Sahibkarlara ŞAD XƏBƏR: Vergi və gömrük güzəştləri tətbiq ediləcək
Azərbaycanda həyata keçirilən iqtisadiyyatın şaxələndirilməsi siyasətinin mühüm istiqamətlərindən olan sənayenin inkişafı istiqamətində kompleks işlər görülür, istehsal və ixrac potensialının artırılması, sərmayə qoyuluşununn stimullaşdırılması üçün effektiv mexanizmlər tətbiq edilir.
Azia.az xəbər verir ki, belə mexanizmlərdən biri də investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi məqsədilə tətbiq edilən investisiya təşviqi sənədidir. İqtisadiyyat Nazirliyi tərəfindən verilən investisiya təşviqi sənədi sənaye, kənd təsərrüfatı, logistika və turizm sahələri ilə məşğul olan hüquqi şəxs və fərdi sahibkarlara vergi və gömrük güzəştlərindən yararlanmaq imkanı yaradır.
Belə ki, investisiya təşviqi sənədini almış fərdi sahibkar yeddi il müddətinə gəlirin 50 faizi, hüquqi şəxslər üzrə isə mənfəətin 50 faizi üzrə vergidən, həmçinin torpaq və əmlak vergisindən azad edilirlər.
Təsdiqedici sənəd isə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı vergi və gömrük güzəştləri əldə etmək üçün əsas yaradır. İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar təsdiqedici sənəd əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına görə yeddi il müddətinə ƏDV-dən və gömrük rüsumundan tam azad olunurlar.
Qeyd edək ki, indiyədək 421 sahibkarlıq subyektinin 504 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi verilmiş layihələrin 59 faizi sənaye, 39 faizi kənd təsərrüfatı, 1 faizi logistika, 1 faizi isə turizm sahəsini əhatə edir. Bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 4,6 milyard manatdan artıq investisiya yatırılacağı, 34 mindən çox yeni iş yerinin yaradılacağı nəzərdə tutulur. Təşviq edilmiş layihələrin 87 faizi regionların payına düşür.
İnvestisiya təşviqi sənədi verilmiş 350-dən artıq layihə fəaliyyətə başlayıb və 26 mindən artıq iş yeri yaradılıb. Fəaliyyət göstərən müəssisələr üzrə istehsal olunan məhsullar Rusiya, Gürcüstan, BƏƏ və s. ölkələrə ixrac olunur.
İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 4 188 təsdiqedici sənəd verilib, nəticədə təqribən 761,2 milyon ABŞ dolları dəyərində texnika, texnoloji avadanlıq və qurğular idxal zamanı tətbiq olunan vergi və rüsumlardan azad olunub.
Təqdim edilən təsdiqedici sənədlər əsasında bir sıra Avropa ölkələrindən, həmçinin Çin, Türkiyə, İsrail və s. ölkələrdən müasir texnoloji avadanlıqlar idxal edilib.
Bütün bunların nəticəsi olaraq, qida məhsulları, içki, kağız və karton, tikinti materialları, rezin və plastmas və s. sahələr üzrə məhsullar istehsal edən yerli müəssisələrin istehsal və emal gücü artıb, onların ixracda payı əhəmiyyətli dərəcədə yüksəlib.
2021-ci ilin ilk 7 ayında isə 24 sahibkarlıq subyektinin 24 layihəsinə investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 143 milyon manatadək investisiya yatırılacağı, 1 300-ə yaxın yeni iş yerinin açılacağı nəzərdə tutulur. Bu dövrdə təşviq edilmiş layihələrin 83 faizi regionların payına düşür.
Təqdim edilmiş investisiya təşviqi sənədlərinin 54 faizi sənaye, 42 faizi kənd təsərrüfatı, 4 faizi isə logistika sahələri üzrə layihələri əhatə edir.
Qeyd olunan dövrdə investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara 68 milyon ABŞ dollarınadək texnika, texnoloji avadanlıq və qurğuların idxalı üçün 332 təsdiqedici sənəd verilib.
Bu mexanizmlərin tətbiqi sahibkarlara investisiya layihələrinə daha çox vəsait yönəltməyə, istehsalın və rəqabətqabiliyyətli məhsul ixracının genişlənməsinə əlavə imkanlar yaradır.