Kafe və restoranlar xidmət haqqı deyilən qanunsuz ödənişi 15 faizə qaldırdı -
Eyyub Hüseynov: “Problem ondadır ki, bu məsələ Azərbaycanda qanunla tənzimlənmir”
Məlum olduğu kimi, neçə illərdir Azərbaycanda kafe və restoranlarda xidmət adı altında əlavə ödəniş tələb olunur. Yəni kafeyə gedib yemək sifariş edəndə hesabın üzərinə ümumi məbləğin 5-10 faizi əlavə edilir və adını da qoyurlar xidmət haqqı.
Problem ondadır ki, ailəsi ilə kafe və restorana gedən menyuya uyğun sifariş verir. Məbləği ödəmək üçün hesab gəldikdə isə ondan əlavə olaraq xidmət haqqı tələb olunur. Tutaq ki, həmin vaxt müştərinin cibində əlavə vəsait üçn məbləğ yoxdur. O zaman necə olacaq? Bunu düşünən, fikirləşən yoxdur. Hətta belə məlumatlar var ki, restoranlar işçilərlə şərt kəsir və onlara az əmək haqqı təyin etməklə əsas yükü müştərilərin üzərinə qoyur. Yəni işçini özü üçün işlədir, əmək haqqını müştərilərə ödədir. Üstəlik, bəzi restoran sahibləri həmin məbləği işçilərə deyil, əlavə restorandaxili xərclərə yönəldir. Zatən müştərilər üçün xoş olmayan bu sürpriz qanunsuzdur. Qanuna görə, menyuda qeyd edilmədən xidməthaqqı adı altında istehlakçının ödədiyi məbləğlərdən müəyyən faizlərin tutulması qadağandır. Menyuda qeyd edilmədən xidmət haqqı adı altında istehlakçının ödədiyi məbləğlərdən müəyyən faizlərin tutulması qadağandır.
Bu azmış kimi, son günlər kafe və restoranlar xidmət haqqını 15 faizə qaldırıb. Yəni əvvəl müştəridən buna görə 5-10 faiz tutulurdusa, indi bunu 15 faizə qaldırıblar. Bütün bunlar nə dərəcədə doğrudur?
“İstehlakçıdan hansı yolla pul qoparmaq mümkündürsə onu edirlər”
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, bu qanunsuzdur və müştərilərin soyulmasına xidmət edir: “Təəssüflər olsun ki, Azərbaycanda fəaliyyət göstərən kafe və restoranlarda belə hallar var. Hər həftə bununla bağlı AİB-ə 2-3 telefon zəngi gəlir. İstehlakçılar öz narazılığını bildirir. Problem ondadır ki, bu məsələ Azərbaycanda qanunla tənzimlənmir. Ona görə də belə qanunsuz hallar geniş yayılıb. İş ondadır ki, qanun bunu qadağan etmir. Təəssüflər olsun ki, ölkədə nə restoranlar, nə də marketlər üçün qaydalar var. Əslində bu kimi məsələlərlə bağlı Nazirlər Kabinetinin qaydaları olmalıdır. Bütün məsələlər həmin qaydalara uyğun tənzimlənməlidir. İstehlakçıdan hansı yolla pul qoparmaq mümkündürsə onu edirlər. Birmənalı şəkildə öncədən istehlakçıya deyilməyibsə, menyuda yazılmayıbsa, istehlakçının hüququ var ki, servis haqqını ödəməsin. Burda iki variant var. Bir - xidmət haqqını qəbzdə göstərmək, ikincisi göstərməmək. Düzdür, dünyada istehlakçıya yaxşı xidmət göstərilməsi müqabilində əlavə ödəniş almaq qaydası var, amma bu məcburi deyil. Bu, müştərinin razılığı ilə olmalıdır. Azərbaycanda isə bu kimi məsələlər əcaib formada həyata keçirilir”.
Bir sözlə, AİB sədri hesab edir ki, belə halların qarşısının alınması ilə bağlı NK qaydalar hazırlamalıdır.
Mənbə:My Webpage