azia.az
azia.az

Ali Məhkəmənin məhkəmə təcrübəsini köklü surətdə dəyişən plenum qərarı dərc olundu - TAM MƏTN

Dünən, 18:00


Ali Məhkəmə Plenumunun ailə mübahisələrinə baxılması ilə bağlı qərarı dərc olunub.


E-huquq.az xəbər verir ki, bu Plenum qərarının məqsədi ailə mübahisələri üzrə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, habelə ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsidir.

Qərarın mətni ilə bu link vasitəsilə tanış ola bilərsiz:


“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun QƏRARI

 “ 20 ” dekabr 2024-cü il № 15

 Bakı şəhəri Ədalət mühakiməsinin səmərəliliyinin artırılması, vətəndaşların hüquq və azadlıqlarının daha effektiv müdafiəsi, uşaqların üstün mənafelərinin qorunması, habelə ayrı-ayrı kateqoriya işlərə baxılması üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi Qərarlarına əlavə və dəyişikliklərin edilməsinə ehtiyac yaranmışdır. Qeyd olunanlara əsasən və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79 və 80-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu QƏRARA ALDI: 1. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 1.1. 7-ci bənd üzrə: 1.1.1. 7-ci bəndə aşağıdakı məzmunda ikinci və üçüncü abzaslar əlavə edilsin: “Ailə Məcəlləsinin 22-ci maddəsində nikahın pozulması haqqında qətnamə qəbul etdikdə məhkəmənin həll etdiyi məsələlərin dairəsi nəzərdə tutulsa da, bu zaman uşaqların hüquq və mənafelərinə təsir göstərə biləcək digər məsələlərin həlli imkanı qanunla qadağan edilməmişdir. Odur ki, uşaqların üstün mənafelərinin qorunması, habelə prosessual qənaət prinsipləri rəhbər tutularaq məhkəmələrə izah edilir ki, nikahın pozulmasına dair iddialara baxılarkən hazırlıq iclasında uşağın hansı valideynin yanında saxlanması ilə bağlı mübahisənin olmadığı müəyyən edildiyi halda, məhkəmələr valideynlər arasında uşaqla ünsiyyət qaydası ilə bağlı qarşılıqlı razılığın olub-olmadığını aydınlaşdırmalıdırlar. Bununla bağlı mübahisə varsa uşaqla ünsiyyət qaydasının müəyyən edilməsini arzu edən valideynə bu barədə iddia tələbi ilə müraciət etmək hüququ izah edilməli və irəli sürüldüyü halda nikahın pozulması ilə yanaşı, bu tələbə də mahiyyəti üzrə baxılıb qətnamə qəbul edilməlidir.”; 1.1.2. 7.1-ci bəndin ikinci abzasının birinci və ikinci cümlələrində “iddianın təmin tədbirinin” sözləri “müvəqqəti təminat tədbirinin” sözləri ilə əvəz edilsin. 1.2. 8-ci bənd üzrə: 1.2.1. 8.4-cü bəndə aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilsin: “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232- ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; 1.2.2. 8.9-cu bəndə aşağıdakı məzmunda 8.9-1 və 8.9-2-ci yarımbəndlər əlavə edilsin: “8.9-1. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan tələb qətnamənin icra qaydasının müəyyən edilməsi barədə müraciətdir. Alimentin tutulması tələbinə dair iddiaya baxılarkən bu barədə edilmiş müraciət MPM-in 220.6-cı maddəsində nəzərdə tutulan qaydada həll edilir. Məhkəmə qətnaməsi ilə tutulan alimentə münasibətdə bu məsələ borclunun ərizəsi əsasında MPM-in 231.1-ci maddəsində nəzərdə tutulan qaydada həll edilir. 8.9-2. Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır.”; 1.2.3. 8.11-ci bəndə aşağıdakı məzmunda 8.11-1-ci yarımbənd əlavə edilsin: “8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.”; 1.2.4. 8.13-cü bəndin birinci cümləsi ikinci cümlə hesab edilsin və həmin bəndə aşağıdakı məzmunda birinci cümlə əlavə edilsin: “Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır.”; 1.2.5. 8.14-cü bənddə “dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən)” sözləri “azaldılarkən” sözü ilə, “dəyişdirilmiş” sözü “azaldılmış” sözü ilə əvəz edilsin. 2. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin: 2.1. 2.5-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin: “Məhkəmələr ayrı yaşayan valideynin uşağı ilə istirahətinin səmərəli təşkili və digər məqsədlərlə birlikdə ölkə daxili və xarici səfərlər etmə imkanını nəzərə alaraq, verilmiş əsaslandırılmış tələbə uyğun qiymətləndirmə həyata keçirməklə ardıcıl bir neçə gün gecə qalmaqla, ünsiyyət qaydasını müəyyən edə bilərlər.”. 2.2. 3-cü bəndin mətni ləğv edilsin və aşağıdakı məzmunda 3.1 və 3.2-ci bəndlər əlavə edilsin: “3.1. Məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun həyata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. 3.2. Bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üsulunun (vaxt, müddət, yer, forma, şərait və s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”. 2.3. 4.2-ci bəndin ikinci cümləsində “259.0.1-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılmalıdır” sözləri “261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir” sözləri ilə əvəz edilsin. 2.4. 9-cu bənd üzrə: 2.4.1. 9.1-ci bənd aşağıdakı redaksiyada verilsin: “9.1. Məhkəmələrə izah edilir ki, uşaqla ünsiyyət hüququnun müəyyən edilməsinə dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcudluğu bu ünsiyyətin sonradan uşağın mənafeyinə zidd, yəni fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi ilə həyata keçirilməsi qanunla müəyyən edilmiş digər yeni halların yaranması daha əvvəl məhkəmə qaydasında verilmiş ünsiyyət hüququnun ləğv edilməsi (məsələn, ünsiyyət hüququ olan tərəfin valideynlik hüququndan məhrum edilməsi əsası ilə), tam və yaxud müəyyən şərtlərlə (cavabdehin sağlamlıq vəziyyətinin bərpasınadək və digər) məhdudlaşdırılması tələbinə dair müstəqil iddia qaldırmaq hüququnu istisna etmir. O da qeyd edilməlidir ki, bu iddialara baxılarkən ünsiyyətin ləğvi və yaxud məhdudlaşdırılması əsaslarına dair ilkin sübutların olduğu hallarda mübahisəyə baxılıb yekunlaşanadək, iddiaçının ərizəsinə əsasən müvəqqəti təminat tədbiri qismində uşaqla ünsiyyət qadağan edilə bilər.”; 2.4.2. 9.2-ci bənd ləğv edilsin. 2.5. 12-ci bəndin mətni 12.2-ci bənd hesab edilsin və aşağıdakı məzmunda 12.1- ci bənd əlavə edilsin: “12.1. Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. Məsələn: İddia təmin edilsin. İddiaçı A-nın oğlu C ilə ünsiyyət hüququ müəyyən edilsin və ünsiyyət qaydası hər həftənin şənbə günü saat 10:00-dan 18:00-dək təyin edilsin. Ünsiyyət hüququnun təmin edilməsi üçün uşaq onun yaşayış yeri üzrə X ünvanında hər həftənin şənbə günü saat 10:00-da cavabdeh B tərəfindən iddiaçı A-ya, həmin gün saat 18:00-da isə eyni ünvanda iddiaçı A tərəfindən cavabdeh B-yə təhvil verilsin. Uşaqla ünsiyyət qaydasına dair qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrində isə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olması göstərilmədiyi hallarda, bu məsələnin həlli Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir.”. 3. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Uşaqların ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2021-ci il 24 dekabr tarixli 13 nömrəli Qərarının 7.12-ci bəndinə aşağıdakı məzmunda ikinci abzas əlavə edilsin: “Həmçinin nəzərə alınmalıdır ki, qanunverici yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərinin biri ilə getməsi qaydasını tənzimləyərkən onlar arasında ayrı-seçkilik qoymamış, uşaqdan ayrı yaşayan valideynlə də ölkədən gedə bilməsi hüququnu istisna etməmişdir. Lakin belə bir hüququn realizəsi üçün ilk növbədə ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququ tanınmış olmalı və müəyyən olunmuş ünsiyyət qaydasının (müddətinin) buna imkan verib-verməməsi aydınlaşdırılmalıdır. Ünsiyyət qaydasının (müddətinin) buna imkan vermədiyi halda, tərəfə bu məqsədlə ünsiyyət qaydasının dəyişdirilməsi ilə bağlı ərizə ilə icra icraatı qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Bu iddialar üzrə sübutetmə yükü ilə bağlı qeyd edilməlidir ki, himayəsində olan valideyndən fərqli olaraq, ölkədən kənara getməsinin uşağın mənafeyinə uyğunluğunu sübut etmək vəzifəsi ayrı yaşayan valideynin üzərinə düşür. O da nəzərə alınmalıdır ki, ayrı yaşayan valideynin uşağın ölkədən çıxarılmasına icazənin verilməsini özünün daimi əsaslarla başqa ölkəyə köçməsi məqsədilə əsaslandırdıqda, habelə qarşı tərəfin bunu sübuta yetirdiyi hallarda iddia rədd olunmalıdır”. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri İnam Kərimov


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi