azia.az
azia.az

Məşğulluq mərkəzi adı altında talanan milyonlar... - İTTİHAM

13-10-2020, 11:29


Bildiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə onlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kursları təşkil edilir. İşəgötürənlər həm onlar üçün müvafiq peşələrə (ixtisaslara) malik kadrların hazırlanması, həm də işçilərinin peşə (ixtisas) bilik və bacarıqlarının artırılması məqsədilə Dövlət Məşğulluq Xidmətinin peşə hazırlığı üzrə xidmətlərindən faydalana, Xidmət tərəfindən bir sıra peşələr üzrə peşə hazırlığı kurslarının təşkilində bu qurumla əməkdaşlıq edə bilərlər.
Məşğulluq mərkəzi adı altında talanan milyonlar... - İTTİHAM
Dövlət Məşğulluq Xidmətinin yerli orqanlarında işsiz şəxs kimi qeydiyyatda olanlar üçün kurslar ödənişsizdir və onlar təhsil müddətində təqaüdlə təmin olunurlar. İşaxtaranlar üçün peşə hazırlığı kursları isə ödənişlidir. Namizədlər müsabiqə yolu ilə seçilirlər. Kursları müvəffəqiyyətlə bitirmiş şəxslərə müvafiq sertifikatlar təqdim olunur və onların müvafiq işlə təmin olunmasına köməklik göstərilir. Müraciət etmək istəyən şəxslər yaşadıqları şəhər, rayon üzrə Məşğulluq Mərkəzlərinə müraciət edə, eləcə də [email protected] elektron poçt ünvanına CV yollaya bilərlər. Peşə hazırlığına ödənişsiz yiyələnmək və ayda 250 manat təqaüd almaq üçün mütləq şərt budur ki, həmin şəxs işsiz olmalı, VÖEN hesabı və adına pay torpağı olmamalıdır. Bundan əlavə, işsiz şəxs qeydiyyatda olduğu rayon üzrə Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyatdan keçməli, ona təklif olunan iş yerlərindən imtina cavabı gəlməlidir. Yalnız bu halda həmin şəxs pulsuz peşə hazırlığına cəlb olunaraq ayda minimum əmək haqqı məbləğində təqaüd ala bilər.

İndiyədək bu layihə əsasında işə düzəlmək istəyən vətəndaşların bürokratik əngəllər, süründürməçilik halları, korrupsiya hüquqpozmaları ilə rastlaşmaları barədə xeyli informasiyalar dolaşıb. Koronavirus pandemiyasının yaratdığı çətinliklərdən dolayısı ilə bu müstəvidə işlər bir az da dolaşığa düşüb. Müşahidə olunurdu ki, vətəndaşları incidən bəzi məmurlar pandemiyadan öz qanunsuz əməlləri üçün bir növ bəhanə kimi istifadə edirlər.

Bu günlərdə “Dəryaz” qəzetinin redaksiyasına ərizə ilə müraciət edən Qurbanova Mehriban Mübariz qızı Suraxanı rayon Məşğulluq İdarəsindən şikayətçidir. Yazır ki, 2020-ci ilin fevral ayında peşə ixtisasına yiyələnmək üçün müraciət edib. Onu qeydiyyata alıblar və qənnadıçı peşəsinə yiyələnməsi üçün Bakı şəhəri Məşğulluq İdarəsinə — Leyla xanımın yanına göndəriblər.

“O da mənə mart ayının 5-dən dərslərin başlayacağını dedi. Mart ayında pandemiya yayıldı. Məktəblər bağlandı, heç bir məktəbə getməmişəm, heç yerdə oxumamışam. Məktəbin harada olduğunu da bilmirəm. Sonra prezident işləməyənlərə 190 manat pul ayıranda mən sms göndərdim. Mənə cavab gəldi ki, oxuyuram, stipendiya alıram, ona görə də mənə 190 manat düşmür. Hamı 4 dəfə 190 manat aldı. Mən ala bilmədim. May ayında iş yerləri açılanda yenidən Bakı şəhər Məşğulluq İdarəsinə getdim. Leyla xanımı güc-bəla ilə tapdım. O da işi atdı Suraxanı Məşğulluq İdarəsinə. O bunun üstünə atdı, bu onun. Mən də Nazirliyə (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi – red.) şikayət etdim. Nazirlikdən xəbər gəldi ki, bu işə baxın, yenə olmadı. Korrupsiyaya (Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi – red.) məktub yazdım. Cavabı Nazirliyə gəldi. Sonra Suraxanı Məşğulluq İdarəsi məndən xahiş etdi ki, Nazirlikdə qalma. Mən orda nazir müavini ilə görüşə bilmişdim. Məni geri qaytardılar ki, bəs sənin işin Suraxanı Məşğulluq İdarəsindədir. İdarədən mənə bir maaş kartı verdilər ki, oxuduğun müddətdə alacağın təqaüd mənimsənilib. Al, bu kartı, adını sosial işə yazmışıq.3 ay müddətində ala bilmədiyin 750 manat pulu bu kartdan çıxararsan. Sən şikayət eləmə. Aprel ayından avqust ayına kimi Suraxanı Məşğulluq İdarəsində məni get-gələ saldılar. Dedilər ki, Zərifə xanımı işdən çıxaracaqlar. Müdiri Rahim müəllimin yanında olmuşam, dedi sentyabr ayının axırı alacaqsan. Sentyabrın 30-dan oktyabr ayının 5-nə kimi kartı yoxlayıram, pul keçməyib…”

Vətəndaş M.Qurbanova redaksiyadan xahiş etmişdir ki, dövlət idarələrində müsbət həllinə nail ola bilmədiyi bu problem kütləvi informassiya vasitələrində ictimailəşdirilsin, aidiyyati qurumların diqqətinə çatdırılsın.

Əlavə olaraq ərizə müəllifinə zəng edib bir az daha artıq təfərrüatları öyrənməyə çalışdıq. Bir daha dəqiqləşdirdik ki, Mehriban xanım nə təqaüd, nə də sertifikat almayıb və təbii ki, işlə təmin olunmayıb. Verdiyi məlumata görə, ona vəd veriblər ki, sentyabrdan başlayaraq onun adı hardasa işdə gedəcək, kartına pul yatırılacaq.

Əlbəttə, yenə də bu məlumatlarla kifayətlənməyərək öz növbəmizdə hələlik səthi araşdırmalarımıza başladıq. İlk əvvəl M.Qurbanovaya təklif olunan qənnadıçı peşəsi üzrə hazırlıq kurslarının təşkil edildiyi peşə təhsili müəssisəsi barədə məlumatları axtardıq. Məlum oldu ki, Bakı Turizm Peşə Məktəbi ilə Bakı Şəhər Məşğulluq İdarəsinin həyata keçirdiyi layihə var. Həmin layihə çərçivəsində kadrlar turizm bələdçisi, aşpaz, qənnadçı, bərbər və vizajist, otel xadiməsi, barmen və s. sahələri üzrə hazırlanır. Onlar 3 ay yarım kurs keçərək bu peşələrə yiyələnirlər. Bakı Turizm Peşə Məktəbindən başqa, hazırlıq kurslarına müdavim qəbulunu həmçinin Dövlət Məşğulluq Xidmətinin Bakı Dövlət Regional Peşə Təhsili Mərkəzi də həyata keçirir.

Onu da xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə şəraitində dövlət məşğulluq xidməti qurumlarında işsiz kimi qeydiyyata alınmış şəxslərin sosial müdafiəsi haqqında” 8 aprel 2020-ci il tarixli qərarına əsasən, 2020-ci il 1 aprel tarixinə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə minimum məbləğdə işsizlikdən sığorta ödənişi, habelə peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə verilən təqaüdün ödənişi Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək davam etdirilməli idi. Belə ki, işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti uzadılmış, 2 min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat manat ayrılmışdı. Mayın 18-də karantin rejimi yumşaldılsa da, təhsil müəssisələrinin bağlı qalması məqsədəuyğun hesab edilmişdi. Lakin ən azı indi – artıq təhsil müəssisələri müəyyən məhdudiyyətlər saxlanılmaqla açılandan sonra M.Qurbanova və onun kimi işsiz vətəndaşların problemləri çözülməlidir. Sadə dillə desək, onlara iki — dörd ay üçün aylıq 190 manat birdəfəlik ödəniş verilməli, sonra da kurslara cəlb olunaraq bundan sonrakı üç ay yarım ərzində hər ay 250 manat minimum əmək haqqına bərabər həcmdə təqaüdlə təmin olunmalıdırlar. Axı onlar dövlətin köməyindən faydalana bilmədikləri səbəbindən pandemiyanın birinci dalğasını yəqin ki külli miqdarda borca girərək, yaxud, əmlaklarını satmaq bahasına arxada qoya biliblər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi