azia.az
azia.az

Ərdoğan–Tramp xətti yenidən aktivləşir: Rusiya–Ukrayna müharibəsi və Fələstin masada

Bu gün, 10:20

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yanvarın 5-də ABŞ lideri Donald Trampla telefon danışığı aparacağını açıqlayıb.

Türkiyə liderinin sözlərinə görə, danışığın əsas mövzuları sırasında Rusiya-Ukrayna münaqişəsi xüsusi yer tutacaq. Ərdoğan bu münaqişənin regional və qlobal təhlükəsizlik üçün yaratdığı risklərə diqqət çəkərək, sülhə nail olunması istiqamətində mümkün diplomatik təşəbbüslərin müzakirə ediləcəyini vurğulayıb.

Türkiyənin indiyədək bu məsələdə vasitəçi roluna və balanslı mövqeyinə də toxunulacağı gözlənilir.

Telefon danışığında Fələstin məsələsi də əsas müzakirə mövzularından biri olacaq. Ərdoğan Fələstində davam edən humanitar böhran, İsrail–Fələstin qarşıdurmasının regional sabitliyə təsiri və beynəlxalq ictimaiyyətin məsuliyyəti ilə bağlı mövqelərini ABŞ prezidentinin diqqətinə çatdıracağını bildirib.

Bəs siyasi müşahidəçilərin Ərdoğan və Tramp arasında planlaşdırılan bu telefon danışığından hansı gözləntiləri var?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb.

ZEYNAL .png (200 KB)

Politoloqun fikrincə,Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə ABŞ lideri Donald Tramp arasında baş tutacaq danışıqlarda əsas müzakirə mövzusu Rusiya–Ukrayna münaqişəsi olacaq:

"Çünki hər iki dövlət Rusiya ilə Ukrayna arasında faktiki olaraq vasitəçilik missiyasını üzərinə götürüb və bu prosesdə ABŞ daha aktiv vasitəçilik fəaliyyəti həyata keçirir.

Türkiyə də bu prosesdə müəyyən dərəcədə mühüm rol oynayır. Rəsmi Ankara iki dövlət arasındakı münasibətlərin nizamlanması istiqamətində çox ciddi və əhəmiyyətli addımlar atıb. İstər əsirlərin mübadiləsi məsələsində – hansı ki, həmin mübadilə zamanı "Azov" döyüşçüləri də Ukrayna tərəfinə təhvil verilmişdi və bu, olduqca böyük nailiyyət hesab olunurdu – istərsə də taxıl dəhlizi məsələsinin həllində Türkiyənin mövqeyi və vasitəçiliyi xüsusi əhəmiyyət kəsb edib.

Bu günə qədər Moskva ilə Kiyev arasında əldə olunan mühüm razılaşmaların böyük əksəriyyəti məhz Ankaranın vasitəçiliyilə mümkün olub.

Son zamanlar ABŞ-ın da bu məsələdə aktivliyinin artmasının şahidi oluruq. Faktiki olaraq münaqişənin dayandırılması və sülhün əldə olunması üçün Vaşinqtonun səyləri hər kəsə məlumdur.

Bütün bunlar onu göstərir ki, iki dövlət arasındakı münasibətlərin nizamlanması üçün müəyyən addımlar atılacaq və Ankara ilə Vaşinqton bu məsələdə birgə hərəkət edəcək".

Politoloq qeyd edib ki, bununla yanaşı, Türkiyə–ABŞ gündəmini narahat edən digər mühüm mövzu Yaxın Şərqdəki problemlərdir:

"Burada iki əsas məsələ diqqəti cəlb edir. Birincisi, əlbəttə ki, Fələstin məsələsidir. Fələstinin gələcək taleyi geniş müzakirə mövzusudur və Türkiyə öz istəklərini ABŞ-a qəbul etdirməyə çalışır, prosesi məhz bu istiqamətdə yönləndirir. Ankara çalışır ki, İsrail ABŞ üzərində daha artıq təzyiq göstərməsin və Türkiyə öz istədiyi nəticəni əldə edə bilsin. Lakin bunun üçün Türkiyə ilk növbədə ərəb ölkələrinin birliyinə nail olmalıdır.

Düşünürəm ki, ABŞ-ın qarşısına birləşmiş ərəb ittifaqı ilə birlikdə çıxmaq vacibdir. Əgər ərəb ölkələri əvvəlki kimi İsrail ilə arxa planda ayrı-ayrı, separat sazişlər bağlamağa davam edərlərsə, bu, istər-istəməz Türkiyəni ABŞ qarşısında Fələstin məsələsində zəif vəziyyətə sala bilər.

İkinci əsas məsələ isə Suriya ilə bağlıdır. Türkiyə bu mövzuda da öz mövqeyini ABŞ-a qəbul etdirməyə çalışır. Suriya məsələsində ABŞ ilə Türkiyə arasındakı münasibətlər nisbətən daha normaldır. Faktiki olaraq Vaşinqton burada əsas missiyanı Türkiyənin üzərinə qoyub və demək olar ki, ABŞ-ın Suriyadakı maraqları məhz Türkiyə vasitəsilə təmin olunur. Bu baxımdan Suriyada bütün əsas rıçaqlar faktiki olaraq Ankaranın əlində cəmləşib".

Xalidə Gəray


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi