"Bütün səmimiyyətimlə İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm" - Rusiyalı akademik
“Bütün səmimiyyətimlə İlham Əliyevə minnətdarlığımı bildirmək istəyirəm. Çox sağ olun. Bir neçə ildir görüşmürük və onun məni xatırlayıb diplom göndərməsi çox şeyə dəyər”.
Bunu Azia.Az-ın Rusiya bürosuna akademik Alevtina Brovkina “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunması ilə əlaqədar deyib.
“Bilirsiniz, dostluq hissi həmişə qalır. Bir vaxtlar elə oldu ki, 80-ci illərdə həyat məni ecazkar insan Zərifə Əliyeva ilə bir araya gətirdi. O vaxtdan bəri Azərbaycana aşiq oldum və bu 40 ildə çox sayda azərbaycanlı dost qazandım”, - o söyləyib.
“Təəssüf ki, bu il koronavirus bizi azərbaycanlı həmkarlarımızdan ayırdı. Görüş keçirilməli idi, ancaq alınmadı. Bununla belə, bunun əvəzini çıxacağımızı düşünürəm. Dekabrda Rusiya Oftalmologiya Konqresi keçiriləcək və tədbirə Azərbaycanın Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutundan olan həmkarlarımız da dəvət olunub. İnstitutun binası mənim üçün dəyərlidir, çünki onu yalnız təməli qoyulan zaman görmüşəm və indi isə yaraşıqlı saraydır. Ümumiyyətlə, Bakı özü yaraşıqlı, bayram əhval-ruhiyyəli, lüks şəhərdir, xüsusən də 80-ci illərlə müqayisədə”, - A.Brovkina söyləyib.
Azərbaycan oftalmoloqları ilə əməkdaşlıqdan danışan akademik əksər məsələlərdə oxşar fikirlərə sahib olduqlarını vurğulayıb: “Xəstələrə münasibət, yeni texnologiyaların tətbiqi və s. məsələlərində azərbaycanlı həmkarlarımızla hər şeyi eyni cür qəbul edirik”.