Sabah müstəqilliyimiz və Cümhuriyyət tariximizdə şanlı günlərdən birini – Azərbaycan Silahlı Qüvvələri yaranma gününü qeyd edəcəyik. 26 iyun – əsl mənada ordumuzun doğum günüdür. 99 il öncə - 1918-ci ilin 26 iyununda müsəlman Şərqində ilk demokratik respublika olan ADR-in birinci qərarı məhz ordu yaradılması haqda olmuşdu.
Ötən 1000-1 illik zaman bu qərarın uzaqgörənliyinə şəkk-şübhə saxlamadı. Çünki nisbi sakitlik dövrü kimi sovet dönəmi istisna olmaqla, qalan zamanlarda daima bədxah qonşularımız ermənilərin məkri sayəsində müharibə vəziyyətində olmuşuq, xarici hərbi təcavüz təhlükəsi ilə qabaq-qənşər qalmışıq.
Taleyin istehzasına bax ki, 99 il öncə olduğu kimi, bu gün də erməni və havadarı ilə müharibə vəziyyətindəyik. Deməli, güclü ordu Azərbaycan üçün bu gün də prioritet məsələ olaraq qalır. Əfsus ki, Ermənistanın işğalı üzündən hər il hərbi sferaya böyük paralar xərcləmək, Silahlı Qüvvələrimizi daima gücləndirmək zorundayıq. Halbuki, bu vəsaitlər sosial-iqtisadi sferaya, insanların rifahının yaxşılaşdırılmasına da yönəldilə bilərdi – nə barədə ki, Azərbaycan prezidenti İlham Əliyev ötən həftə Şirvanda hərbi zavodun açılışı zamanı etdiyi çıxışında söz açıb...
*****
Qarabağ məsələsində Azərbaycanın gücü isə tək hərbi qüdrətimizlə müəyyənləşmir. Güc-qüdrətimiz həm də böyük və sanballı dost-müttəfiqlərimizlə bir sırada, qardaş Türkiyə ilə, yeganə müsəlman nüvə dövləti Pakistanla birlikdə olmağımızdadır. İsraillə strateji hərbi tərəfdaşlıqdadır. Ələlxüsus da Türkiyəmizlə çiyin-çiyinə olmamız, qardaş dövlətin bizə həmişə arxa-dayaq durması Dağlıq Qarabağ məsələsində Azərbaycana və onun xalqına misilsiz güvən, inam, güc-qüvvət verir.
“Biz Qarabağla bağlı Azərbaycanla eyni dildə danışır, eyni cür hərəkət edirik”. Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən “Yeni Müsavat” əməkdaşının da qatıldığı tədbirdə deyib. Gerçəyi əks etdirən, ən ümdəsi, səmimiyyətdən doğan bir bəyanat, təmənnasız qardaşlıqdan qaynaqlanan bir mövqedir, bu.
Türkiyə liderinin bu sözləri əlbəttə ki, boğazdan yuxarı deyilməyib, əməllə təsdiqlənən bir mövqenin təsbitidir. Keşkə, digər böyük qonşumuz İran da Dağlıq Qarabağ məsələsində bizimlə “eyni dildə danışıb eyni cür hərəkət edəydi”. Yəni təcavüzkara, müsəlman torpaqlarını işğal eləmiş bir ölkəyə bir müsəlman dövləti hansı münasibətdə olmalıdırsa, Tehran da o davranışı sərgiləyəydi – Türkiyə kimi, Pakistan kimi.
Dəfələrlə yazmışıq, bir daha yeri var təkrarlamağa ki, əgər din qardaşımız hesab olunan İran da Ermənistanla Türkiyə kimi davransaydı, o zaman münaqişə bunca uzanmaz, canlı və maddi itkilər bunca çox olmazdı. Niyə? Ona görə ki, təcavüzkar ölkə indikindən də çıxılmaz bir durumda olduğunu və 4 qonşundan 3-ünün təcridi ilə üzləşdiyini fərq edib də, çoxdan konstruktiv mövqe tutardı...
*****
“Ermənistanla müharibə bitməyib. Müharibənin yalnız birinci mərhələsi bitib”. Bunu da İlham Əliyev Şirvanda hərbi zavodun açılışı zamanlı söyləyib. Demək, Qarabağ məsələsində “bizimlə eyni dildə danışıb eyni cür hərəkət edən” Türkiyə üçün də müharibə bitməyib. Bu mənada Türkiyə prezidentinin yuxarıdakı iki cümləlik fikri əslində ən əvvəl Ermənistana, onun havadarına xəbərdarlıq mesajıdır ki, Azərbaycanla müharibədə Türkiyəni də öz qarşınızda görərsiz.
Artıq qeyd edildiyi kimi, Türkiyə təkcə mesaj, bəyanat vermir. Eyni zamanda sözünün ağası kimi real iş görür: işğalçı Ermənistanla sərhədləri illərdir bağlı saxlayır, Azərbaycan Ordusunun güclənməsi və qələbə ordusu olması üçün əlindən gələni edir, bundan ötrü o sırada ikitərəfli hərbi əməkdaşlığı ilbəil dərinləşdirir, ortaq hərbi təlimləri intensivləşdirir.
Bəs, müsəlman-şiə qonşumuz İran bunlardan hansı birini edir, işğalçının taqətdən salınması, müsəlman-şiə Azərbaycanının isə güclənməsi üçün nəsə edirmi? Və ya nə vaxtsa Türkiyə kimi İran da bizimlə ortaq hərbi təlim keçiribmi?
Əziz Ramazan bayramı ərəfəsində bu suallar indi xüsusilə aktual görünür. Niyə də yox. İslam - əməl dinidir...(musavat.com)