Abşeron RMX-nin direktoru: İcbari tibbi sığortadan sonra cibdən ödənişlər 80 faiz azalıb - MÜSAHİBƏ
Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Fürsətdən istifadə edib bu ərəfədə Abşeron Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Azər İsmayılovla ölkə səhiyyəsinin nailiyyətləri, mövcud olan problemləri və tibb müəssisəsindəki yeniliklərdən söz açdıq.
“Report” Azər İsmayılovla müsahibəni təqdim edir:
- Azər bəy, Azərbaycanın bugünkü səhiyyə sisteminin fəaliyyətini necə dəyərləndirirsiniz və əsas çatışmayan cəhətlər nələrdir?
- Bu gün Azərbaycan səhiyyəsində ciddi islahatlar gedir. Amma xüsusilə vurğulamaq istərdim ki, ölkədə icbari tibbi sığortanın tətbiqinə qədər səhiyyə sahəsində çox ciddi problemlər mövcud idi. Məsələn, əvvəlki səhiyyə idarəçilik sisteminin bir sıra çatışmayan tərəfləri var idi və bu da ölkə vətəndaşlarının həm tibbi xidmətə əlçatanlığı, həm də keyfiyyətli tibbi xidmət almalarında çox ciddi maneələr yaradırdı. İcbari tibbi sığortanın tətbiqi vətəndaşların daha yaxşı, əlçatan, keyfiyyətli, ədalətli və geniş çeşidli tibbi xidmət almalarına gətirib çıxardı.
- Rəhbərlik etdiyiniz dövrdə xəstəxanada keyfiyyətli tibbi xidmətin fasiləsiz təmin edilməsi, pasiyent məmnunluğunun artırılması istiqamətində hansı irəliləyişlərə nail olunub?
- İcbari tibbi sığortanın tətbiqindən sonra səhiyyə infrastrukturunun yenilənməsi, maddi-texniki bazanın gücləndirilməsi, eyni zamanda kadr potensialının artırılması istiqamətində çox ciddi addımlar atılıb. Nəticə etibarilə bu və ya digər formada ölkə vətəndaşlarının tibb müəssisələrinə müraciətinin asanlaşması, əlçatanlığı, vətəndaş məmnuniyyətini də artırıb. Ən vacib məqamlardan biri ondan ibarətdir ki, icbari tibbi sığortanın tətbiqi ilə birlikdə ambulator, eləcə də stasionar xidmətin yeni standartlara uyğun şəkildə fəaliyyəti təmin edilib. Xəstəxanada həftənin yeddi günü laboratoriyamız 24 saat fəaliyyət göstərir. Əslində icbari tibbi sığorta ilə birlikdə bir çox yeniliklər tətbiq edilib. Abşeron Rayon Mərkəzi Xəstəxanasında ən böyük nailiyyətlərdən biri qeydiyyat sisteminin yeni standartlara uyğun qurulması, eləcə də həm tibbi, həm də qeyri-tibbi şöbələrin yaradılmasıdır. Xəstəxanada yeni dünya standartlarına cavab verən sterilizasiya xidməti qurulub. Eyni zamanda xəstəxanada bir neçə inzibati idarəçiliklə bağlı şöbələr açılıb. Bununla yanaşı, üz-çənə cərrahiyyə, neyrotravmatoloji şöbə və neonotoloji bölmə yaradılıb.
- Abşeron RMX-də növbə sıxlığı ilə əlaqəli müəyyən narazılıqların olduğunu müşahidə edirik. Sıxlığa əsas səbəb nədir və bunun qarşısının alınması üçün hansı addımların atılmasına ehtiyac var?
- Bildiyiniz kimi, Abşeron rayonu 2 000 kvadrat kilometr ərazini əhatə edir. Bakıya yaxınlığı, həm də rayonlarla paytaxt arasında körpü rolunu oynayan rayondur. Abşeron rayonunda xaotik, qeyri-bərabər şəhərləşmə prosesi, urbanizasiya prosesi gedir. Məskunlaşma həddindən artıq çox ciddi şəkildə gedir. Ona görə də bu istiqamətdə problemlər var. Bəlkə də bir milyona yaxın əhali məhz burada məskunlaşıb. Bu da fəaliyyətimizə təsirsiz ötüşmür. Xəstəxanada gündəlik təxminən 2 500 - 3 000 pasiyent qəbul edilir. Bu da istər-istəməz tibbi xidmətin göstərilməsində bəzi çətinliklər yaradır. Buna baxmayaraq, bəzi atdığımız addımlarla çətinliyi dəf edə bilmişik. Yəni, həm maddi-texniki bazanın gücləndirilməsi, eyni zamanda kadr potensialının artırılması istiqamətində də bəzi addımlar atdığımız üçün bu çətinliklər az da olsa aradan qaldırılıb.
- Abşeron RMX-də tibbi kadr kifayət qədərdir və bu il üçün hansı yeniliklər tətbiq edilib, hansı boşluqların aradan qaldırılmasına ehtiyac var? Bu peşəyə gənclərin marağını artırmaq üçün nələr etmək olar? Siz özünüz bu istiqamətdə nə kimi addımlar atırsınız?
- Son bir ildə 100-dən çox orta tibb işçisi və 50-dən artıq həkim Abşeron səhiyyəsinə cəlb edilib. Həkimlərin içərisində ordinatura keçənlər, xaricdə təhsil alanlar, ölkədə sayılıb-seçilən, eləcə də elmlər namizədi var. Xəstəxanaya üz-çənə cərrahiyyəsi, ginekologiya, urologiya, neanotologiya üzrə həkimlər cəlb edilib. Hazırda müəssisədə xaricdə təhsil almış 10-a yaxın həkim çalışır. Bəzi sahələr üzrə kadr boşluğu olsa da, ciddi şəkildə çətinlik yaşamırıq. Pasiyentlərin burada göstərilməyən xidmət üzrə digər xəstəxanalara göndəriş sayı əvvəllər bir gündə 300-ə qədər idisə, indi bu rəqəmi 50-60-a salmışıq. Göndərişlər də bizdən asılı olmayan obyektiv səbəblərdən verilir. Məsələn, xəstəxanada maqnit rezonans tomoqrafiya (MRT) cihazı yoxdur. Eyni zamanda xəstəxanada göz cərrahiyyəsi olmadığından bununla bağlı müraciət edən pasiyentləri məcburi şəkildə digər tibb müəssisələrinə yönləndiririk. Yaxın gələcəkdə bu çatışmazlıqları da aradan qaldıracağıq. Ümumilikdə Abşeron RMX-nin infrastrukturunu nəzərə aldıqda ehtiyacı ödəyəcək qədər həkimimiz var.
- Bəzən dövlət tibb müəssisələrində çalışan həkimlər əlavə qazanc üçün özəl xəstəxanalarla əməkdaşlıq edirlər. Sizin xəstəxanada belə hal varmı? Ümumiyyətlə, onların belə addım atmalarını düzgün hesab edirsinizmi?
- Son bir ildə özəl tibb müəssisələrindən dövlət xəstəxanalarına çalışmaq üçün gələn həkimlərin sayı fantastik dərəcədə artıb. Dövlət təminatı, maddi-texniki bazanın gücləndirilməsi, tibbi sərfiyyat və dərman təminatının ciddi şəkildə yaxşılaşdırılması öz-özlüyündə həkimləri dövlət tibb müəssisələrində çalışmağa cəlb edir. Bunu bir xəstəxana rəhbəri kimi də müşahidə edirəm.
- Bütün bunlara əsaslanaraq demək olarmı ki, artıq xaricə üz tutanların sayında da azalma var?
- Bu, bir az geniş məsələdir. Həm həkim, xəstəxana rəhbəri, həm də xaricdə təhsil alan mütəxəssis kimi deyə bilərəm ki, 5-6 il bundan qabaq Azərbaycandan qonşu ölkələrə, o cümlədən Gürcüstana, Rusiyaya, Türkiyəyə, İrana axın həddindən artıq çox idi. İcbari tibbi sığortanın tətbiqi, vətəndaşa əlçatan tibbi xidmətin və çeşidliyinin təmin edilməsi 70-80 faiz xaricə getmənin qarşısını alıb. Eyni zamanda keçən illərlə müqayisədə xəstəxanaya müraciət sayı ilbəil artır. Konkret olaraq desək, tibbi sığortanın tətbiqindən sonra xəstəxanaya müraciət sayı 30-35 faiz artıb.
- Yaxınlarınıza Abşeron Rayon Mərkəzi Xəstəxanasını tövsiyə edirsiniz?
- Atam heç bir özəl xəstəxanaya getmədən müalicəsini məhz burada alıb. Hesab edirəm ki, bundan gözəl nümunə ola bilməz. Təbii ki, ölkədə sayılıb-seçilən, çox yüksək səviyyəli xəstəxanalar var. Amma təvazökarlıqdan uzaq da olsa deməliyəm ki, Abşeron RMX ölkədə sayılıb-seçilən ilk beş xəstəxana içərisində yer alır.
- Sığorta çərçivəsində xəstəxanada neçə xidmət göstərilir? Yaxın gələcək üçün nə kimi yeniliklərin olması nəzərdə tutulub?
- Hazırda Abşeron RMX-də bəzi böyük həcmli cərrahi prosedurlar və xidmətləri çıxmaq şərti ilə demək olar ki, icbari tibbi sığortanın xidmətlər zərfində olan prosedurların əksəriyyəti icra olunur. Xəstəxanada laporoskapik, ginekoloji, travmatoloji, neyrocərrahiyyə, uroloji əməliyyatların tətbiq edilməsi kimi çeşidliliyinin və sayının artırılmasına nail olmuşuq. Gələcək üçün bir neçə planımız var. Həm xəstəxananın kadr potensialının, həm maddi-texniki bazanın artırılması, eyni zamanda bu ilin axırı və ya gələn ilin əvvəlinə xəstəxanada göz cərrahiyyəsinin icrasına başlamaq planlaşdırılır. Çünki göz xəstəlikləri ilə bağlı çox sayda müraciət var. Həmin pasiyentləri digər tibb müəssisələrinə göndərməmək üçün hazırda həmin xidməti göstərməyi nəzərdə tuturuq.
- İcbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlər ödənişsizdir. Buna rəğmən xəstəxanada pasiyentlərdən pul tələb edilməsi faktı varmı, belə hal aşkarlananda nə kimi addımlar atılır?
- İcbari tibbi sığortanın tətbiqindən sonra cibdən ödənişlər 70-80 faiz azalıb. Əgər belə bir hal baş versə, təbii ki, hüquqi müstəvidə bununla bağlı ciddi tədbirlər görürük və gördüyümüz tədbirlər də var. Həmçinin işdən kənarlaşdırdığımız tibb işçiləri də olub. Hüquq-mühafizə orqanlarına müraciət halları da var.
- Sığorta çərçivəsində müraciət edənlərin hamısı səhhətindəki problemlə əlaqəli həkimə müraciət edir? Çünki bilirik ki, göstərilən xidmətlər limitlidir və ehtiyacı olanların yerini tutmuş hallar da müşahidə olunur...
- Kiminsə xətrinə dəymək və ya incitmək istəmirik. Amma etiraf edim ki, belə hallar çoxdur. Hətta xəstəxananın dəhlizində gəzərkən eşidirəm ki, sadəcə xəstəxananı görmək üçün gəlib müayinədən keçmək istəyənlər var. Yaxud burada müalicə alan qohumuna baş çəkməyə gəlib və fürsətdən istifadə edib müayinədən keçir. Bu kimi faktlar çox deyil. Az olsa belə, bəzən işlərimizdə çətinlik yarada bilir.
- Azərbaycanda hər il 17 iyun Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Tibb işçisi olaraq vətəndaşlara tövsiyəniz nədir?
- Ümummilli Lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı sərəncama əsasən, hər il iyunun 17-si Azərbaycanda Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur. Bu günün təsis edilməsi Azərbaycanın səhiyyə sahəsində çalışan işçilərə göstərilən qayğının bariz nümunəsidir. Tibb işçiləri həm koronavirus pandemiyası dövründə, həm 44 günlük Vətən Müharibəsində hərbçilərlə birlikdə elə ön cəbhədə mübarizə apardılar. Azərbaycanda tibb işçiləri hər zaman əhalinin qayğısına qalan, onların sağlamlığın keşiyində duran insanlardır. Bəlkə də şablon çıxa bilər, amma sağlamlıq sözün əsl mənasında böyük nemətdir. Ona görə də tibb işçisi olaraq vətəndaşlara vaxtında sağlamlıqlarının qeydinə qalmalarını tövsiyə edirəm.