Qarabağ məsələsi Kreml üçün prioritetə çevrilir?
Rusiyanın yeni xarici siyasət konsepsiyası konfliktin həllinə nə vəd edir – ədalətli nizamlama, yoxsa daha uzun müddətə konservləşdirmə?
2016-cə ilin bitməsinə sayılı həftələr qaldı.
Əfsus ki, ötən illər kimi bu il də Dağlıq Qarabağ münaqişəsinin həlli üçün növbəti itirilmiş dövr kimi tarixin arxivinə qovuşur. Aprel döyüşlərindən sonra nizamlama prosesinin sürətlənəcəyinə ümidlər yaransa da, çox keçmədən həmin ümidlər də basdırıldı. Öz arxasında sahibi Rusiyanın daha güclü dəstəyini hiss edən işğalçı Ermənistan təzədən təxribatçı mövqeyinə qayıtdı.
Bu arada Rusiya prezidenti Vladimir Putinin öz ölkəsinin xarici siyasəti üçün prioritet məsələlər sırasında Dağlıq Qarabağ münaqişəsinin də yer aldığı yeni konsepsiyanı təsdiqlədiyi bəlli olub. Bəs, görəsən həmin konsepsiya problemin həllini asanlaşdırmağa yardımçı olacaq, yoxsa Kremlin bir az da güclü nəzarətinə keçməklə daha uzun müddətə konservləşdirilməsinə?
Hələlik bu suala birmənalı cavab vermək mümkün deyil. Yəqin ki, növbəti ilin ilk aylarında, ən uzağı, yaza kimi bunu biləcəyik ki, Rusiya “prioritet” adı altında nəyi nəzərdə tutur? Hər halda rəsmi Bakı ümidlidir ki, bu, konfliktin nizamlanmasında məhz şimal qonşumuzun prinsipial yeni və konstruktiv yanaşmasına gətirəcək, nəhayət, ixtilafın dinc yolla həllində sıçrayışlı irəliləyiş baş verəcək.
Bununla bağlı Azərbaycanın Xarici İşlər Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev deyib: “Yeni xarici siyasət konsepsiyasında Rusiya Federasiyasi tərəfindən digər həmsədr ölkələrlə qarşılıqlı fəaliyyət şəraitində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin prioritet vəzifələr sırasında müəyyən olunmasını alqışlayır və təqdir edirik”. Onun sözlərinə görə, konsepsiyada münaqişənin həlli prosesində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin dövlət başçılarının 2009-2013-cü illərdə verdikləri bəyanatlarında ifadə olunan prinsiplərin əsas götürüldüyü qeyd olunub. “Qeyd etmək lazımdır ki, bu bəyanatlarda Minsk Qrupunun həmsədr ölkələri dövlət başçıları səviyyəsində xüsusilə mövcud status-kvonun qəbuledilməzliyi və qeyri-davamlı olduğunu vurğulayırlar” - XİN sözçüsü bildirib.
H.Hacıyev deyib ki, Azərbaycan tərəfi prezidentlərin Sankt-Peterburq görüşündə aparılmış müzakirələrə uyğun olaraq, Rusiya və Minsk Qrupunun digər həmsədrləri ilə birlikdə münaqişənin substantiv danışıqlar yolu ilə həlli, qəbuledilməz və qeyri-davamlı olan mövcud status-kvonun tezliklə dəyişdirilməsi istiqamətində konstruktiv addımlarını davam etdirəcək.
*****
Beləliklə, Rusiya nəzəri də olsa, gələn il problemin həllinə diqqəti artıracağının anonsunu vermiş olub. Ancaq gerçəkdə Moskvanın Qarabağ siyasətində hansı müsbət dəyişikliklər olacağı və ya heç olmayacağı önümüzdəki dönəmdə bilinəcək. Çox şey yəqin ki, həm də Moskvanın Bakı və Ankara ilə münasibətlərinin xarakterindən asılı olacaq. Yeri gəlmişkən, srağagün Bakıda səfərdə olan Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın bu yöndə səylərini dəstəklədiyini bildirib.
“Rusiya xarici işlər naziri Sergey Lavrovla Türkiyədə keçirilən görüşdə Dağlıq Qarabağ məsələsini müzakirə etdik”. Bunu Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, görüşdə Türkiyənin məsələ ilə bağlı mövqeyi bir daha açıqlanıb: “Biz Azərbaycanın mövqeyini dəstəkləyirik. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin tezliklə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacib olduğunu bir daha vurğuladım. Bundan əvvəl Soçidə Sergey Lavrovla görüşümüzdə də Qarabağ məsələsini müzakirə etmişdik. Rusiyanın bu istiqamətdə səylərini dəstəkləyirik. Ancaq son vaxtlar münaqişənin həlli ilə bağlı proseslərin sürəti aşağı düşüb”.
Bəzi Rusiya rəsmiləri də bu xüsusda optimist görünürlər. Məsələn, Rusiya Federasiya Şurasının beynəlxalq əlaqələr komitəsinin sədri Konstantin Kosaçov hesab edir ki, Moskvanın vasitəçiliyi Dağlıq Qarabağ ixtilafının nizamlanması şansı indi daha hissediləndir. Bunu o, “Vestnik kavkaza” nəşrinə 2016-cə ildə Rusiyanın Güney Qafqaz ölkələri ilə əlaqələrin yekununu şərh edərkən bildirib.
“Dünya dəyişir və Cənubi Qafqaz da istisna deyil. Biz hələ də ona hesab götürürük ki, Azərbaycanla Ermənistan arasında dialoq və Qarabağ probleminin dinc həll axtarışları davam edəcək. Təəssüf ki, bu ilin aprelində biz kəskinləşmə gördük - hansını ki, xoşbəxtlikdən kifayət qədər qısa zamanda dayandırmaq mümkün oldu. Və siyasi prosesin davam edəcəyinə ümidlər nəinki qaldı, eyni zamanda daha hissedilən oldu”, - deyə Rusiya rəsmisi əminliklə qeyd edib.
“Rusiya, sözsüz ki, əsas vasitəçi kimi, Dağlıq Qarabağ konfliktinin nizamlanmasında maksimal konstruktiv rol oynamaqda davam edəcək. Bizim Azərbaycan və Ermənistanla münasibətlərimiz şəksiz ki, prioritet xarakter daşıyır. Hərçənd prezidentin (Putinin-red.) illik müraciətində Rusiyanın qonşu ölkələri haqda xatırlatma yoxdur, ancaq heç bir şübhə yox ki, həm Azərbaycan, həm də Ermənistan bizim üçün çox vacib tərəfdaşlardır. Biz bu iki ölkə arasında Qarabağ probleminin həll olunmamasına görə narahatlıq keçiririk” - Kosaçov bildirib.
Onun sözlərinə görə, Rusiya Azərbaycanla Ermənistan arasında problemlə bağlı hər iki tərəfi qane edən anlaşmanı dəstəkləməyə və ona yardımçı olmağa hazırdır: “Biz həmişə ona təkid edəcəyik ki, bu anlaşmalar müstəsna olaraq dinc yolla, bir-birinə güc yolu ilə təzyiq olmadan işlənib hazırlansın. Biz bu yöndə ardıcıl şəkildə azərbaycanlı və erməni həmkarlarımızla, o cümlədən parlament xətti ilə işləyirik. Bu iş öz hiss olunan nəticəsini artıq verməkdədir”.
*****
Ancaq Qarabağ probleminin həllinə hansı yandan təkan vurulur-vurulsun, aydındır ki, ilk növbədə işğal altındakı ərazilər azad olunmağa başlamayınca, heç bir irəliləyiş mümkün olmayacaq. Həm də bu, İrəvanın hər hansı ön şərt irəli sürmədən olmalıdır.
“Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxmalıdır”. Bunu da Türkiyə XİN başçısı Bakıda bəyan edib. O, E.Məmmədyarovla keçirilən görüşdə Qarabağ münaqişəsinin nizamlanmasını geniş müzakirə etdiklərini, Rusiya başda olmaqla, digər ölkələrlə bu barədə aparılan müzakirələrin də diqqət mərkəzində olduğunu söyləyib. “Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Minsk Qrupu da səylərini gücləndirməlidir” - nazir əlavə edib.
Qardaş Türkiyənin Dağlıq Qarabağ məsələsində tutduğu prinsipial mövqe Azərbaycan üçün təbii ki, böyük önəm kəsb edir. Təəssüflər olsun ki, bu, ixtilafın ədalətli nizamlanması üçün yetərli deyil. Vacibdir ki, Rusiya da öz forpostu, işğalçı Ermənistanı konstruktiv mövqe tutmağa vadar eləsin. Bu olmayacaqsa, demək, Kremlin yeni xarici siyasət konsepsiyasında Dağlıq Qarabağ konfliktinin prioritet olması barədə qeydlər fiksiya, yaxud gözdən pərdə asmaq cəhdindın başqa bir şey deyil.
Ermənilər Trampla bağlı təlaşda: “Bir dəfə də olsun, erməni sözünü dilə gətirməyib”
“ABŞ-da Donald Trampın prezident seçilməsi ermənilər üçün təhdiddir. Çünki son onilliklər ərzində ilk dəfədir ki, ABŞ-da erməni məsələsi barədə anlayışı olmayan, bir dəfə də olsun Ermənistan barədə danışmayan və erməni sözünü dilə gətirməyən, nə Qarabağ münaqişəsi, nə ”soyqırım" barədə heç vaxt bəhs etməyən biri prezident olacaq". Bu sözləri erməni politoloq Ruben Sfrastyan deyib (Virtualaz.org).
Erməni politoloqun fikrincə, ABŞ-ın əvvəlki prezidentlərinin erməni məsələsi haqda anlayışı, öz mövqeləri var idi, çünki onlar siyasi istebleşmentə məxsus idilər. Tramp isə biznesdən gəlib. “Onun erməni məsələsi barədə anlayışı belə yoxdur” - Safrastyan bildirib. Onun fikrincə, Ermənistan və erməni diasporu Trampın inauqurasiyasına qədər əlindən gələni etməlidir ki, onunla təmas qursun. (musavat.com)