“Ümid edirik ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyat məsələsi həll olunacaq. Ona görə də veriləcək qərarı gözləyirik. Qərar nə olacaqsa, ona uyğun da apellyasiya şikayəti verəcəyik. Hələlik, apellyasiya şikayəti verməkdən imtina etmişik”.
Bunu Modern.az-a açıqlamasında ÜAK-ın icraçı katibi İlqar Hacıyev diaspor təşkilatının ləğv olunması məsələsini şərh edərkən deyib.
İcraçı katibin sözlərinə görə, bu həftə ərzində ÜAK-la bağlı qərar verilə bilər.
“Sadəcə, neçə gündür ki, hakimlə təmasa keçmək mümkün olmur. Onun işləri çox olduğundan nə qərar verəcəyini də təxmin edə bilmirik. Ola bilsin ki, bu həftə ərzində ÜAK-la bağlı qərar verilsin. Gözləyirik”.
Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin təqdimatına əsasən Rusiya Ali Məhkəməsi ÜAK-ın qeydiyyatını ləğv edib.