Məşhur Biləcəri bazarı niyə boşaltdırılır?
“Binəqədi rayonu Biləcəri qəsəbəsinin ərazisindəki kolxoz bazarındayıq. APA TV-nin qaynar xəttinə daxil olan məlumat əsasında gəldiyimiz kolxoz bazarının söküləcəyini, heç bir xəbərdarlıq olunmadan bazarın köçürüləcəyini deyirlər. Məsələnin mahiyyətini həm alıcı, həm də satıcılardan soruşduq”.
Satıcılar deyir ki, bura sökülsə nə edək, hara gedək bilmirik. Heç olmasa, bizə vaxt və yer versinlər. Onların sözlərinə görə, heç kim dəqiq bir məlumat vermir.
Satıcılar bildirir ki, əgər bu dövlət tədbiridirsə, izah eləsinlər, yol göstərsinlər, biz də anlayaq: “Buranı əlimizin zəhməti ilə düzəltmişik. Hər iki-üç adam gəlir ki, veş-vüşünü götür çıx. Baxır, o xırda mağazaları belə özümüz səliqəyə salmışıq. Səliqə, sahman öz yerində, alıcı razı, satıcı razı, kimə mane oluruq ki?”
Məlumat üçün deyək ki, Bakının Binəqədi rayonun ərazisində yaşayan daimi əhalinin sayı 267 551 nəfər, faktiki əhalinin sayı isə 400 000 nəfərə yaxındır. Bu statistik göstəricilər Binəqədi İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilib.
Ən maraqlısı isə budur ki, söküləcəyindən ehtiyat edilən kolxoz bazarı ərazidə kənd təsərrüfatı mallarının böyük çeşiddə satıldığı yeganə ticarət obyektidir. 2002-ci ildən fəaliyyət göstərən bazara bütün məhsullar bölgələrdən gətirilir.
Satıcılar söyləyir ki, onları ərazidən Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti uzaqlaşdırmaq istəyir. Belə olduqda isə daha bir sual yaranır: Dəmir yolları hara, bazar hara?
Məsələni aydınlaşdırmaq üçün "Azərbaycan Dəmir Yolları" QSC-nin də münasibətini öyrəndik.
Bildirildi ki, M.S. Ordubadi küçəsində fəaliyyət göstərən "Əlincə-A" MMC-nin idarə etdiyi Biləcəri bazarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Stansiyasının ərazisində yerləşir: “ 2016-cı ildən həmin şirkətlə icarə müqaviləsi bağlanıb. Müqaviləyə əsasən sahibkar icarə haqqı ödəməli olduğu halda, bundan yayınıb. 2017-ci ildə müqavilə müddəti bitdiyi üçün məhkəməyə müraciət edilib. 2020-ci ilin oktyabr ayında Bakı Kommersiya Məhkəməsində keçirilən məhkəmə prosesində Azərbaycan Dəmir Yolları QSC-nin lehinə qətnamə çıxarılıb. Qətnaməyə əsasən Biləcəri bazarının boşaldılması, Qapalı Səhmdar Cəmiyyətə 26000 manat icarə haqqı borcunun ödənilməsi öhdəliyi qoyulub. Məhkəmə icraçıları bu günədək dəfələrlə əraziyə gedərək ərazinin boşaldılmasını tələb etsələr də, sahibkar buna məhəl qoymayıb. Sonuncu dəfə 21 dekabr 2021-ci il tarixində məhkəmə icraçıları şirkətə ərazini boşaltması üçün bir neçə gün əlavə vaxt veriblər”.
Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətdən onu da bildirdilər ki, əsas məqsəd qətiyyən bazarın bağlanması, sökülməsi və ya satıcıların işsiz qalması deyil, əksinə onların fəaliyyətinə daha yaxşı şəraitin yaradılmasıdır.
Sevinc Vaqifqızı