azia.az
azia.az

Prezident İlham Əliyev: “Mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq”

1-09-2020, 11:04


Avqustun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli növbəti hospitalının açılışında iştirak edib.
Prezident İlham Əliyev: “Mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq”
AZƏRTAC dövlətimizin başçısının hospitalın açılışındakı çıxışından bəzi məqamları təqdim edir.

“Əfsuslar olsun ki, bu gün hələ də vəziyyəti dərk etməyənlər, məsuliyyətini itirmiş insanlar mövcuddur və qaydaların kobudcasına pozulması halları vardır. Belə hallar aşkarlananda təbii ki, cəza tədbirləri də mütləq olmalıdır və tətbiq edilir. Cəza tədbirləri bütün kateqoriya insanlara tətbiq edilir. Heç bir ayrı-seçkiliyə yol verilməməlidir və verilmir. İctimai vəziyyətinə, ictimai statusuna baxmayaraq, hamı qanun qarşısında bərabərdir. Azərbaycanda bərabərlik, ədalət və qanunun aliliyi əsas prinsiplərdən biridir və mən bütün vətəndaşları məsuliyyətə çağırıram. Birincisi, özlərini, öz yaxınlarını qorumaq üçün daha məsuliyyətli olmalıdırlar. Digər tərəfdən, qaydaları pozanlar, böyük kütləvi tədbirlər təşkil edənlər və beləliklə, ölkə qanunları ilə və mövcud olan qaydalarla nümayişkaranə hesablaşmayanlar mütləq öz cəzasını alacaq və alır. İctimaiyyət də bu məsələ ilə bağlı məlumatlandırılır. Hesab edirəm, Azərbaycan vətəndaşları yaxşı görürlər ki, qanun hər kəs üçün qanundur. Heç kim qanundan üstün ola bilməz, heç kimdə heç bir imtiyaz ola bilməz və heç kimə heç bir güzəşt edilmir və edilməyəcək”.

“Görülmüş bütün işlər bir məqsədi güdür ki, bu vəziyyətdən az itkilərlə çıxaq və hesab edirəm ki, biz buna nail oluruq. Hər şey müqayisə ilə ölçülür. COVID-lə bağlı dünya statistikasına baxdıqda görürük ki, ölkəmizdə əldə edilmiş nəticələr doğrudan da çox təsirlidir, çox dəyərlidir. Mən hesab edirəm ki, məhz bu tədbirlər nəticəsində biz minlərlə insanın həyatını qoruduq”.

“Əminəm, birgə səylər nəticəsində bundan sonra da dövlətin qətiyyətli və düşünülmüş, ədalətli addımları, vətəndaşların məsuliyyəti imkan verəcək ki, biz bu ağır vəziyyətdən az itkilərlə çıxaq və daha tez zamanda normal, adi həyata qayıdaq”.

“Biz hazırda bir neçə şirkətlə COVID-ə qarşı peyvəndin ölkəmizə gətirilməsi ilə əlaqədar fəal iş aparırıq. Mən ümid edirəm ki, Azərbaycan bu sahədə də peyvəndi əldə edən birinci ölkələr sırasında olacaqdır. Çünki biz artıq bir müddətdir ki, bu məsələ ilə əlaqədar çox fəal iş aparırıq. Ancaq burada əsas şərt bu peyvəndin bütün sınaq mərhələlərindən keçməsidir. Həkimlər yaxşı bilirlər ki, istənilən yeni peyvənd bir neçə mərhələdən keçir və yalnız ondan sonra bazara çıxarılır, insanların vaksinasiyası üçün istifadə olunur. Ona görə bütün mərhələlər, şirkətlərin apardığı araşdırmalar öz nəticəsini verəndən, bütün sınaq testləri aparılandan, beynəlxalq sertifikatlaşdırma aparılandan sonra biz bu peyvəndi ölkəmizə gətirəcəyik. Ondan sonra ümid edirəm demək olacaq ki, bu dəhşətli vəziyyət arxada qalıb”.

“Hazırda ölkəmizdə hər gün 100-dən 200-ə qədər insan yoluxur. Əvvəlki aylarla müqayisədə bu, əlbəttə ki, daha yaxşı nəticədir. Ancaq vəziyyəti daim nəzarət altında saxlamaq üçün gündəlik monitorinq aparılır və aparılacaqdır. Eyni zamanda, yumşalma addımları elə atılmalıdır ki, xəstələrin sayı kəskin artmasın. Bu, əsas məsələdir və burada biz əlbəttə ki, öz addımlarımızı çox ehtiyatla atacağıq”.

“Pandemiya həm ölkə iqtisadiyyatına, həm də insanların sosial vəziyyətinə mənfi təsir göstərmişdir. Bu təsirin fəsadlarını azaltmaq üçün praktiki addımlar atılır. Beş milyona yaxın insan geniş sosial paketlə əhatə olunub. Həm dövlət sektorunda, həm özəl sektorda işləyənlər, eyni zamanda, işsizlər, o cümlədən qeyri-formal formada işləyənlər, aztəminatlı təbəqəyə aid olan insanlar - bütün kateqoriyadan olan insanlar dövlət tərəfindən maddi dəstəklə təmin edilib. Bu, bir daha onu göstərir ki, insanların rifahı, onların sosial vəziyyəti və əlbəttə ki, sağlamlığı bizim üçün əsas məsələdir”.

“Pandemiyanın ilk günlərindən demişdim ki, bizim üçün insanların sağlamlığı prioritet məsələdir və biz bütün səylərimizi bu məsələnin həllinə istiqamətləndirdik. Təbii ki, belə olan halda iqtisadi sahədə çətinliklər də labüd idi. Ancaq hesab edirəm ki, başqa ölkələrlə müqayisədə Azərbaycanda iqtisadi sahədə də vəziyyət daha yaxşıdır. Biz yaxşı bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə pandemiya dövründə iqtisadi tənəzzül 10, 15, 20, 25 faiz səviyyəsindədir. O cümlədən Avropanın inkişaf etmiş ölkələrində yüksək səviyyədədir. Ölkəmizdə isə görülmüş tədbirlər nəticəsində 7 ayda iqtisadiyyat cəmi 2,8 faiz aşağı düşüb. Ümumi dünyada mövcud olan mənzərəni nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir”.

“Hazırda COVID xəstələri üçün 46 xəstəxana fəaliyyət göstərir. Bu xəstəxanaların 41-i son 17 il ərzində inşa edilmişdir. Məhz regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bütün bölgələrimizdə, bütün şəhərlərimizdə müasir tibb ocaqları yaradılıb. Təsəvvür etmək çətin deyil ki, əgər biz bu addımı vaxtında atmasaydıq, bu gün hansı problemlərlə üz-üzə qala bilərdik. Tam məsuliyyətlə deyə bilərəm ki, əgər bu xəstəxanalar vaxtında tikilməsəydi, bu gün biz çox ağır vəziyyətə düşə bilərdik. Nəinki xəstəxanalar tikilib, ən müasir avadanlıqlarla təchiz edilib və bu gün də bu proses davam etdirilir. COVID ilə mübarizədə bizim səhiyyə sistemimizin maddi-texniki bazası xüsusi rol oynayır”.

“Laboratoriyaların sayını böyük dərəcədə - bir neçə dəfə artırmışıq. Pandemiya başlayanda bizim cəmi 6 laboratoriyamız var idi, bu gün biz o laboratoriyaların sayını 45-ə çatdırırıq. Ölkəmizdə 900 mindən çox test keçirilib. Adambaşına düşən testlərin sayına görə Azərbaycan dünya miqyasında qabaqcıl yerlərdədir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi