşkilatları arasında ən güclü təşkilatlardan biri olub. Ukrayna Prezidenti administrasiyasının Humanitar idarəsinin tərkibində yaradılan azsaylı millətlər təşkilatı sektorunun beş üzvündən biri olmuşam. 2000-ci ildə Ukrayna Prezidentinin Fəxri Fərmanı ilə təltif olunmuşam. Ulu öndər Heydər Əliyev Ukraynada rəsmi səfəri çərçivəsində məni qəbul edərək, UAK-ın gördüyü işlər haqqında verdiyim məlumat əsasında təşkilatımızın fəaliyyətinə yüksək qiymət verib. 2001-ci ildə, Ulu öndər məhz məni, Ukraynada yaşayan azərbaycanlılar içərisindən seçərək, Azərbaycanın Ukraynada səfiri təyin edib. Mənə göstərilən yüksək etimadı doğrultmaq üçün var gücümlə dövlətimə qulluq etmişəm. 2002-ci ildə dahi Heydər Əliyev mənim səfir kimi fəaliyyətimdən razılığını bildirərək, məni paralel olaraq Belarus və Moldovada da səfir təyin edib, bu ölkələrdə siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrin yaranması, inkişafı və perspektivləri haqda öz tövsiyələrini verib. Eyni zamanda, bu üç dövlətdə hərtərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsində inkişafını təmin etmək üçün, Siz cənab Prezident, mənə öz göstərişlərinizi verdiniz. Azərbaycan-Ukrayna əlaqələri hərtərəfli inkişaf edərək, iki dövlət arasında strateji tərəfdaşlıq münasibətlərinin ən yüksək səviyyəsinə çatdırıldı, Prezidentlər Şurası yaradıldı. İqtisadi əlaqələr dəfələrlə yüksəldi, SOCAR-ın Ukraynada nümayəndəliyi açıldı, humanitar sahədə əlaqələr sürətlə inkişaf etməyə başladı. 2004-cü ildə, Siz cənab Prezident, Ukraynaya dövlət səfəri zamanı, dünyada ilk dəfə ucaldılmış, Ulu öndərimiz Heydər Əliyevin heykəlinin və akademik, görkəmli oftalmoloq Zərifə Əliyevanın adına parkın, heykəlinin və adına küçənin açılışında iştirak etmisiniz. 2006-cı ildə, Kiyev şəhərində, Azərbaycanın Xalq şairi Səməd Vurğunun adını daşıyan kitabxana əsaslı təmir olunmuş, şairin qızı Aybəniz xanımın, Ukrayna və Azərbaycan Mədəniyyət nazirlərinin, Milli Məclisin və Ukrayna Ali Radasının deputatlarının iştirakı ilə heykəlin açılışı olub. Ukrayna-Azərbaycan əlaqələrinin inkişafındakı əməyimi nəzərə alaraq, Ukrayna prezidentinin "Xidmətlərinə görə” lll dərəcəli ordeni ilə, Ukrayna Provoslav kilsəsinin lll dərəcəli "Müqəddəs Stanislav” ordeni ilə, Ukrayna Provoslav kilsəsinin üçüncü dərəcəli "Müqəddəs Knyaz Vladimir” ordeni ilə, Ukrayna XİN-nin l dərəcəli Fəxri nişanı ilə və bir çox orden, medal, nişanlarla təltif olunmuşam”.
Sabiq səfir qeyd edib ki, 2001-ci ildə səfirliyi qəbul edən zaman, səfirliyin binası acınacaqlı vəziyyətdə olub: "Binanın əsaslı təmirə ehtiyacı var idi. Ərazidə torpaq sürüşməsi ilə əlaqədar olaraq binanın bütün divarlarında və ərazinin özündə dərin çatlar var idi. 2004-cü ildə Siz səfirliyin ərazisində olduğunuz zaman, mən bu haqda Sizə məruzə etdim və binanın əsaslı təmirə ehtiyac olduğunu qeyd etdiniz. 2007-2009-cu illərdə binanın təmiri prosesi, onun layihəsini hazırlayan Azərbaycan Layihə institutunun və XİN-nin ciddi nəzarəti altında aparılırdı. Təmir işləri zamanı layihədə olmsysn çoxlu çatışmazlıqlar ortaya çıxırdı ki, onların aradan götürülməsi üçün təcili tədbirlər görülürdü. 2010-cu ilin 15 iyul tarixində, mən geri çağırılan zaman təmir işləri başa çatmamışdı. Görülmüş işləri və səfirliyi, yeni səfir təyin olunmuş Eynulla Mədətliyə qayda-qanun əsasında təhvil verdim və Eynulla Mədətli işlədiyi müddətdə təmir işləri davam edirdi. Eynulla Mədətli geri çağırıldıqdan sonra səfirliyə iki il müvəqqəti işlər vəkili rəhbərlik edib. Bir sözlə, son səkkiz ildə, mənim səfir kimi fəaliyyətimlə və səfirliyin binasının təmiri ilə əlaqədar, nə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən, nə başqa təşkilatlar tərəfindən, nə də ki, məndən sonra səfirliyə rəhbərlik edən şəxslər tərəfindən mənə qarşı hər hansı iddia sürülüb. 2016-cı ildə Azər Xudiyev Azərbaycanın Ukraynada səfiri təyin olunduqdan sonra, mənə və Ukraynada yaşayan bir çox işgüzar və fəal diaspor üzvlərinə qarşı "müharibə” elan etdi. A.Xudiyev mənə xəbər göndərdi ki, mənim səfir işlədiyim dövrdə, mən, onun diplomata yaraşmayan və ölkəmizin imicinə zərər gətirən davranışı barədə Xarici İşlər Nazirliyinə mənfi fikir bildirmişəm və onun karyera inkişafını ləngitmişəm. Buna görə də, o məndən qisas almaq üçün əlindən gələni əsirgəməyəcək. Məlumat üçün bildirirəm ki, mənim səfir çalışdığım dövrdə Moldovada hələ səfirlik açılmamışdı və mən onu Moldovaya səfirliyin nümayəndəsi kimi uzunmüddətli ezamiyyətə göndərmişdim. 2005-ci ildə Siz cənab Prezident, Moldova Prezidenti cənab V.Voroninlə birlikdə, Kişinyov şəhərində, dahi şairimiz Nizami Gəncəvinin şərəfinə ucaldılmış abidəni və parkı təntənəli şəkildə açdınız. Baxmayaraq ki, bu abidənin və parkın abadlaşmasının bütün xərclərini, o zaman Moldova Azərbaycanlıları Konqresinin sədri Mehman İsmayılov və diasporumuzun üzvləri, mənim xahişimlə və birbaşa rəhbərliyim altında təşkil etmişdilər, Azər Xudiyev bir çox kütləvi informasiya vasitələrində bütün bu nailiyyətləri və bir çox görülmüş işləri öz adına yazır”.
Sabiq səfir müraciətində yazıb ki, A.Xudiyev Moldovada diplomat kimi çalışdığı zaman Moldova XİN-dən onun haqqında çox xoşagəlməz məlumatlar gəlib: "Ona səfir kimi münasibət bəsləməyi tələb edir, bir qrup ətrafı ilə, mənim səfir kimi və Azərbaycan XİN-nin icazəsi olmadan Avropa ölkələrinə, Almaniyaya, Fransaya, Rumıniyaya və başqa dövlətlərə səfərlər edirdi və hər dəfə də onu müxtəlif adlı yerli qadınlar müşayiət edirdi ki, bu notaların nüsxələrini mənə Moldova XİN-dən göndərirdilər. Onunla apardığım bir neçə tərbiyəvi söhbətlər də bir nəticə vermirdi. Mən öz vəzifə borcumu yerinə yetirərək, bu haqda Azərbaycan XİN-ni məlumatlandırırdım. Çox təəssüflər olsun ki, A.Xudiyev Ukraynada səfir təyin olunduqdan sonra, ikitərəfli əlaqələri inkişaf etdirmək, diaspor təşkilatlarımızı birləşdirib onun nüfuzunu qaldırmaq, mövqeləri çox güclü olan erməni və gürcü diasporlarına konkurent olmaqla məşğul olmadı. Əksinə, təməli Ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş diaspor təşkilatlarımızı parçalamaqla məşğul oldu. Ən xoşagəlməz hal odur ki, Ukraynada yaşayan həmvətənlərimizi cəzalandırmaq üçün erməni əsilli daxili işlər naziri ilə iş birliyi qurmaqdan çəkinmədi və əsassız "donoslar” və uydurma şikayətlər yazmaqla məşğul oldu. Öz çirkin oyunlarına Ukrayna hüquq-mühafizə orqanlarını, Ukrayna Baş Prokurorluğunu qoşdu. Səfirliyin binasının bugünkü vəziyyətə düşməsinin əsas səbəbi, səfirliyin binası ilə qonşuluqda, yüksək mərtəbəli binanın inşaatı, dərin svayların vurulması və s. olub. Ərazidə sürüşmənin olduğu və səfirliyin binasının bünövrəsinə xələl gətirə biləcəyini nəzərə alaraq, nə mən, nə də məndən sonra səfirliyə rəhbərlik edən şəxslər, Kiyev şəhər meriyasına və digər aidiyyəti təşkilatlara, müvafiq tikinti-texniki normalara əsaslanaraq, burada heç bir tikinti işlərinin aparılmasına icazə vermirdik”.
T. Əliyev bildirib ki, A. Xudiyev hansısa maddi marağa görə bu tikintiyə icazə verib, tikinti şirkətindən bir milyon ABŞ dolları məbləğində rüşvət alması barədə söhbətlər yayılıb: "Bunun nəticəsində səfirliyin binasını qəza vəziyyətinə gətirib çıxarıb və ərazinin və binanın təhlükəsizliyini də sıfıra endirib. Bu ilin iyul ayında A.Xudiyevin, erməni əsilli Ukrayna daxili işlər naziri Arsen Avakova və Ukrayna Baş prokurorluğuna, yazılı şikayəti əsasında tək mənə qarşı yox, bir neçə diaspor fəallarımıza qarşı cinayət işləri açılıb. Cinayət işi əsasında məhkəmə qərar verib və mənim şəxsi mənzilimdə axtarış aparılıb. Mənim, 2001-ci ildən bu günə kimi fəaliyyətim haqqında sənədlər və möhür axtarıblar, baxmayaraq ki, 2010-cu ildə mən səfirliyin bütün sənədlərini və möhürünü qanuni şəkildə təhvil vermişdim. Axtarış aparan şəxslərlə söhbətim nəticəsində bildirdim ki, mənim diplomatik toxunulmazlığım var, bildirdilər ki, sizin dövlətinizin adından indiki səfirinizin bizə rəsmi şikayəti, bizə axtarış aparmağa tam əsas verir. Əlbəttə ki, axtarış zamanı mənim fəaliyyətimlə əlaqədar heç nə tapa bilmədilər. Bunun nəticəsində həyat yoldaşım mikroinsult keçirdi, hamilə qızım çox təhlükəli anlar yaşadı. Əlbəttə ki, bütün bu hərəkətlər mənim təmiz adıma, reputasiyama çox ziyan vurdu və bu ləkəyə görə çox narahatlıqlar keçirdim. Əlbəttə ki, bütün bu işlər səfir Azər Xudiyevin xüsusi səyləri və məndən qisas almaq üçün Ukraynanın erməni əsilli daxili işlər naziri ilə işbirliyi nəticəsində baş verir. Ukraynada akkreditasiya olunmuş yüzdən çox səfirlik və beynəlxalq missiyalar fəaliyyət göstərir. Lakin heç vaxt belə hal olmayıb ki, təzə səfir köhnə səfirdən və ya diplomatdan, ezamiyyətdə olduğu ölkənin hüquq-mühafizə orqanlarına şikayət etsin. Ukrayna və Azərbaycanın həyatındakı bu nadir hadisə səfir A.Xudiyevin sayəsində baş verdi. A.Xudiyevin bu hərəkətləri Azərbaycanın və Ukraynada daimi yaşayan diaspor üzvlərimizə çox ciddi xələl gətirir və ermənilər belə hallardan çox məharətlə istifadə edirlər. Bütün bunları yazmaqda məqsədim, Azərbaycanı sevən, Ulu öndərimiz Heydər Əliyevin kursunun davamçısı, Sizə sədaqətli, vətənpərvər bir şəxs olduğumu bir daha nəzərinizə çatdırmaq, məni və diasporumuzun layiqli nümayəndələrini səfir Azər Xudiyevin əsassız, qərəzli, dövlətimizin nüfuzuna xələl gətirən əməllərindən qorunmasını xahiş etməkdir”.
Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyinin binasının təmiri, daha doğrusu, təmir üçün ayrılmış 2,4 milyon dollar vəsaitin "mənimsənilməsi” ətrafında başlayan qalmaqal bir müddətdir davam edir. Ukrayna hüquq-mühafizə orqanlarının sabiq səfir Tələt Əliyevin Kiyevdəki mənzilində axtarış aparması, sabiq səfirin mətbuat konfransı keçirərək iddiaları təkzib etməsindən sonra noyabrın 8-də səfirlik açıqlama yaymışdı. Açıqlamada bildirilirdi ki, səfirliyin inzibati binası təhvil alınarkən, onun qəzalı olub-olmamasının qiymətləndirilməsi və binada çatların yaranma səbəbinin müəyyən edilməsi məqsədilə səfirlik tərəfindən Ukrayna Tikinti-konstruksiya üzrə Dövlət Elmi-Tədqiqat İnstitutuna müraciət edildiyini, ekspertizanın yekun rəyinə əsasən binanın zirzəmisi və damının qəzalı vəziyyətdə olduğunun üzə çıxdığı qeyd olunub. Eyni zamanda 2007-2009-cu illərdə səfirliklə Ukrayna vətəndaşı, "SPD Qashimova S.Q” şirkətinin təsisçisi Səbinə Həşimova arasında bağlanmış müqaviləyə əsasən, səfirliyin inzibati binasında əsaslı təmir işlərinin aparıldığı müəyyən edilib. Nəzərə çatdırılırdı ki, Səbinə Həşimovanın Ukrayna vətəndaşı olduğunu və həmin şirkətin Ukraynada təsis edilərək qeydiyyatdan keçdiyini nəzərə alaraq, sözügedən müqavilənin icrasının tam təmin edilməsi məqsədilə səfirliyin müraciəti əsasında Ukrayna Baş Prokurorluğunda araşdırmalar aparılır.