azia.az
azia.az

“Ressan” MMC şefi ilə KİMSƏ BACARMIR? - Nazirlik işə qarışsa da...

27-04-2022, 10:01

“Ressan” MMC şefi ilə KİMSƏ BACARMIR? - Nazirlik işə qarışsa da...
Xətai rayonu Məhəmməd Hadi 41 ünvanında yerləşən, “Ressan” MMC-yə məxsus 17 mərtəbəli binanın sakinləri MTK rəhbərliyinin onlara verdiyi vədləri yerinə yetirmədiyi üçün etiraz aksiyası keçiriblər. Sakinlərin müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da binanın həyətinə gəliblər.

Sakinlər "Ressan” MMC-nin rəhbəri Rauf Ağamusa oğlu İsmayılovdan müqavilədə göstərilən şərtlərə əməl edilməsini, mənzillərinə çıxarışların verilməsini, süni olaraq qaldırılan kommunal qiymətlərin aşağı salınmasını və digər problemlərin həll olunmasını tələb ediblər.

Sakinlər bildiriblər ki, 2018-ci ildən bina istifadəyə verilsə də, hələ də mənzillərinə çıxarış ala bilmirlər. Məsələ ilə bağlı MMC rəhbərliyinə müraciət etdikdə rəhbərlik müxtəlif bəhanələrlə sakinləri aldadıb.

Həmçinin mənzillərə görə müqavilə ilə sakinlərdən 3 min manat əlavə ödəniş alınıb. Bu ödənişin çıxarışın verilməsi və sayğacların qoyulması üçün nəzərdə tutulduğu bildirilib. Amma bu günə kimi sakinlər pulunu ödəməklərinə baxmayaraq, çıxarışı ala bilməyiblər.

MTK rəhbəri bildirib ki, sənədləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə verib. Yəni çıxarışın verilməsini əngəlləyən bu qurum olduğunu deyib. Amma Komitə sözügedən MTK-dan onlara heç bir sənədin daxil olmadığını bildirib.

Sakinlərin daha bir narazılığı mənzilləri alarkən layihədə göstərilən qarajlarla bağlıdır. Müqavilə üzrə qeyd olunur ki, binanın altındakı qarajlar sakinlərin avtomobillərinin saxlanması üçün nəzərdə tutulub. Həmçinin bu dayanacaqlara sakinlərin rahatlığının təmin olunması üçün lift qapıları da açılıb. Amma sonradan MMC rəhbərliyi bu qapıları bağlayaraq dayanacağı obyekt halına salıb və icarəyə verib. Nəticədə sakinlər avtomobillərini binanın qarşısında, yolun ortasında saxlamaq məcburiyyətində qalıb.

Etirazçılar bildirirlər ki, azyaşlılar, yaşlılar, əlində hansısa yük olan sakin evinə getmək üçün piyada uzun məsafə qət etməli olur. Qarajların bağlanaraq obyekt kimi istifadəyə verilməsi daha bir ciddi problemin yaranması ilə nəticələnib. Dayanacaq olmadığı üçün əksər sakinlər avtomobillərini binanın dar həyətində saxlamaq məcburiyyətində qalır. Əsasən axşam saatlarında vəziyyət daha biabırçı və təhlükəli hal alır. İşdən qayıdan sakinlər avtomobillərini harda saxlayacaqlarını bilmir, məcburiyyətdən yolu bağlayır, əlavə narazılıq yaranır.

Hansısa yanğın təhükəsi zamanı yanğınsöndürən avtomobillərin asanlıqla həyətə daxil olması ciddi problemlə çevrilir, bina sakinləri üçün daha təhlükəli vəziyyət hökm sürür. Həmçinin hansısa xəstə sakin evinə təcili yardım xidməti çağırarsa, o zaman da eyni problem yaranır. Bir sözlə, bu bina sakinlərinin müqavilədə göstərildiyi kimi rahat həyatı yoxdur, təhlükəsizliyi isə ciddi sual altındadır.

Amma məhz uşaqlar üçün oyun meydançasının tikilməsi, sakinlərin dincəlməsi üçün nəzərdə tutulan park yerini hazırda avtomobil saxlamaq üçün dayanacaq ediblər və buna görə, avtomobili burada saxlamaq istəyən sakin 30 manat ödəməlidir.

Binanın ehtiyat generatoru belə yoxdur. Bu isə daha böyük təhlükədən xəbər verir. Yəni binada işıqlar sönərsə, liftlər dayanır, su kəsilir və həyat donur. Hansı ki, bu məsələ MTK rəhbərliyi tərəfindən həll olunmalıdır. Amma rəhbərlik bildirir ki, generator sakinlər tərəfindən alınıb quraşdırılmalıdır. Biz sözlə, MTK rəhbərliyi sadəcə mənzilləri satmaq üçün insanları aldadaraq şirin vədlər verib.

Daha bir problem isə narazılıq edən sakinlərin polislə qorxudulmasıdır. MTK rəhbəri səsini çıxaran sakinləri polislə qorxudur, böhtan atır, şərləyir və bu yolla insanları susdurmağa çalışır. Eyni addım son etiraz zamanı sakinlərdən bir neçəsinə qarşı atılıb. Belə ki, narazılıq edən sakinlərdən biri Orxan Əzizov MTK rəhbəri tərəfindən şərləndiyini deyir.

Orxan Əzizov isə açıqlamasında deyib ki, bina sakinlərinin gözü qarşısında MTK rəhbəri bizi susdurmağa çalışdı, təxribata əl atdı:

“Təbii ki, mən və digər bina sakinləri daha səbirli və təmkinli davranaraq haqqımızı tələb etdik. Bu zaman MTK rəhbərliyi 102 xidmətinə zəng edərək əraziyə polis nəfərləri çağırdı. MTK rəhbəri əraziyə gələn polis əməkdaşlarına bildirdi ki, guya mən və Elçin adlı sakin onu döyməyə cəhd etmişik və bizdən şikayətçidir. Hansı ki, baş verənlər bina sakinlərinin gözü qarşısında olub və ümumiyyətlə, biz “Ressan” MMC-nin rəhbəri Rauf İsmayılovun 1 metrliyinə belə yaxınlaşmamışıq. Bina sakinləri bunu müraciət ərizəsində öz imzaları ilə təsdiqləyirlər.

Bizi Xətai RPİ-nin 34-cü Polis Şöbəsinə apardılar və bildirdilər ki, “Ressan” MMC-nin rəhbəri Rauf Ağamusa oğlu İsmayılov bizdən şikayətçidir. İzahatımızı aldılar. Bildirdik ki, "Ressan" MMC-nin rəhbəri haqqımızı tələb etdiyimiz üçün bizi susdurmağa və şərləməyə çalışır. İzahatımız alınandan sonra bizi sərbəst buraxdılar”.

Sakinin sözlərinə görə, Rauf İsmayılovun onu şərləməsindən, baş verənlərə hüquqi qiymət verilməsi və dəqiq araşdırılması üçün öncə 102 xidmətinə, daha sonra daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılova müraciət ünvanlayıb:

“Rauf İsmayılovdan şikayətçiyəm. O, bizim problemlərimizi həll etmək, müqavilədə göstərilən vədləri yerinə yetirmək, çıxarışımızı vermək əvəzinə, bizi susdurmaq üçün polislə qorxutmağa cəhd edir. İnanıram ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Əkbər İsmayılov və digər aidiyyəti qurumların rəhbərliyi baş verənləri nəzarətə götürəcək, “Ressan” MMC-nin rəhbəri Rauf İsmayılovun bu şər və böhtan dolu əməllərinə hüquqi qiymət verəcək. Mən polisimə inanıram və hesab edirəm ki, polis vətəndaşların yanındadır, onların təhlükəsizliyini var gücü ilə qoruyur".

Qeyd edək ki, Rauf İsmayılovun bina sakini Orxan Əzizova qarşı təxribatları və təzyiqləri davam edir. Belə ki, dünən səhər saatlarında heç bir kommunal borcu olmayan Orxan Əzizovun mənzilinin elektrik enerjisi MTK rəhbərinin göstərişi ilə kəsilib.

Mənbə:My Webpage


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi