“Dövləti söküb-dağıdır! Bunun bir sonu olacaq, yoxsa yox?”
Azərbaycanın Türkiyənin İstanbul şəhərində Baş konsulu olmuş, I dərəcəli fövqəladə və səlahiyyətli elçi Xeyrəddin Azia.Az-ın suallarını cavablandırır.
- Dövlət Təhlükəsizlik Xidməti Xarici İşlər Nazirliyində xüsusi əməliyyat keçirdikdən sonra ictimai diqqət diplomatik sahəyə yönəlib. Bu sahədə hazırki durumu necə dəyərləndirirsiniz?
- Hamımız görürük ki, ölkəmizdə bütün sahələrdə islahatlara başlanılıb, bu islahatlar lazım idi, həyata keçirilməsi vacib idi. Azərbaycan Prezidenti cənab İlham Əliyev islahatlara başlayandan çox ciddi addımlar atdı və bu addımlar xalq tərəfindən rəğbətlə qarşılandı.
Mən XİN-in həmişə ən hörmətli və təmiz təşkilat olduğunu düşünmüşəm və indi də həmin düşüncələrimdə qalıram. Eşidəndə ki, orada DTX əməliyyatlar aparır, doğrusu, təəccüb etdim. Lakin ortaya çıxan faktlardan görünür ki, XİN-də işləyənlərin bəziləri heç də mən düşündüyüm kimi, təmiz və ləyaqətli deyilmişlər. Mən təxminən bir il əvvəl sabiq nazir Elmar Məmmədyarovu müdafiə edən bir məqalə dərc etdirmişdim. Azərbaycan dilini bilmədiyi üçün ona hər tərəfdən olan hücumları pisləmişdim, Xİ nazirinin üstünə düşən böyük, ağır yükdən və məsuliyyətdən bəhs etmişdim.
Sosial mediada məni qınamayan qalmadı! Amma mən nazirin dilimizi bilməsinin vacib olduğunu xüsusi qeyd etmişdim. Təəssüf ki, bir sıra vəzifəli şəxslər ondan da betər gündədirlər! Sonra cürbəcür söz-söhbətlər eşitdim. Nazirlikdə, səfirliklərdə böyük nöqsanlara, çatışmazlıqlara, hətta eybəcərliklərə yol verildiyini bildim. Korrupsiya, rüşvətxorluq, kadr siyasətində üzgörənlik, bir sıra vəzifəli şəxslərin qohum, tanışlarının nazirliyə işə düzəldilməsini eşitdim və şahidi oldum.
Bircə onu deyə bilərəm ki, sadə insanların balalarının orada işləməsi sadəcə mümkün deyil! Məhz, buna görə də, nazirlikdə işləyənlərin bəziləri özlərini mədəniyyətsiz, yekəxana aparır, onlara müraciət edənlərlə kobud rəftar edirlər. Məsələn, mən Xidməti pasport almaq üçün nazirliyin Konsulluq idarəsinə getmişdim. Orada cavan oğlana müraciə etdim, dedi "get, sabah gəl!" Dedim "sənədləri qəbul edin, nə vaxt desəniz, onda gələrəm." Heç vecinə də almadı!
Yəni mənim vaxtilə İstanbulda baş konsul işlməyimi, diplomatik rütbəm olduğunu nəzərə almadı, bəlkə də bilmədi. Məcbur olub idarənin o vaxtkı rəisinə məlumat verdim, o, əsəbiləşib göstəriş verdi ki, cavan oğlan mənim sənədlərimi qəbul etsin və Xidməti pasportumu versin...
Demək istəyirəm ki, nazirlikdə "dərisinə sığmayan" belə gənclər çoxdur! Düşünün, belələrini xarici ölkələrə diplomatik işlərə göndərirlər! Onlar Azərbaycanı necə təmsil edə bilərlər? Nəticə də göz qabağındadır. Danışıqlarını, geymlərini, davranışlarını bilmirlər, özbaşınalıq, əliyrilik edirlər, özlərini göstərməklə məşğul olurlar, işlədikləri səfirliklərdə işçiləri yola vermirlər, dedi-qodu yaradırlar, bir sözlə, ağalıq edirlər! Bir səfirliyin əməkdaşı mənə dedi ki, "bir aydır səfirin qəbuluna girə bilmirəm!" Həmin səfirdən soruşdum ki, "siz işçilərinizi niyə istədikləri vaxt qəbul etmirsiniz?" Mənə nə cavab versə yaxşıdır: "İşçiləri qudurtmaq olmaz! Sənə də bir məsləhətim var, özünü həmişə məşğul kimi göstər, işi-gücü çox olan adam kimi təqdim et!"
Hansı ki, səfirliklərdə gündəlik yüngül işlərdən başqa heç bir iş yoxdir! Qabiliyyətli adamlar üçün səfirliyin işləri çox adi görünür. Əlbəttə, səfir bizneslə, alverlə məşğul olanda əməkdaşların qayğısına qalmağa vaxtı çatmaz!..
Hazırki durum baxın, belədir...
- XİN-də kadr dəyişiklikləri istiqamətində atılan addımları qaneeidici hesab etmək olarmı?
- Qətiyyən yox! Bir-iki səfiri geri çağırmaqla iş bitmir. Nazirlikdə köklü dəyişikliklər aparılmalıdır. Bir-bir kadrların hansı millətə məxsus olduqlarını yoxlamaq lazımdır. XİN-də milli qanı olan insanlar işləməlidirlər! Səfirliklərə göndərilən əməkdaşların təfəkkürü, siyasi bilikləri, savadları, danışıq qabiliyyətləri yoxlanmalıdır. Xarici ölkələrdə diplomatik missiyaların rəhbərlərini tez-tez televiziyalara, toplantılara, diplomatik görüşlərə dəvət edirlər. Həmin yerlərdə səfirlərin danışıq qabiliyyətlərinə, geyimlərinə, özlərini necə aparmalarına fikir verirlər. Diplomatlarımız Azərbaycanı hər yerdə yüksək dərəcədə təmsil etməlidirlər!
- Diplomatlarımızın bizneslə məşğul olması və başqa qanunsuz əməlləri barədə çox danışılıb. Prezident İlham Əliyev bildirmişdi ki, bəzi səfirlər hətta dövlətə xəyanət edib. Sizcə, bu cür halların baş verməməsi üçün hansı addımlar atılmalıdır?
- Hər şey kadrların seçilməsindən asılıdır. Tanışlıqa, dostluqla, tapşırıqla kadr seçmək olmaz! Elə dilomatlarımız olub ki, xidmət müddəti başa çatandan sonra vətənə qayıtmayıb, xarici ölkələrdə qalıblar. İndi də oradan Azərbaycanı söyürlər. Yəni satılıblar! Dövlətə xəyanət ediblər! Bəzilərinin ağzından söz tökülür! Qədeş fason danışıqları var! Adam təəccüb edir: Onlar necə səfir olublar? Azərbaycanda şəxsiyyətli adamlar tapılmır ki, belələrini səfir göndərirlər?
Gəlin, gedib yoxlayaq, görək, Xarici İşlər Nazirliyində işləyən bircə adam savadlı ərizə yaza bilər? Yuxarıda sadaladığımız çatışmazlıqların hamısı savadsızlıqdan, cahillikdən irəlı gəlir! Görmürsünüz, kimi hansı vəzifəyə təyin edirlər, dövləti söküb-dağıdır! Bunun bir sonu olacaq, yoxsa yox?
Səfir bizneslə məşğul ola bilməz! Amma çoxunun biznesi var. Guya XİN- də bunu bilmirlər? Nəinki bilirlər, üstəlik şərait yaradırlar! Mən baş konsul olanda bizneslə məşğul olsaydım, indi çoxdan türmədə yatırdım! Bəs bu bizneslə məşğul olanların arxasında kimlər dayanır? Onları ortaya çıxarmaq lazımdır! Yenə deyirəm, bir-iki səfiri geri çağırmaqla məsələ bitməyəcək!...