Qiymət artımının səbəbləri: Növbəti devalvasiyaya işarə, yoxsa…? – İqtisadçıdan açıqlama
“İstənilən ölkədə vergi və gömrük rüsumları artırılırsa, bunun son ödəyicisi vətəndaş olur”
Son günlərdə ölkə başçısının verdiyi qərarlar, minimal əmək haqqının, təqaüdlərin artırılması ilə paralel olaraq qiymətlərin artması da müşahidə olunur. Qiymət artımı əsasən, yeyinti məhsulları, tütün məmulatları, məişət əşyaları və s. əhalinin təlabatının çox olduğu sahələrdə qeydə alınıb. Bu isə əhali arasında narahatlığa səbəb olub. Əmək haqlarının artırılması və birdən qiymət artımı ötən illərdə də yaşanan devolvasiya işarədirmi?
Minval.info əhalini narahat edən bu və digər suallarla bağlı iqtisadçı ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.
Ekspert bildirib ki, qiymət artımının birbaşa devalvasiyayla əlaqəsi yoxdur:
İqtisadçı Natiq Cəfərli
“Tütün məmulatlarının və spirtli içkilərin qiymətinin artırılması əvvəlcədən məlum idi. Çünki keçən ilin sonunda aksis vergiləri qaldırılıb və fevral ayının 15-də qüvvəyə minib. Ərzaq məhsullarının qiymətinin bahalaşması isə iki önəmli faktorla izah edilir. Birincisi, ənənəvi faktor – yəni bayram qabağı ərzaq məhsullarına təlabatın artması, həm də qış mövsümüylə əlaqədar yerli kənd təsərüfatı məhsullarının bazardan çəkilməsini görürük. Bu da qiymət artımının Novruz bayramına qədər davam etməsini bildirir. İkincisi, gömrükdə rəsmiləşmənin artmasıdır. Gömrük Komitəsinin özünün də verdiyi məlumata əsasən, plandan bir milyard manat artıq vəsait əldə edilib. Toplanan vəsait qiymətlərin üzərinə gəlir. Əvvəllər qeyri-qanuni yollarla keçirilən məhsullar indi rəsmiləşdirilir və ödənişlər artırsa, həmin iş adamları ödənişləri məhsulların üzərinə gəlirlər. İstənilən ölkədə vergi və gömrük rüsumları artırılırsa, bunun son ödəyicisi vətəndaş olur”.
İqtisadçı devalvasiyanın gözlənilməsi ilə bağlı isə bildirib ki, yeganə məzənnəyə təsir edən amil neft qiymətləridir: “Hələlik neftin qiymətinin 60 dollardan yuxarı olduğu və Azərbaycan büdcəsində də neftin qiymətinin 60 dollardan götürüldüyünü qeyd etsək, devalvasiya üçün əsaslı bir səbəb olmur. Əgər il ərzində neftin qiyməti kəskin azalması müşahidə olunsa, o zaman devalvasiya məsələsi yenidən gündəmə gələ bilər”.
Aysel Məhərrəmova