azia.az
azia.az

Azərbaycan virusa “yoluxan” 500 milyon yuanı nə etməlidir?

7-02-2020, 12:08


Ekspert: “Neft Fondu həmin yuanları bayram ərəfəsində yuxarı məzənnə ilə dəyişməli idi”
Çində yayılan koronavirus dünyanın maliyyə bazarına, o cümlədən Çin pulu olan yuanın məzənnəsinə də təsir edib. Nəticədə son günlərdə yuanın məzənnəsində ucuzlaşma baş verib. Azərbaycanın da valyuta ehtiyatlarının az qismi də olsa yuanda saxlanılır. Mövcud vəziyyət fonunda Azərbaycan yuandan imtina edə bilərmi?
Azərbaycan virusa “yoluxan” 500 milyon yuanı nə etməlidir?
İqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Çinin səhm bazarı artıq 8-9 faizə yaxın dəyər itirib: “Yəni az qala onda biri qədər dəyər itirib. Çin yuanı da son 5 ili götürsək dünya valyutaları qarşısında ən aşağı məzənnəyə enib. Yəni Çində iqtisadi aktivliyin, istehsalın və istehlakın azalması yuana, o cümlədən də Çinin səhm bazarlarına ciddi təsir göstərib. Əsasən də Şanxay səhm bazarında Çinin şirkətlərinin səhmləri satılır ki, proseslər oraya da ciddi təsir göstərib. Yəni Çin artıq ciddi itkilərə məruz qalıb. Ümumi itkilərin həcmi 180-190 milyard dollara çatır. Bundan sonra da itkilərin davam etməsi gözlənilir”.

Ekspert qeyd edib ki, Azərbaycan özünün valyuta ehtiyatlarında təxminən 500 milyona yaxın yuan saxlayır: “Bu, böyük miqdar sayılmır. Bu gün yuan 4-5 faiz dəyər itirib. Yəni həmin 500 milyon vəsaitin də 4 faizə yaxın ucuzlaşdığını indidən söyləmək mümkündür. Belə olan halda hazırda Azərbaycanın edəcəyi iş yoxdur. Yeni il tətillərində Çində birjalar bağlı idi. Bütün dünyanın gözləntisi bu idi ki, birjalar açılan kimi Çində həm səhm, həm də yuanın qiyməti aşağı enəcək. Azərbaycanın Neft Fondu həmin yuanları bayram ərəfəsində, yuxarı məzənnə ilə dəyişməli idi. İndi isə yuan onsuz da ucuzlaşıb və bundan daha kəskin də ucuzlaşacağı hələ ki gözlənilmir. Ancaq hər ehtimala qarşı yuanda saxlanılan vəsaitin yavaş templərlə azaldılmasına qərar verilməsi daha doğru olardı. Çünki əgər bu virus daha geniş yayılarsa, ölü sayının minləri, virusa yoluxanların isə yüz minləri keçməsi Çin iqtisadiyyatına və yuana daha böyük zərbə vura bilər”.

Bu hadisələri Amerikanın bir oyunu kimi xarakterizə edənlər də var. Bir zamanlar müzakirələr aparılırdı ki, dünyada neft alqı-satqısı dollardan yuan üzərinə keçirilsin. Bunun üçün təklif və proqramlar da mövcud idi.

Məsələ ilə bağlı Natiq Cəfərli bunları deyib: “Əslində yuan və digər milli valyutalarla daxili ticarət, yaxud da beynəlxalq bazarlarda əmtəələrin satılması uzun illərdir ki, müzakirə edilir. Hətta 5 il bundan öncə Rusiya ilə Çin arasında dollardan imtina ilə bağlı böyük bir saziş imzalandı. Ticarətdə ölkə valyutalarına keçidlə bağlı qərar verilsə də, bu günə qədər həmin qərar yerinə yetirilməyib. Hətta bu yaxınlarda iki ölkənin ticarət dövriyyəsi ilə bağlı monitorinqlər aparıldı və məlum oldu ki, avro və dollarla olan əməliyyatlar hətta 12 faiz də artıb. Yəni milli valyutaların beynəlxalq və qarşılıqlı ticarətdə istifadə edilməsi risklidir. Çünki bu valyutalar hər zaman məzənnə oynamasına məruz qalır. Nəticədə isə biznes pul itirir. Yəni biznes özünü bu kimi itkilərdən sığortalamaq istəyir. Ona görə də bu kimi layihələr çox zaman siyasi ritorika xarakteri daşıyır”.

Əli RAİS,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi