azia.az
azia.az

Əhməd Qəşəmoğlu: “Məmurlar əhaliyə ikinci dərəcəli insan kimi baxırlar”

19-09-2020, 12:57


Son vaxtlar ölkədə vəzifədən kənarlaşdırılan bir çox məmurların xalqa qarşı münasibətləri, öz vəzifələrindən şəxsi gəlirlərini artırmaq üçün istifadə etmələri, dəyəri milyonlarla ölçülən varidatları və digər bu kimi məsələlər problemə daha geniş müstəvidə baxmaq üçün əsas verir.
Əhməd Qəşəmoğlu: “Məmurlar əhaliyə ikinci dərəcəli insan kimi baxırlar”
Ölkədə idarəetmənin strukturu ilə bağlı əsas problem nədir? Sosioloq Əhməd Qəşəmoğlu ilə müsahibədə bu suala cavab tapmağa çalışdıq.

Musavat.com müsahibəni təqdim edir...

- Əhməd müəllim, son illər ölkədə kadr islahatları sürətlənib və idarəetmənin ən yüksək pillələrində təmsil olunan məmur-oliqarxlar vəzifələrini itirirlər. Ancaq vəzifədən gedən hər bir məmurun, icra başçısının arxasından nə qədər cinayətlər, korrupsiya faktları aşkarlanır. Bu durumun obyektiv səbəbləri nələrdir? Məmurlar niyə xalq üçün yox, özləri üçün çalışırlar?

- Yaxşı olar ki, bütün islahatlar, son nəticədə, məmurun əhaliyə qarşı daha düşüncəli və sayğılı olmasına aparıb çıxartsın. O ölkədə , dövlətdə yaşamaq əhali üçün rahat olur ki, insanlar məmurların onların qayğısına qaldığını hiss edirlər. Bunu hiss edən əhali, birləşir. Hər zaman deyirik ki, gəlin birləşək, birlik haqqında danışırıq. Bu birlik o zaman olacaq ki, əhali məmurların onların qayğısına qaldığını hiss edəcək. Əhali bunu hiss etdikdən sonra dövlətin elə qərarları ola bilər ki, insanlara bundan ziyan dəyər. Ancaq yenə də anlayar ki, məmur bunu çıxılmaz vəziyyətə görə edir, şəxsi maraqlarına görə yox. O zaman vətəndaşların da verilən qərarlara reaksiyası normal olur və sosial gərginlik olmur. Çox təəssüf ki, bizdə hələ ki, belə vəziyyət yaranmayıb. Hər dəfə insanlar görür ki, hansısa idarə, nazirlik , təşkilat elə qərarlar qəbul edir ki, burada əhalinin yox, özlərinin və ya hansısa qüvvələrin mənafeyini müdafiə edir. Bu zaman əhali arxayın da olmur ki, onun cibindən çıxan pul dövlət büdcəsinə gedir, ya yox. Bizdə bu məsələ çox böyük problemdir. Əhalinin idarəetmədə olan şəxslərə, məmurlara inamını yaratmağa çox böyük ehtiyac var. Bu inam da öz-özünə yarana bilməz, primitiv çağırışlarla heç kimi aldatmaq olmaz. Elin gözü tərəzidir və hamı hər şeyi çox gözəl başa düşür. Ona görə də, belə məsələlərə aydınlıq gətirilməlidir. İstənilən zaman müəyyən qərarlar qəbul olunanda onun açıq şərhi olmalıdır ki, niyə bu addım atılır və burada əhalinin maraqları nə dərəcədə qorunub. Qorunmayıbsa, nə üçün qoruna bilməyib. Bu istiqamətdə şərtlər aydın olduqdan sonra qarşılıqlı inam yaratmaq mümkün olacaq. İndiki vaxtda, dövlət başçısı göstəriş verir, əhali inanır ki, onların faydası üçün bir addım atılacaq, sonra isə ortaya belə məsələlər çıxır. Bu məmurlar köhnə psixologiya ilə yaşayırlar. Onlar əhaliyə ikinci dərəcəli kimi baxırlar. Hansısa təşkilatın marağı, kiminsə şəxsi marağı baxımından addımlar atmaq vərdişi köhnə məmur ordusuna xas olan xüsusiyyətdir. İndi kadr dəyişiklikləri gedir, gənclər idarəetməyə gəlir, onlar anlamalıdır ki, dövlətçilik üçün ən mühüm şərt dövlətlə vətəndaş arasındakı qarşılıqlı etibar və inamdır. Bunsuz mümkün deyil. Müasir düşüncəli məmurlara ehtiyacımız var. Onlar ilk növbədə idarəetmədə müasir metodlardan istifadə etməlidirlər. Bundan əlavə, əhalinin daha çox qayğısına qalmalıdırlar. Əhali belə məmur gözləyir.

- Çox zaman məmurların açıqlamalarından onların real vəziyyətindən , xalqın güzəranından, hətta idarə etdikləri sahədən xəbərsiz olduqları hiss olunur. Məsələn, BNA əhalini taksidən imtina edib, ictimai nəqliyyatdan istifadə etməyə çağırır, halbuki ictimai nəqliyyatda sıxlıq pik həddədir. Real vəziyyətdən xəbəri olmayanların idarəetmədə iştirakı nəyə gətirib çıxarır?

- Məmur prezidentə kömək etmir, əsas problem budur. Prezident əhalini ictimai qınağı gücləndirməyə dəvət edir. Dediyiniz kimi, avtobuslarda sıxlıq var, hamı maskanı çənəsinə taxıb, heç kimə də heç nə demək olmur, risk çoxdur. İctimai qınaq bu məsələdə asan deyil. Əvvəlcə ictimai nəqliyyatda rahatlığı yaradıb, sonra ondan istifadəni təbliğ etmək lazımdır. Bu virus sonuncu deyil, koronavirus gedəcək, yerinə başqası gələcək. Artıq dünya, o cümlədən Azərbaycan yeni bir eraya daxil olub, bu viruslar erasıdır. Biz virusla birgə yaşamağı öyrənməliyik. Necə ki, kəndlərdə insanlar ilanın olduğunu nəzərə alıb yaşayırlar, ondan qorunurlar. Biz də virusla bərabər yaşamağı öyrənməliyik ki, sonra qalan məsələləri həll edək. Əgər bu gün toylara icazə verilsə, sabah 50 nəfər toy iştirakçısı yeyib-içib qucaqlaşacaq, yallı gedəcəklər. İnsanlar hələ hazır deyil. Əvvəlcə problemi həll edib, sonra əhaliyə tənqidi yanaşmaq lazımdır. Avtobusda təhlükəsizliyi təmin etmədən taksidə qiymətləri qaldırmaq özü əhalini narazı salmaqdır.

- Digər məsələ, bəzi məmurların, hətta xalqın səsverməsi ilə seçilən bəzi deputatların çıxışlarında xalqı aşağılamaq, xor görmək ritorikası sezilir. Bunun səbəbi nədir?

- Səbəb odur ki, uzun müddət məmurların seçilməsində doğru kriteriyalar əsas götürülməyib. Elə insanlar məmur təyin edilməli idi ki, onlar xalqı sevsin, əhalinin qayğısına qalsın.

- Bu bir qədər mücərrəd keyfiyyətlərdir, məmurun xalqa sevgisini necə müəyyən etmək olar?

- İşə kadr götürəndə işini bilən və vətənpərvər adama üstünlük verilməlidir. Məmur işləyərkən bəlli olur ki, bu adam rüşvətxordur, əhaliyə qayğı göstərən deyil, dələduzdur. Kiminsə tapşırığı , tövsiyəsi ilə kadr seçmək olmaz. İndiyə qədər məmur seçimində kriteriyalar qaydasında olmayıb. Vətənpərvərlik komponenti nəzərə alınmayıb. Vətənpərvər insan rüşvətxor olmur, neqativ bir hal olsa belə onu tərbiyə etmək asan olur. Bu insanlar daha çox xalqın qayığısına qalır. Sovet dövründə də bu amillər nəzərə alınırdı. Sovet dövründə də bu amillər nəzərə alınırdı. Məmur vəzifəyə gedərkən bilməlidir ki, ondan tələb olunan məsələlərdən biri də əhaliyə qayğıdır. Bu istiqamətdə işləri gücləndirməliyik. İndiyə qədər hansısa vəzifəyə gedən məmur əhaliyə qayğı və diqqətin birinci işi olduğunu düşünməyib, əksinə fikirləşib ki, işi bilir və pul qazanıb aşağıdan yuxarı ötürür. Biz məmurları seçərkən əsas götürdüyümüz prinsipləri dəyişməliyik.

- Azərbaycanda iki idarəetmə formasını gördük. Biri ənənəvi dövlət qurumları, bir də “ASAN Xidmət” modeli. Hər ikisinə eyni kateqoriyadan olan şəxslər təyin edilir. Ancaq birində insanlar təmiz, rüşvətsiz xidmət göstərir, digərində isə vəzifəyə gələn gündən fərqli yollara əl atırlar. Bu fərqin səbəbi nədir, şəxsi keyfiyyətlər, idarəetmə modeli?

- Burada insan psixologiyasına mühitin təsiri məsələsi var. Mən Moskvada oxuyarkən müşahidə edirdim ki, orada bizim tələbə gənclər avtobusa minməzdən öncə bilet alırdılar. Həmin adam Bakıya gələndə avtobusa xüsusi əda ilə minirdi, qabaqdan sürücünün üstünə pulu tullayıb otururdu. Eyni adamdır, ancaq fərqli şəraitdə davranışı dəyişirdi. Moskvada növbəyə əməl edənlər, Bakıya gələndə qaydanı pozurdular. İnsanın davranışına təsir edən 4 mühüm amil var. Biri insanın şəxsi psixoloji xüsusiyyəti, xarakteridir, ikincisi mühit, üçüncü aldığı informasiyalar , dördüncü isə üstünlük verdiyi dəyərlərdir. Biz bu 4 amili əlaqələndirməklə bu məsələləri idarə edə bilərik. Çətin bir məsələ olmasa da, elmi yanaşma tələb edir. Məmur bilir ki, özəl şirkətə gedərkən ondan yüksək səviyyədə iş tələb olunur, onu edir. Digər tərəfdə mühit ondan başqa şeylər tələb edir və insanın daxilindəki başqa hisslər aktivləşir. Bu insanın təbii xüsusiyyətidir, insan psixologiyasına məxsus məsələdir. Mühit məsələsi çox önəmlidir. Təhsil mühitindən danışmaq lazımdır. Orta məktəbdə, universitetdə də təhsil mühiti daha çox təhsilin keyfiyyətinə təsir edir. Biz hələ primitiv yollarla məmur seçirik, əsas prinsip odur ki, məmur çox pul qazansın. İndi hansı məmuru , naziri işdən çıxarırlarsa, məlum olur ki, neçə milyon pul oğurlayıb, malı-mülki, sərvəti tapılır. Bu məmurlarda psixologiya maddi gəlir əldə etməyə, şəxsi sərvətini artırmağa yönəlib, əhaliyə qayğı göstərməyə yox. Ona görə də, bu sahədəki prinsiplər dəyişdikcə müsbət seçimlər də olacaq.

Nərgiz LİFTİYEVA


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi