Ermənistanı ayaq üstə qoyacaq “tək millət - iki dövlət”: qurtuluş açarları Bakı və Ankaradadır
Kapitulyasiya edən ölkə üçün “Alman möcüzəsi” olmayacaq, yalnız “Türk möcüzəsi”; erməni mediası: “Bizim əyalət düşüncəli liderlərimiz vaxtında Heydər Əliyevlə sülh müqaviləsi imzalamalı idilər...”
44 günlük Qarabağ savaşında darmadağın olan işğalçı Ermənistanın hazırkı durumu müharibə sonrası faşist Almaniyasını xatırladır. Düzdür, müharibə dünənədək təcavüzkar yarlığı daşıyan ölkənin ərazisində getməyib - Rusiya əngəl olduğu üçün. Ancaq Ermənistan bütün “dolağı ilə” kapitulyasiya yükünün altında qalıb, çünki savaşa yönəltdiyi bütün maddi-texniki və insan resursları ona məxsus idi.
Ermənistan şəkk-şübhəsiz, indikindən qat-qat böhranlı bir duruma tuş gələcək, əgər onun rəhbərləri, hakim elitası, bütövlükdə siyasi elitası 30 illik yanlış Qarabağ siyasətini, əsassız ərazi iddiasından doğan işğalçılıq kursunu və bunun labüd yekunu kimi hazırkı durumu düzgün təhlil edib yeganə doğru qərarı verməsə. Ona görə ki, savaş kapitulyasiyası yalnızca nəticədir, səbəb deyil. Rüsvayçı məğlubiyyətə gətirən səbəblər isə ciddi şəkildə, dərindən analiz edilib dərslər götürülmədikcə durum daha fəna olacaq.
*****
Bunu təkcə biz demirik. Əcnəbi analitiklər və “beyin mərkəzləri” də neçə vaxtdır eyni xəbərdarlıqları edir. Hər necə olmasa, II Dünya müharibəsinin sonucu olaraq çökən faşist Almaniyası məhz verilən doğru qərarın, 3-cü Reyxin müharibə avantürasından düzgün dərs götürmək hesabına alman xalqı dirçələ və inkişaf tapa bildi. Dünya əsl “alman möcüzəsi”nə şahidlik etdi.
Cırtdan Ermənistan üçün isə tək xilas formulu 2+1 ola bilər. Yəni yalnız iki əsas qonşu dövlət - Azərbaycan və Türkiyə ilə münasibətlərin və iqtisadi-ticari əlaqələrin maksimum qısa zamanda və tam həcmdə bərpa edilməsi erməni xalqını düşdüyü quyunun dibindən çıxarmaq gücündədir.
Başqa alternativ yol görünmür, olmayacaq - yalnızca “Türk möcüzəsi”. Nə quru sərhədinin olmadığı Rusiya, nə də beynəlxalq erməni lobbisi gəlib erməni xalqını xoşbəxt edəsi deyil. Bunu bacarsaydılar, 30 ildə edərdilər. Ümid ona qalır ki, ermənilər arasında praqmatik düşünən başlar tam tükənməyib.
Məsələn, Ermənistanın yeni təyin olunmuş iqtisadiyyat naziri Vaan Kerobyan hazırlanacaq uzunmüddətli proqramlarda Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasından dolayı Ermənistan üçün mühüm imkanlar görür.
“Sərhədlərin açılması bizə geniş imkanlar yaradacaq: bizim ixracatçılar Rusiyaya və digər ölkələrə məhsullarını bu günə qədər etdiklərindən daha rahat şəkildə ixrac edə biləcəklər. Türk limanları açılacaq və çoxsaylı geniş imkanlar təmin ediləcək. Ola bilsin, Azərbaycan bazarı bizim üçün, Azərbaycan üçün də bizim bazarımız açılacaq. O zaman bundan istifadə edə biləcək insanlara ehtiyac olacaq”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, bölgənin blokadadan çıxmasının yaradacağı bütün üstünlüklərdən istifadə üçün müvafiq proqram hazırlanacaq.
*****
Öz növbəsində erməni siyasi icmalçı Karina Karapetyan “Sputnuk Armenii”də yazır ki, erməni xalqı “Alman möcüzəsi”nə ümid etməməlidir: “Ermənistanı AFR-lə müqayisə etməzdən əvvəl unutmayaq ki, Almaniya II Dünya müharibəsindən əvvəl də Almaniya idi. Yalnız bir detal: Almaniya bir sıra dövlətlərlə silahlı qarşıdurmaya girməzdən çox əvvəl «Mercedes» istehsalçısı olub. Ermənistan isə özünü ən yaxşı vaxtlarında ”avtomobil sənayesinin lənəti" olan “YerAZ” avtomobilləri istehsal edirdi və onların da mühərriki zavod qapılarından çıxar-çıxmaz sönürdü. İki ölkə həyatının bütün sahələri üzrə paralellər apara bilərik, əmin olun ki, müqayisə əfsus, bizim xeyrimizə olmayacaq".
Sözünə davam edən Karapetyan erməni mental şüurunun qüsurlarına da toxunub: “Alman xalqının yenidən yüksəlişinə kömək edən alman nizam-intizamına gəldikdə, bu, yalnızca xarakterin bir xüsusiyyəti deyil, yüz illərdir tətbiq olunan ”Prussiya sərt təlimi"nın nəticəsidir. Ermənilərə gəlincə, əgər hər bir Ermənistan vətəndaşının özü özünün baş naziri olduğu ən yüksək səviyyədə bəyan edilirsə, hansı qayda-qanundan və tabeçilikdən danışmaq olar? Bütün bunlar erməniləri aşağılamaq üçün yox, vəziyyəti ayıq qiymətləndirmək üçündür. Bənzətmələrin dili ilə danışsaq, bizi yeni “Marşall planı” deyil, böyük alman kansleri Bismarkdan nümunə götürüb həqiqətən güclü, öz yolu ilə gedə biləcək bir Ermənistan yaradacaq erməni Bismark xilas edə bilər".
*****
“Yaşadığımız faciəyə baxmayaraq, bizim üçün Cənubi Qafqazda tezliklə tamamilə yeni iqtisadi reallığın ortaya çıxacağına inanıram. Bu reallığın ən maraqlı cəhəti isə o olacaq ki, ondan maksimum faydanı məhz Ermənistan götürəcək. Çünki bu günə qədər bizdən ötrü, sadəcə, mümkünsüz olan tamamilə yeni fürsət pəncərələri açılacaq. Tezliklə hamı bunu hiss edəcək”.
“Azia.Az”ın məlumatına görə, belə bir nikbin proqnozla müstəqil ekspert Eduard Naqdalyan Armİnfo-dakı təhlili məqaləsində çıxış edib.
Ermənistanın hazırkı böhranlı duruma gəlməsinin səbəblərindən söz açan Naqdalyan yazıb: “Təəssüf ki, Ermənistan cəmiyyətində əslində nə baş verdiyi və müharibə zamanı niyə məhz belə bir nəticə əldə etdiyimizlə bağlı təəssüf doğurucu bir anlamazlıq var. Biz 25 ildə mümkün variantlardan ən pisini - status-kvonu qorumağa yönəlik bədnam variantı seçdik. Yəni Azərbaycan ərazilərinin işğalına son qoyaraq problemin birdəfəlik həllindən və sülh müqaviləsi imzalamaqdan imtina etdik. Bu, Ermənistanın ölçüyəgəlməz, faciəvi xarici siyasət səhvi idi. Biz sanki bölgəni idarə edən regional superdövlət kimi davranırdıq - əslində isə coğrafi mühasirədə olan və liliput iqtisadiyyatı deqradasiya edən bir ölkə idik. Biz anlamadıq ki, hərbi qələbənin 1994-cü ildə Azərbaycanla sülh müqaviləsinə çevrilməsi məsələsini dərhal həll etmədən, avtomatik olaraq gələcək böyük partlayışın vaxtı üçün geri sayıma rəvac veririk. Deməli, indiki müharibəni məhz o zaman uduzmuşuq”.
Müəllif özünün qoyduğu “Kim günahkardır” sualına belə cavab verir: “Cavab aydındır: günahkar - öz əyalət düşüncəsizliyi ucbatından Heydər Əliyevlə vaxtında sülh müqaviləsi imzalamayan liderlərimizdir. Günahkar 25 ildir xalqı ”düşmənə bir qarış torpaq verilə bilməz" yalançı vətənpərvərlik şüarı ilə zəhərləyən bütün erməni siyasi partiyaları, ekspert camiəsi və Ermənistanın mediasıdır. Siz bu şüarın mahiyyətinə diqqət yetirin: Azərbaycan torpaqlarından bir qarışı da Azərbaycana verilməyəcək. Bu ki tam dəlilik və anlaqsızlıq idi..."
Erməni xalqı və onun rəhbərləri heç olmasa, bundan sonra anlaqlı ola biləcəkmi? Özləri bilər. Ancaq gərək unutmasınlar ki, darmadağın Ermənistan ayaq üstə yenə məhz Azərbaycan və Türkiyə hesabına dura bilər. Qurtuluş açarları nə Qərbdədir, nə də Rusiyada. Açarlar Bakı və Ankaradadır...