azia.az
azia.az

Milli Şuranın növbəti xəyanəti - şəhidimizin dəfn günü düşmənlə “birləşdi”

23-09-2020, 12:19

Milli Şuranın növbəti xəyanəti - şəhidimizin dəfn günü düşmənlə “birləşdi”

Milli Şura (MŞ) növbəti dəfə anti-Azərbaycan mövqeyindən çıxış edərək, belə bir gərgin günlərdə Ermənistanla “birləşib”. Belə ki, sentyabrın 21-də ölkədə müharibə xəbərlərinin hər şeyi üstələdiyi, həmin gün səhər saatlarında cəbhənin Tovuz istiqamətində hərbiçimiz Elşən Məmmədovun şəhid olduğu, bütün ölkənin diqqətinin ora yönəldiyi bir vaxtda bu qurum bəyanat yayıb.

“Milli Şura beynəlxalq birlikdən Azərbaycanda siyasi məhbuslar problemi başda olmaqla, insan haqları sahəsindəki acınacaqlı vəziyyətə birdəfəlik son qoyulması üçün Azərbaycan hakimiyyətinə hakimiyyətinə təsirli vasitələrlə, o cümlədən ünvanlı sanksiyalarla ciddi təzyiq göstərməyi gözləyir” deyə, bəyanatda bildirilir.

Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev “Azia.Az”a açıqlamasında məlum bəyanata təəccüblənmədiyini dilə gətirdi: “Sədrləri həmişə qeyblərdə, məchullarda, uzaqlarda olan Milli Şura, deyəsən, bir tək fəaliyyət baxımından deyil, verdikləri bəyənatlarla bağlı zaman ayarlamaq baxımından da ciddi korluq çəkirlər. Yoxsa şəhid verdiyimiz gün, hamının müharibədən danışdığı anda mövzudan tamamən kənar sərlövhə ilə çıxış etməz, abırlarına qısılar, azacıq səbr edər, içlərindəki nifrini, qisasçılığı barı bir neçə gün sonraya ertələyərdilər. Amma yox. Bunlar üçün heç bir hədd, qırmızı xətt, toxunulmayan dəyər qalmayıb. Qisas, təkəbbür, ambisiya Əli Kərimlinin, deputat olduğu zaman torpaq istəmədiyi icra başçısı qalmayan Gültəkin Hacıbəylinin, onlar kimilərinin gözünü elə örtüb ki, artıq nə milləti, nə Qarabağı, nə şəhidi, nə də qəhrəman əsgərlərimizi düşünürlər. Adamlar ancaq özləri, öz mənfur arzuları ilə baş-başadırlar. Hələ AXCP sədri arada vaxt eləyib eks işçisinin partiyadan çıxdaş olunması üçün plan qurmağa, saxta sənəd düzəltmək üçün tapşırıq verməyə belə macal tapır. Bunlar bax belə ipiqırıqdırlar, həm dostlarına, həm xalqa, həm də hamıya və hər şeyə münasibətdə. Tofiq Yaqublu ilə bağlı bir məqamı xüsusən qeyd etməliyəm: mediadakı, sosial şəbəkələrdəki çıxışlardan da aydın görünürdü və sonuc, nəticə etibarilə bir daha göründü ki, onun azadlığa çıxmasını radikal müxalifətdən çox elə iqtidar nümayəndələri, təmsilçiləri, təəssübkeşləri istəyib.

Ayrıca, bu məsələ artıq öz həllini tapıb. Tofiq bəy də evində-eşiyindədir. Daha bu mövzunu çürütməyin, yenidən səs-küy salmağın, bəyanat halına gətirməyin və hələ bu da azmış kimi, iqtidarın atdığı addımı təqdir eləmək əvəzinə minnət qoymağın adı nədir bəs? Mövcud hakimiyyət neyləməlidir ki, Əli Kərimli və Milli Şura qane olsun, rahatlaşsın, sussun, razılaşsın? Bu cür həssas məqamda, Qarabağ mövzusunun gündəm təşkil etdiyi anda, milli birlik, həmrəylik nümayişi gərəkdiyi yerdə tam tərs fəaliyyət istiqaməti götürərək iqtidara hücum etməyin məqsədi, məramı nədir, görəsən? Bəs Kərimli keçən dəfə deyirdi, daha dəqiqi, status yazmışdı ki, hakimiyyətlə münasibətlərimizi çözməyi yaxşı zamanlara saxlayırıq, indi hamı səfərbər olmalıdır, nə oldu? Bəy 2 ay ərzində fikirlərinə korrektəmi elədi? Xeyr, heç bir korrektə-filan olmayıb. Adam, sadəcə, iki ay qabaq artistlik edirdi, imitasiya edirdi, publikaya işləyirdi. İndi isə özüdür. Əsl riyakar, saxtakar. Bu millət, bu xalq, bu dövlət, bu hakimiyyət erməniyə, yağı düşmənə, işğalçıya qarşı döyüşmək əzmindədir, ruhundadır. Əli Kərimli və onun dəstəsi isə bu əzmi, bu ruhu iqtidara qarşı səfərbər edib, sadəcə, iqtidara qarşı. Vəssalam! Fərq budur. Amma açıq deyim, məlum bəyanata heç təəccüblənmədim. Çünki söhbət anti-Milli Şuradan gedir. Söhbət Əli Kərimli kimi nankor siyasətçidən gedir. Onlardan gözlənilən bundan artıq ola bilməz. Onların çürük xisləti, bəsit təfəkkürü heç bir zaman normal, məntiqli bir şey hasil edə bilməz. Özləri nədirsə, bəyanatları da həmin mahiyyətdədir. Mənasız, zamansız, riyakar”.

Siyasi şərhçi Yeganə Hacıyeva “Yeni Müsavat”a açıqlamasında Milli Şuranın bu cür xəyanətinin ilk olmadığını söylədi: “Sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində ermənilər növbəti təxribat etdilər və Azərbaycan Ordusunun bir əsgəri şəhid oldu, digəri isə yaralandı. İki gündür artıq Azərbaycan cəmiyyətinin nəbzi Tovuzda vurur, şəhid hərbiçimizin dəfnində cəmiyyət fiziki iştirak edir, hiddətlənir. Çünki KİV-lərdən gördüyümüz boynu bükük şəhid övladının şəkili ürəkləri dağlayır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ehtiyatda olan zabitlərin xüsusi toplanışını elan edib və s. Bu artıq son 3 ayda ikinci belə təxribatdır və bu təxribat təkcə sərhəddə deyil, digər sahələrdə də davam gedir. Ermənistan regionun enerji, demoqrafik və ekoloji təhlükəsizliyinin pozulması istiqamətində sistemli iş aparır. İşğal olunmuş ərazilərimizə etnik erməniləri qanunsuz məskunlaşdırır, işğal olunmuş ərazilərdə ”xalq ordusu" adı altında Suriyadan etnik erməni terror qruplarını yerləşdirir, baş nazirin arvadı hərbi təlim keçir, qanunsuz silah daşımaları və s. kimi təxribatlarla həm də regionun uzun illərdir mövcud olan düzəninin pozulması siyasətini həyata keçirir. Yəni Ermənistan Azərbaycanın müharibəyə cəlb olunması üçün hər cür təhrikçi addımlar atır. Bu təhrikçi diplomatiya ilə paralel olaraq ABŞ-dakı erməni lobbisi konqresdə “Dağlıq Qarabağ bölgəsi, ətraf 7 rayonda, həmçinin Ermənistan və Azərbaycan arasındakı sərhəddə 2020-ci il ərzində baş verən bütün əhəmiyyətli güc tətbiqi faktlarının təsviri edilməsi, güc tətbiqinin təşəbbüskarının müəyyənləşdirilməsi və bu gücün miqyasının qiymətləndirilməsi kimi bir təşəbbüs başladıb. Yəni Azərbaycan tərəfinin güc tətbiqinin təşəbbüskarı kimi təsdiqlənməsinə çalışır. Amma onlar bu işdə tək deyillər. Məsələn, şəhidimizin dəfn olunduğu gün Milli Şura toplaşaraq ABŞ Konqresindən və Avropa qurumlarından Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırış ünvanlayıb. Əslində nə bu çağırış Milli Şuranın ilk bu tip çağırışı deyil, nə də qurumun bu fəaliyyəti anti-Azərbaycan dairələri ilə milli maraqlarımızın əleyhinə ilk sinxronluğu deyil. Milli Şuranın ”allı-şallı" üzvlərinin Azərbaycanın maraqlarının əleyhinə fərdi və institutsional fəaliyyətlərindən saatlarla danışmaq olar. Onların bəziləri haqda kiçik anonslarla da olsa cəmiyyət tanışdır, istər səfirliklərdə, istərsə də zamanında təmsil olunduqları beynəlxəlq təşkilatlarda agentlik etmələri heç kimə sirr deyil. Amma məsələnin ən hiddətləndirici tərəfi bu çağırışın sərhəddə öldürülən şəhidin dəfni ilə eyni günə təsadüf etməsi, Azərbaycan cəmiyyətinin ağrı-acısını heçə sayacaq qədər reallıq hissinin itirilməsidir".
“Yeni Müsavat”


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi