azia.az
azia.az

İş yerlərinin “ağardılması” prosesi sosial daxilolmaların artımına səbəb olub

28-07-2020, 15:24

İş yerlərinin “ağardılması” prosesi sosial daxilolmaların artımına səbəb olub

Azia.Az xəbər verir ki, “Kölgə iqisadiyyatı”nın həcminin azaldılması, iqtisadi proseslərdə şəffaflığın artırılması, o cümlədən əmək münasibətlərinin şəffaflaşdırılması, qeyri-leqal iş yerləri və əmək haqlarının “ağardılması” ilə bağlı dövlət başçısı tərəfindən müəyyən edilmiş vəzifələr İqtisadiyyat Nazirliyinin prioritet fəaliyyət istiqamətilərindən biridir.

2019-cu ildə sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarətin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilməsindən sonra, bu sahədə aparılan islahatlar və görülən işlər nəticəsində iş yerlərinin rəsmiləşdirilməsi prosesləri daha da sürətlənib, muzdlu işçilərin zəruri pensiya kapitalını toplamaq imkanları yaranıb, onların gələcəkdə pensiya almaq hüquqları və sosial müdafiəsi təmin edilib, habelə dövlətin maliyyə yükünün azalmasına müsbət təsir edib.

Vergi və sosial yığımların vahid dövlət orqanı tərəfindən həyata keçirilməsi, vergi ödəyicilərinin dövlət büdcəsinə və sosial fondlara ödəmələri üzərində daha effektiv nəzarətin təmin edilməsinə imkan verib. Vahid inzibatçılığın tətbiqi əmək münasibətlərinin rəsmiləşdirilməsi sahəsində köklü dəyişikliklərə gətirib. Dövlət Vergi Xidməti sahibkarların sosial yığmlarının ödənilməsindən yayınmasının qarşısını alıb, iş yerlərinin “ağardılması”, əmək haqlarının şəffaflaşdırılması, sosial sığorta ödənişlərinin düzgün ödənilməsinə nail olub. Eyni zamanda, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin artırılması, xüsusilə də 2020-ci ildə koronavirus pandemiyasının təsirlərinin aradan qaldırılması istiqamətində həyata keçirilən dövlət dəstək mexanizmlərinin əsas şərtlərindən biri kimi əmək münasibətlərinin şəffaflaşdırılması tələbi iş yerlərinin leqallaşdırılması prosesinə müsbət təsir edib.

2020-ci ilin 1 iyul tarixinə əmək müqavilələrinin sayı 1.661,7 min təşkil edərək ilin əvvəlindən 107,3 min artıb, o cümlədən qeyri-neft qeyri-dövlət sektorunda bu göstərici 748,8 minə çataraq ilin əvvəlindən 109,9 min artıb. Təkcə iyun ayında qeyri-neft qeyri-dövlət sektorunda əmək müqavilələrinin say artımı 20,7 min təşkil edib. Təhlillər göstərir ki, cari ilin əvvəlindən ölkə üzrə əmək müqavilələrinin sayının ümumi artımının hamısı qeyri-neft qeyri-dövlət sektoru hesabına baş verib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi