Prezidentlərin son görüşündən 2 ay ötdü
Qarabağa dair Kremlin sülh təşəbbüskarlığı imitasiyadır, yoxsa...; Rusiya prezidentinin xüsusi nümayəndəsi: “Xalq diplomatiyasını təzədən bərpa eləmək lazımdır”
“ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ üzrə növbəti yüksək səviyyəli görüşünü hazırlamaq üçün Azərbaycan və Ermənistanla əlaqələr saxlayırıq”. Bunu Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik “RİA Novosti” agentliyinə açıqlamasında bildirib.
Qeyd edək ki, amerikalı diplomat az öncə prezidentlərin növbəti görüşünün nə vaxt baş tutacağını söyləməkdə çətinlik çəkmiş, hələlik yalnız Azərbaycan və Ermənistan XİN başçıları səviyyəsində təmasların mümkünlüyünü dilə gətirmişdi. Prezidentlərin növbəti görüşünün Parisdə, ardınca da Vaşinqtonda reallaşacağı deyilsə də. müşahidələr göstərir ki, bu yöndə ümidlər doğrulmaya bilər. Çünki vaxt az qalıb, hazırlıqlar isə faktiki, gözə dəymir.
***
Bu gün isə Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında üçtərəfli görüşdən 2 ay ötür. Apreldəki 4 günlük müharibədən sonra Azərbaycan və Ermənistan prezidentləri arasında reallaşan 16 may Vyana və 20 iyun Peterburq görüşlərində kövrək inam yaranmışdı ki, bu görüşlər danışıqlar prosesində irəliləyişi təmin eləmək, böyük müharibə riskini minimuma endirmək üçün əsaslı zəmin yaradacaq.
Əfsus ki, bu da olmadı. Rusiya prezidenti Vladimir Putinin avqustun 8-də Bakıda azərbaycanlı həmkarı İlham Əliyev, 9-da Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, 10-da isə Ermənistan prezidenti Serj Sərkisyanla görüşləri Qarabağ sülh prosesini irəlilətmək üçün daha bir ümid qığılcımı yandırsa da, hələ ki ciddi hərəkətlilik yoxdur.
Üstəlik, Kreml başçısının məlum müsahibəsindən aydın oldu ki, Moskva işğal altındakı əraziləri boşaltma üçün İrəvana təzyiq eləməyə hazırlaşmır. Putin bir daha köhnə mövqeyi ortaya qoyaraq bəyan edib ki, ilk növbədə münaqişə tərəfləri öz aralarında razılığa gəlməlidir, Moskva isə bu anlaşmanın qarantlı ola bilər. Lakin hamı bilir ki, işğalçı tərəf məsələdə müstəqil deyil və bütünlüklə Moskvadan asılıdır. Bununla da dairə qapandı.
***
Belə olan surətdə Qarabağ məsələsi ətrafında situasiya təzədən əvvəlki, təhlükəli axarına qayıtmış kimi görünür, danışıqlar prosesində növbəti perspektivsiz mərhələnin, yaxud pauzanın başladığı təəssüratı yaranır. Doğrudur, Rusiya son vaxtlar problemlə bağlı aktivlik nümayiş etdirir, ancaq təkrar edirik, bu fəallıq indi daha çox növbətçi, “imitasiya” xarakteri daşıyan fəallığa bənzəyir. Yəni Rusiyanın konfliktin həllinə ciddi şəkildə girişdiyi qənaəti üçün yetərli hərəkətlilik deyil.
Ola bilsin, Suriya böhranı qlobal və regional gücləri özünə cəlb etdiyindən, Qarabağ məsələsinə diqqət zəifləyib. Ancaq aprel olayları göstərdi ki, bu konflikt özündə heç də Suriyadakı böhrandan az təhlükə potensialı daşımır. Bəs qarşıdakı aylarda Qarabağ problemin həllində real irəliləyiş hər halda mümkündürmü? Ekspert rəyləri birmənalı deyil.
“Bu gün Dağlıq Qarabağ ətrafında formalaşan situasiya yüksək dərəcədə ağrılıdır”. Bu sözləri “Vestnik Kavkaza” nəşrinə müsahibəsində Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdko konfliktlə bağlı son durumu şərh edərkən deyib.
“Apreldəki son hərbi qarşıdurmanın nəticələri həm Bakıda, həm İrəvanda kəskin şəkildə yaşanır. Bəzən zaman yaraları sağaldır, bəzən isə əksinə, müxtəlif qəbildən emosiyaların qızışması üçün daha böyük qıcığa çevrilir. Mənim fikrimcə, Rusiya prezidentinin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşlərindən sonra pauza götürülüb. Bu pauzanı saxlamaq lazımdır. Baxaq, görək payızda nə olur. Əgər siyasi nizamlamanın həlli üçün heç olmasa minimal imkan yaranacaqsa, o zaman mədəniyyət adamları, ictimai xadimlər arasında təmasları təzədən bərpa eləmək lazımdır. Bu - vacibdir. Çünki istənilən siyasi qərar insanlar arasında anlaşma tapmalıdır. Bunu isə yalnız ziyalı kəsimin nümayəndələri edə bilər” - Putinin xüsusi nümayəndəsi qeyd edib.
***
Yəni Rusiya rəsmisi, faktiki, xalq diplomatiyasının bərpasını təklif edir, ancaq bir şərtlə ki, danışıqlar prosesində müəyyən irəliləyiş olsun, nizamlamada nəhayət, gözə dəyən dönüş təmin edilsin. O da ki, təkrar edirik, hələlik görünmür. Aydındır ki, əgər konfliktin həllinə və İrəvana ən güclü təsir imkanına malik vasitəçi dövlət olaraq Rusiya bunu səmimi şəkildə istəməyincə “Qarabağ yükü” də yerindən tərpənməyəcək.
O ki qaldı xalq diplomatiyasına, indiyədək bu yöndə müəyyən cəhdlər edilib, addımlar atılıb. Yada salaq ki, vaxtilə Azərbaycandan bir qrup ziyalı, ictimai xadım Ermənistanda olub, orada düşmən ölkə rəhbərliyi tərəfindən qəbul da olunub, həmçinin əks tərəfin nümayəndə heyəti Bakıya səfər edib və eyni qaydada qəbul edilib.
Lakin bütün bunlar, xalq diplomatiyası problemin həllini dalandan çıxarmaq üçün kifayət etməyib. Bir daha nəticə hasil olub ki, Qarabağ münaqişəsi öncə siyasi müstəvidə, siyasətçilər səviyyəsində həllini tapmalı, yalnız anlaşma əldə olunandan sonra və ya onunla eyni vaxtda xalq diplomatiyası prosesə qoşulmalıdır.
Siyasi anlaşma isə gecikir. Bunun da əsas səbəbi deyildiyi kimi, konfliktin həllində əsas söz sahibi olan Rusiyanın astagəlliyi, problemin köklü şəkildə həllinə böyük maraq göstərməməsidir. Ola bilsin, bunun da kökündə Moskva Qarabağ münaqişəsindən dolayı güddüyü əsas hədəflərə çatmaması durur.
Söhbət əlbəttə ki, regiona dominant qüvvə kimi Rusiya sülhməramlıların yeridilməsi və Azərbaycanı Avrasiya layihələrinə, hətta “Rusiyanın NATO-su” adlanan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qoşmaq planlarından gedir.
Azərbaycanın isə Kremlin bu kimi gözləntiləri ilə bağlı mövqeyi, şərti yetərincə aydındır: öncə Qarabağ məsələsində əsaslı irəliləyiş, Dağlıq Qarabağ ətrafındakı rayonların erməni işğaldan azad edilməsi, sonra başqa inteqrasiya layihələri. Beləcə, Qarabağ məsələsində siyasi pat vəziyyəti davam edir. Aprel döyüşləri göstərdi ki, bu vəziyyəti ən radikal şəkildə məhz Azərbaycan əsgəri poza bilər. (musavat.com)