Rusiya Kuril adalarını öz ərazisi hesab edir və geri çəkilməyəcək - ŞƏRH
Putin bu səfərlə Moskvanın Kuril adaları üzərində nəzarətini və üstün mövqeyini nümayiş etdirməyə çalışır
Rusiya Prezidenti Vladimir Putinin Kuril adalarının İturup adasına səfəri Yaponiya ilə Moskva arasında növbəti gərginliyə səbəb olub.
Putin Saxalin adasında hərbi təlimi izlədikdən sonra Rusiyanın nəzarətində olan İturupa gedib, burada bir sıra obyektlərə baş çəkib və yerli sakinlərlə görüşüb.
Tokio səfərə sərt reaksiya verib. Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi adaların həm tarixi, həm də beynəlxalq hüquq baxımından Yaponiyanın ayrılmaz ərazisi olduğunu bildirib və Rusiyaya etiraz notası təqdim edildiyini açıqlayıb.
Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko isə Yaponiyanın narazılığını Tokionun belə səfərlərə “tipik reaksiyası” adlandırıb və Kuril adalarının Rusiyanın ərazisi olaraq qalacağını vurğulayıb.
Xatırladaq ki, Kuril adalarının statusu İkinci Dünya müharibəsindən sonra Rusiya ilə Yaponiya arasında əsas mübahisə mövzularından biridir. Ərazi mübahisəsi səbəbindən iki ölkə müharibədən sonra hərtərəfli sülh sazişi imzalamayıb.
Moskva üçün böyük strateji əhəmiyyətə malik Kuril adaları Rusiyanın Vladivostok hərbi dəniz bazasında yerləşən donanmasının Sakit okeana çıxış qapısı hesab edilir. Ələxsus, Kuril arxipelağının ən cənubunda yerləşən 4 adanın ətrafından keçən nəqliyyat dəhlizləri qış aylarında belə donmadığı üçün xüsusi önəm daşıyır. Bu adalara nəzarət əldən çıxacağı halda, Rus donanması ABŞ hərbi bazalarının mövcud olduğu Yapon və Cənubi Koreyaya aid dəniz yollarından istifadə edərək Sakit okeana çıxmalı olacaq. Bundan savayı, mübahisəli adalar qrupunun dünyanın ən böyük neft ehtiyatlarından birinə malik Saxalin adasının yaxınlığında yerləşməsi onların da zəngin təbii resurslara sahib ola biləcəkləri ehtimalını artırır. Dəfələrlə əl dəyişmiş Kuril adalarının son illərdə sürətlə silahlandırılması və yuxarıda sadalanan faktorları nəzərə aldıqda mövcud vəziyyətin aktuallığını uzun perspektivdə qoruyacağını güman etmək olar. Görünən odur ki, geostrateji əhəmiyyətindən və ehtimal edilən karbohidrogen ehtiyatlarından ötrü sözügedən adalar yaxın gələcəkdə də beynəlxalq arenada dövlətlərarası münaqişə mənbəyi olmağa davam edəcək.
Kuril adaları uğrunda Rusiya ilə Yaponiya arasında onilliklərdir davam edən ərazi mübahisəsini Sherg.az-a şərh edən Fikrət Sadıqov bildirib ki, tərəflər arasında təxminən 60 ildir bu məsələ ilə bağlı fikir ayrılığı mövcuddur. Ötən əsrin 50-ci illərində aparılan danışıqların nəticəsiz qaldığını vurğulayan politoloq bildirib ki, məhz Kuril adaları problemi səbəbindən İkinci Dünya müharibəsinin başa çatmasından sonra Rusiya ilə Yaponiya arasında bu günə qədər hərtərəfli sülh sazişi imzalanmayıb.
Politoloq qeyd edib ki, Kuril adaları Rusiya üçün strateji və hərbi baxımdan son dərəcə vacib bir regiondur: 
“Əsas səbəblərdən biri burada Rusiyanın hərbi bazasının yerləşməsidir. Həmin baza uzun illərdir fəaliyyət göstərir və Rusiya bunu öz təhlükəsizliyinin təmin edilməsi baxımından zəruri hesab edir. Məhz adaların geostrateji əhəmiyyəti və hərbi infrastrukturu Moskvanın bu ərazi ilə bağlı hər hansı güzəştə getməsini son dərəcə çətinləşdirən əsas amillərdəndir. Kuril adaları həmçinin Moskva üçün böyük iqtisadi və hərbi-strateji əhəmiyyətə malik bölgədir. Region zəngin neft və qaz ehtiyatlarına malikdir. Bundan əlavə, adalar Rusiyaya Sakit okeana çıxış baxımından mühüm üstünlüklər qazandırır. Kuril silsiləsində yerləşən boğazlar Rusiya donanmasının açıq okeana təhlükəsiz və maneəsiz çıxışını təmin edən əsas marşrutlardan hesab olunur. Bölgənin iqtisadi əhəmiyyətini artıran digər amil isə zəngin balıqçılıq ehtiyatlarıdır. Kuril adaları ətrafındakı sular bioloji resurslarla olduqca zəngindir. Balıqçılıq burada Rusiyanın mühüm iqtisadi sahələrindən biridir. Bütün bunlar Moskvanın bu adalardan imtina etməsini praktiki olaraq mümkünsüz edir”.
Fikrət Sadıqovun fikrincə, Rusiya Kuril adalarını öz ərazisi hesab edir və bu mövqeyindən geri çəkilmək niyyətində deyil: “Moskva hesab edir ki, vaxtilə Yaponiyaya müəyyən kompromis təklifləri irəli sürsə də, Tokio bunları qəbul etməyib. Əslində beynəlxalq hüquq normalarına görə ruslar qırmızı xətti keçir. Faktiki müharibə müşahidə olunmasa belə Kuril adalarının statusu beynəlxalq hüquq baxımından hələ də mübahisəli olaraq qalır və bu səbəbdən Rusiyanın atdığı addımlar birmənalı qarşılanmır. Bir sıra dövlətlər Kuril adalarının Rusiyaya məxsus olmasını təsdiqləmir. ABŞ da Vladimir Putinin İturup adasına səfərindən sonra verdiyi bəyanatda bu addımı düzgün hesab etmədiyini açıq şəkildə ifadə etdi. Bu da göstərir ki, adaların hüquqi statusu ilə bağlı beynəlxalq mübahisə davam edir.
Düşünürəm ki, Rusiya prezidenti isə bu səfərlə Moskvanın Kuril adaları üzərində nəzarətini və üstün mövqeyini nümayiş etdirməyə çalışır. Ukrayna müharibəsi fonunda müxtəlif çətinliklərlə üzləşən Rusiya digər istiqamətlərdə də öz gücünü və geosiyasi təsir imkanlarını göstərmək niyyətindədir.
Amma bu o demək deyil ki, dünya birliyi buna biganə qalacaq. Əksinə, bundan sonra Rusiyaya qarşı yeni siyasi və iqtisadi təzyiqlər, o cümlədən əlavə sanksiyalar tətbiq oluna bilər”.