Sertifikasiyada metodika sualları artacaq - Emin Əmrullayev AÇIQLADI
Bildiyimiz kimi, bu il tarix müəllimlərinin ilk sertifikatlaşdırma imtahanı keçirilib. Yüksək nəticə əldə edən müəllimlər fənn suallarından razı qalsalar da, bir çox müəllim kurikulum suallarından narazı qalıb. Onlar qeyd edirlər ki, kurikulum sualları çətin və düşündürücü olub.
Bəs gələcəkdə kurikulum suallarında yumşalma gözlənilirmi?
Redaktor.az-ın müxbiri bu gün ADA Universitetində keçirilən “Sertifikatlaşdırma: Səriştəli müəllim – keyfiyyətli təhsil” mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayevə bu sualı ünvanlayıb.
Nazir cavabında bildirib: “Növbəti mərhələdə biz düşünürük ki, metodik məsələlərə daha çox diqqət yetirəcəyik. Metodika sualları, ümumiyyətlə, tədris məsələləri, dərs dinləmələri zamanı müəllimlərimizin qiymətləndirilməsi kimi məqamlara növbəti illərdə daha çox yer veriləcək. Bu istiqamətlər artacaq, azalmayacaq.”
Aytəkin TOFİQQIZI