azia.az
azia.az

ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına dair bəyanat yayıblar

19-05-2017, 07:19

ATƏT MQ həmsədrləri Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin artmasına dair bəyanat yayıblar


ATƏT Minsk Qrupunun həmsədrləri yaydıqları birgə bəyanatda Dağlıq Qarabağ münaqişəsi zonasında son günlər atəşkəs rejiminin pozulması hallarını pisləyərək, tərəfləri gərginliyin aradan qaldırılması istiqamətində tədbirlər görməyə çağırıblar.

APA-nın məlumatına görə, sənəddə zərbələrin endirildiyi obyektlərə, habelə qurbanlar və dəymiş zərərə dair ziddiyyətli məlumatların olduğu qeyd edilir.

“Həmsədrlər atəşkəs rejiminin pozulması hallarını pisləyirlər və tərəfləri gərginliyin artmasının qarşısını almaq üçün zəruri tədbirlər görməyə çağırırlar”, - deyə həmsədrlərin birgə bəyanatında bildirilir.

Məlumata görə, həmsədrlər və ATƏT sədrinin şəxsi nümayəndəsi vəziyyət barədə daha dolğun və dəqiq informasiya əldə etmək üçün əlavə məlumatlar toplamaqda davam edirlər.

Qeyd edək ki, Ermənistan cəbhə xəttində vəziyyəti yenidən gərginləşdirmək məqsədilə təxribat xarakterli fəaliyyətini davam etdirir. Belə ki, mayın 15-də cəbhənin Füzuli-Xocavənd istiqamətində Ermənistan hava hücumundan müdafiə qoşunlarına məxsus “OSA” zenit-raket kompleksi hərbi qulluqçular tərəfindən müdafiənin ön xəttində yeni mövqeyə çıxarılaraq hava məkanını nəzarətə götürməyə cəhd göstərilib.

Azərbaycanın uçuş aparatlarına yaranan real təhlükənin və düşmənin aktivliyinin qarşısını almaq məqsədilə Ermənistanın “OSA” zenit-raket kompleksi və nəqliyyat-doldurucu maşını atəşlə tam sıradan çıxarılıb, şəxsi heyəti məhv edilib.

Bundan başqa, mayın 16-da axşam saatlarından başlayaraq gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttinin Ağdam istiqamətində Azərbaycan ordusunun mövqelərini və müdafiənin dərinliyində yaşayış məntəqələrini müxtəlif çaplı minaatanlardan intensiv atəşə tutub. Cavab tədbirləri nəticəsində düşmən susdurulub. Azərbaycan Silahlı Qüvvələrin döyüş texnikasına ziyan dəyməyib və şəxsi heyət arasında itki yoxdur. Atılan mərmilər əsasən boş əkin sahələri və yaşayış məntəqələrinə yaxın ərazilərə düşüb. Əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb.

Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Polşa, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir. 1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi