"AzərTürk Bank" müştərilərinin BAŞINA OYUN AÇIR... - NARAZILIQ VAR!
Çox təəssüflər olsun ki, dövrümüzün bu günündə də eyni problemləri yaşayırıq. 21-ci əsrdə - texnologiya dövründə ölkəmizdə fəaliyyət göstərən bəzi qurumlar hələ də keçmişin qaydaları ilə çalışır və nəticədə hər gün minlərlə vətəndaşa əsəb, stress yaşadır, səhhətinə ziyan vururlar.
Təhsil, səhiyyə müəssisələri ilə bərabər insanlar bir çox banklar tərəfindən də haqsızlığa uğrayır və yaranmış problemi aradan qaldırmaq üçün isə mütləq banka, özü də operatorun məsləhət gördüyü - şəhərin obiri ucundakı filialına gedib, saatlarla növbə gözləmək məcburiyyətində qalırlar.
Saatlarla gözləyirsən, növbən çatanda, deyirlər, "sistemdə problem yaranıb". Vəssalam. Gəl buna təmkinli ol görüm, necə olursan...
"DogruXeber.az" informasiya portalının rəhbəri Kamal Əsgərov da bu günlərdə eyni problemlə üzləşib. Belə ki, o, 03.04.2022-ci il tarixində "Azər Türk bank"ın "ATB 360" mobil tətbiqi vasitəsilə Yasamal rayonunda, Yeni Yasamal 2 -də yaşayan yaxınlarının adına telefon və internet, həmçinin Qaradağ rayon Müşfiqabad qəsəbəsində öz adına olan internet ödənişlərinin ödənişlərini həyata keçirib. 13 + 2.5 + 3.18 + 5.00 + 5.00 AZN. Toplam 28.68 (iyirmi səkkiz, altmış səkkiz) AZN məbləğ Kamal Əsgərovon debet kartının balansında silinsə də hər iki ünvanda nə telefon, nə də internet iki gün aktivləşməyib.
04.04.2022-ci il tarixində Kamal Əsgərov 6 saylı Telefon qovşağı ilə telefon əlaqəsi saxlayıb və internetin hansı səbəbdən hələ də aktivləşmədiyini soruşdu. Telefon qovşağından, ödənişlərin ATS-ə ödənilmədiyi, sistemdə adında borc olduğunun göründüyü bildirildi və problemin ödənişlə bağlı olduğuna görə, bankla əlaqə saxlaması tövsiyyə edildi. Bundan sonra, Kamal Əsgərov yenidən "Azər Türk Bank"a zəng etdi. Bankın özünü "Sənan bəy"- deyə təqdim edən əməkdaşı cavab verdi ki, "Sizin aprelin 3-də ödədiyiniz ödənişlər, aprelin 4-də çıxarışınızdan silinib. Email ünvanınızı verin, biz siz sizə rəsmi çıxarışı göndərək, stasionara təqdim edin. Problem bizdə deyil. Onlardadır. Ödənişiniz uğurla həyata keçirilib".
Yeri gəlmişkən, "Azər Türk Bank" tərəfindən bu kimi zənglər gün ərzində bir neçə dəfə təkrar olundu və hamısı da eyni sözləri təkrar edib durdular: - "Ödənişiniz uğurla həyata keçirilib. Ödəniş qəbzləri ilə stasionar xidmətə yaxınlaşın".
Beləcə, bütöv daha bir gün və mobil telefon vasitəsilə banka zəng edildiyi üçün də kifayət qədər mobil balans xərclənmiş oldu. Nəticə isə dəyişməz qaldı. Bu kimi mübahisələrlə iş günü bitdi. Səhəri günü - 05.04.2022-ci il tarixində yenidən K.Əsgərov 6 saylı telefon qovşağı ilə telefon əlaqəsi saxlayıb, problemin hələ də aradan qalxmadığını bildirdi.
6 saylı telefon qovşağında çalışan operator xanımların da "maşallahı varmış". Zəng edən və yaranmış problemlər səbəbilə onsuz da əsəbi olan vətəndaşlarla çox kobud rəftar edir, zəng edənə şəxslərini ucaldırlar.
Bundan əlavə Ki.Əsgərov Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilən telefon nömrələri vasitəsilə, nazirliyin mətbuat xidmətinə zəng etdi. Orada da telefona cavab verən xanım, şikayəti dinlədikdən sonra, aidiyyatı bölmələrə verəcəyini bildirdi. K.Əsgərov səlahiyyətli şəxslərdən hər hansı birinin əlaqə nömrəsini xanımdan israrla istəsə də, əldə edə bilmədi. Xanım, sona qədər eyni sözləri təkrar etdi: - "Məsələ araşdırılıb, sizə məlumat veriləcək".
Bugünə qədər məlumat verilmədiyinə və problemin hələ də aradan qaldırılmadığına görə aydın olur ki, məsələ araşdırılmayıb. Telefona cavab verənlər proqramlaşdırılmış robot kimi eyni sözü təkrar edib, insanların əsəblərini gərmək üçünmü dövlət büdcəsindən əmək haqqı alırlar?
Bu ayrı bir mövzudur. Növbəti günlərdə bu mövzuya da ətraflı toxunacağıq.
Bu günsə "Azər Türk Bank"ın müştərilərini necə ələ saldığından danışırıq.
Telefon vasitəsilə, bankın öz mobil tətbiqi üzərindən ödəniş edilib, telefon vasitəsilə də dəfələrlə aranıb. Hər dəfəsində də bank tərəfindən dəqiqələrcə telefonda gözlədilib, sonunda israrla stasionara yaxınlaşmaq tövsiyyə olunub. Telefon qovşağı da israrla ödənişin köçürülmədiyini və problemin bank tərəfindən olduğu bildirilir. Ordan da banka yaxınlaşmaq tövsiyyə olunur.
Telefonda yaranmış cüzi problem üçün baş ofisə getməyin mütləq olduğunu təkid edirlər. Problemin iki müəssisə arasında yarandığı üçün, Kamal Əsgərov dəfələrlə bank əməkdaşlarına, telefon qovşağına sorğu göndərmələrini (Baxmayaraq ki, bunu onlara müştəri öyrətməli deyil) məsləhət gördü. Yenə də bank əməkdaşları dediklərindən dönmədilər ki, dönmədilər. "Banka yaxınlaşın"-deyib, durdular. Nəhayət, K.Əsgərov "AzərTürk bank"ın Cəlil Məmmədquluzadə 192 ünvanında yerləşən filialına getdi. Bankın əməkdaşı ilə üz-üzə əyləşdi və bundan sonra bank əməkdaşı, K.Əsgərovun öyrətdiyi kimi - yaranmış problemlə bağlı sorğu göndərdi. Bunun üçün müştərini banka çağırmaq nəyə lazım idi görəsən?
Yeri gəlmişkən, onu da qeyd edək ki, sözügedən bank həm də müştəriləri aldatmağı ilə diqqətimizi çəkdi. Belə ki, biz "Azər Türk bank"dan debet kartı əldə etmək üçün müraciət edən zaman, bizə müştəri olaraq, ilk müraciətimiz olduğu üçün kartın ödənişsiz olacağı, həmçinin ilk 3 ili xidmət haqqı çıxılmayacağı bildirildi. Yalnız, bir ay ərzində karta köçürülən məbləğ 3.000 (üç min) AZN -i keçərsə, xidmət haqqı çıxılacaq. Lakin, bu vədin də doğru olmadığını ilk aylarda, məbləğ 1000 (min) AZN keçərkən gördük. 1600 (min altı yüz) AZN üçün 17 (on yeddi) AZN məbləğ balansdan xidməthaqqı olaraq, silindi. Bankla telefon əlaqəsi saxladıqda isə, məbləğ 1.000 AZN-i keçdikdən sonra xidmət haqqı çıxılması cavabı verildi.
Yəni, çətini müştərini ələ keçirincədi. "Alınca, ölüncə" misalı... Müştəri kartı sifariş edərkən, az qala evimizə qədər gətirirlər, müştəri olduqdan sonra hər cüzi problemdən ötəri qapılarına aparırlar.
Sözümüzün canı o ki, texnologiya əsrində ölkəmizdə bir çox müəssisələr hələ də 1980-90-cı illərdə olduğu kimi çalışır. Bütün yaranmış problemləri aradan qaldırmaq üçün, gərək mütləqdir ki, operatorun tövsiyyə etdiyi ünvanlara gedib, müəssisə əməkdaşlarının gözünə görünək. Əks halda üzümüzü görənə qədər məsələ həllini tapmayacaq...
Sonda, bir daha qeyd edək ki, artıq ikinci həftədir və hələ də problem öz həllini tapmayıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi əməkdaşları, həmçinin "Azər Türk Bank" sözün əsl mənasında vətəndaşları ələ salır, stress yaşadır və bu şəkildə səhhətimizə ziyan vururlar.
Redaksiyamız hər kəsin söz haqqını tanıyır.
Mənbə:My Webpage