azia.az
azia.az

Daha bir müharibə xəbərdarlığı: Düşmən kimə arxayındır?

3-06-2017, 09:12

Daha bir müharibə xəbərdarlığı: Düşmən kimə arxayındır?


Qarabağ danışıqlarında durğunluğun davam etdiyi hər gün müharibə riskini artırır. Təəssüf ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu ay regiona nəzərdə tutulan növbəti səfəri ilə bağlı da nikbinlikdən daha çox, skeptik gözləntilər var. Sözsüz ki, vasitəçilər ilk növbədə yeni hərbi qarşıdurmanın əngəllənməsi, yəni sadəcə olaraq, atəşkəs rejiminin uzadılması üçün səylər göstərəcək, bundan ötrü Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının prezidentlər səviyyəsində bərpasına çalışacaqlar.

Ancaq nəticə olacaqmı? Ən önəmlisi də budur. Hələliksə siyasi və hərbi ekspertlər tərəfindən Qarabağ münaqişəsi zonasında yeni hərbi toqquşmalarla bağlı xəbərdarlıqlar gəlməkdə davam edir. Növbəti belə bir SOS siqnalını Beynəlxalq Böhran Qrupu (BBQ) verib.

“2016-cı ilin aprelində Dağlıq Qarabağda vəziyyət gərginləşəndən sonra Azərbaycan və Ermənistan 1994-cü ildə imzalanmış atəşkəs müqaviləsindən bəri müharibəyə ən yaxın vəziyyətdədir”. Bu barədə qurumun sonuncu hesabatında deyilir (APA). Bildirilir ki, aprel müharibəsinə səbəb olan siyasi və təhlükəsizliklə bağlı vəziyyət indi daha ağırdır.

“May ayında təmas xəttində vəziyyət kifayət qədər gərginləşib. Nizamlama prosesi dayanıb, hər iki tərəf qarşıdurmaya hazırdır. Bu gərginlik çoxsaylı dinc əhalinin ölümünə gətirib çıxara biləcək genişmiqyaslı müharibəyə və regional güclərin məsələyə müdaxiləsinə gətirib çıxara bilər. Rusiya, Fransa və ABŞ fikir ayrılıqlarına son qoyaraq, tərəflərə konkret güclü təzyiq göstərməli və zorakılığın yenidən baş qaldırması riskinin qarşısını almalıdır”, - hesabatda deyilir.

BBQ daha sonra bildirir ki, Ermənistan və Azərbaycan liderləri bir-birinə inanmırlar. “Onların, habelə hökumət rəsmiləri və ya hərbi vəzifəlilər arasında kommunikasiya mövcud deyil. Nəticədə durğunluq baş verib ki, bu da vəziyyətin hər an nəzarətdən çıxa biləcəyi deməkdir. Həmçinin hər iki cəmiyyətdə belə bir fikir formalaşıb ki, yeni müharibə qaçılmazdır və hətta müharibə bahasına olsa belə, Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır”, - sənəd müəllifləri vurğulayır.

Hesabata əsasən, Rusiya ən çox təsirə malik xarici oyunçu olsa da, onun bu məsələdə iştirakı qəlizdir və Kreml münaqişənin həllindən çox regionda öz maraqlarını genişləndirməyə çalışır.

Böhran Qrupuna görə, güclənməkdə olan qarşıdurma fonunda vasitəçilərin başlıca vəzifəsi Ermənistan və Azərbaycan liderləri arasında mütəmadi təmasları təmin etmək, İrəvan və Bakını mövqelərini yumşaltmağa və onları savaş ritorikasından çəkindirməyə məcbur etmək olmalıdır: “Onlar hər iki ölkəni məcbur etməlidir ki, etimad və təhlükəsizliyi bərpa etmək üçün təcili tədbirlər barədə razılığa gəlsinlər. Bura həmçinin ATƏT-in monitorinqini həyata keçirən şəxslərin sayının artırılması, ATƏT rəhbərliyi ilə araşdırma mexanizmlərini işə salınması və ərazilərdə vəzifəli hərbçilər arasında mütəmadi təmasların yaradılması daxildir. Paralel olaraq tərəflər həll olunmamış məsələlərlə bağlı substantiv, o cümlədən Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılması, Dağlıq Qarabağın statusu, beynəlxalq təhlükəsizlik təminatı və məcburi köçkünlərin qaytarılması məsələləri ilə bağlı danışıqlar aparmalıdır”.

Göründüyü kimi, BBQ-nin təhlili ilk baxışda obyektiv mahiyyət daşısa da, hesabatdakı heç də bütün müddəalarla razılaşmaq mümkün deyil. Məsələn, sənəddə işğala məruz qalan tərəflə - Azərbaycanla işğalçı Ermənistan arasında sanki bərabərlik işarəsi qoyulur, bu günədək anlaşmanın əldə edilməməsində İrəvanla eyni ölçüdə Bakı da suçlu kimi təqdim olunur. Bu isə ən azından BMT TŞ-nin Dağlıq Qarabağa dair 4 məlum qətnaməsinin mahiyyəti ilə ziddiyyət təşkil edir.

İkincisi, təmas xəttində faktaraşdırıcı mexanizmin tətbiqi də müstəsna olaraq, Ermənistanın maraqlarına xidmət edir. Çünki işğalçı tərəf bununla özünə qarşı Azərbaycanın hərbi xarakterli cavab (cəza) tədbirlərindən sığortalanmış olacaq. Nəticədə Azərbaycan sarıdan heç bir təzyiq gözləməyən düşmən ölkə daha radikal mövqeyə köklənəcək. Bakı təbii ki, status-kvonu ermənilərin xeyrinə möhkəmlədək və onu daha da arxayınlaşdıracaq belə bir mexanizmin tətbiqinə razı ola bilməz. Həmin mexanizmlər yalnız problemin həllində real dönüş olacağı təqdirdə mümkündür.

Bəs real dönüş nə vaxt mümkün olacaq? Siyasi təhlilçilərin bu yöndə fikir və təklifləri müxtəlifdir.

“Dağlıq Qarabağ münaqişəsində irəliləyiş əldə etmək üçün daha yüksək səviyyədə - Minsk Qrupunun həmsədri olan ölkələrin xarici işlər nazirləri və prezidentlərinin iştirakı ilə danışıqlar aparılması lazımdır”. Bunu Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın ölkəmizdəki keçmiş səfiri Metyu Brayza deyib (Report). Onun sözlərinə görə, ABŞ və Rusiya prezidentləri nizamlama prosesində həlledici rol oynaya bilər.

M.Brayza danışıqlar prosesinin çərçivəsini və bu çərçivənin Madrid sənədi olduğunu, lakin prosesin sonradan irəliləmədiyini xatırladıb: “Xarici oyunçular bir yerə toplaşıb tərəfləri qəti barışığa çağıracaq və bu zamana qədər əldə olunan nizamlama çərçivəsində prosesin həllini tələb edəcək üçüncü ölkələrin liderlərinin iştirakı vacibdir”.

Minsk Qrupunun həmsədr ölkələrinin tərkibini şərh edən M.Brayza ABŞ və Rusiyanın həmsədr ölkələr kimi lazımlı olduğunu qeyd edib. O, eyni zamanda Minsk Qrupunun üçüncü həmsədrinin Avropa Birliyi (AB) ola biləcəyini vurğulayıb: “Ayrı-ayrı ölkələr olmaqdansa, AB-nin olması daha yaxşı olardı. AB güclü qüvvədir, bu, beynəlxalq siyasətdə bir qrupdur, odur ki, məncə, belə addım məna kəsb edərdi”.

Sabiq amerikalı diplomatın sözlərində əslində həqiqət yükü az deyil. Gerçəkdən də Rusiya və ABŞ prezidentləri gündən-günə şansı azalan sülh prosesini xilas edə bilər - təbii ki, buna onların istək və marağı olarsa. Təəssüf ki, bu, müşahidə olunmur, Qarabağ məsələsi hələ ki bu iki vasitəçi superdövlətin gündəliyində yoxdur. Varsa belə, ön sıralarda deyil.

Digər yandan, hazırda daha çox Yaxın Şərq (Suriya) böhranına cəlb olunan Vaşinqton və Moskva arasında siyasi münasibətlər Donald Trampın prezident seçilməsi ilə daha qeyri-müəyyən, lap dəqiqi, gərgin dövrünü yaşayır. Belə vəziyyətdə Azərbaycanın əsas vəzifəsi ayıq-sayıq olmaq, özünün hərbi qüdrətini və döyüş qabiliyyətini yüksək səviyyədə saxlamaq və işğalçını mütəmadi canlı və texniki itkilərə məruz qoymaqdır. Yəni düşmən heç vaxt özünü torpaqlarımızda rahat hiss etməməli, hər an güclü hərbi zərbə alacağını gözləməlidir.

Hərbi ekspert Üzeyir Cəfərov da bu fikirdədir.

“Azərbaycan əsgəri ermənilərin özbaşınalığına dözmək fikrində deyil və ordumuz düşmənin bütün mövqelərini darmadağın etmək üçün tam hazır vəziyyətdədir”.

Bu sözləri o, Axar.az-a açıqlamasında deyib. Ekspert iki gün öncə cəbhə xəttində ermənilərin atəşkəsi daha çox pozduğu istiqamətdə olduğunu, əsgər və zabitlərlə görüşdüyünü qeyd edib.

“Ermənilər, sadəcə, ağıllarını itiriblər. Hazırkı vəziyyət onu diktə edir ki, düşmən ordumuzun malik olduğu o texnika, silah və dəyanətin qarşısında çoxdan ağlını başına yığmalıydı. Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə düşməni ən amansız şəkildə cəzalandırılacağı ilə bağlı xəbərdar edib. Bu cəzalandırma prosesi Xocavənd-Füzuli istiqamətində düşmənin müşahidə məntəqəsinin sıradan çıxarılmasında bir daha özünü göstərdi. O cümlədən əsgərlərimiz düşmənin çox ciddi avadanlıq saydığı kəşfiyyat-müşahidə qurğusunu ustalıqla ələ keçirməyə müvəffəq olublar. Baxın, erməni ordusu nə qədər bərbad bir durumdadır ki, istifadə etdikləri üsullar da onların adına layiqdir”, - deyə o qeyd edib.

Hərbi ekspert əlavə edib ki, ermənilərin son vaxtlar bu cür fəallaşması həm də Minsk Qrupu həmsədrlərinin regiona səfərləri ilə əlaqədardır:

“Ancaq heç nə alınmayacaq və Azərbaycan Silahlı Qüvvələri düşmənin bütün təxribatlarını layiqincə cavablandıracaq”.

Musavat.com


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi