Sentyabr ayında Azərbaycanda dollar satışı azalıb, neftin qiymətində isə gündən-günə artım müşahidə edilir.
Azia.az xəbər verir ki,Sonxəbərə istinadən iqtisadçı ekspert Vüqar Bayramov bu dəyişikliklərin səbəbləri, Azərbaycan manatının yaxın gələcəkdəki taelyi və dünya bazarında neftin qiymətində artımın daha nə qədə davam edəcəyi ilə bağlı suallara aydınlıq gətirib.
- Sentyabr ayında dollar satışının azalması nə ilə bağlıdır?
- Bu ilin sentyabr ayında valyuta hərraclarında 394,8 milyon dollar satılıb. Avqust ayında Dövlət Neft Fondu valyuta bazarına 733,7 milyon dollar satmışdı. Deməli, dollara tələb sentyabrda əvvəlki aya nisbətən 46.2 faiz azalıb. Sentyabrda dollara satışının azalması avqust ilə müqayisədə idxala tələbin aşağı düşməsi ilə bağlıdr. Belə ki, avqust ayında yeni tədris ilinin başlanması ilə bağlı olaraq idxal artır və sahibkarlar sentyarbda əsasən idxal etdikləri məhsulları realizə edirlər. Eyni zamanda, Rusiya valyuta bazarındakı stabillik də Azərbaycanda dollara olan tələbin yumşalmasına təsir göstərdi. Sentyabrın 10-da 1 dollar almaq üçün 70 rubl ödəmək lazım idisə ötən ayn 30-da bu göstərici 65 rubladək azaldı. Bu isə Azərbaycanın valyuta bazarında yığım məqsədli xarici valyuta tələbini aşağı salıb.
- Dollara tələb növbəti aylarda necə dəyişəcək?
- Neftin dünya bazar qiymətinin yüksək olmasına rəğmən ölkəmizdə dollara tələbin yenidən dekabr ayında artacağı gözlənilir. Bu maliyyə ilinin sonuncu ayı olması səbəbindən dövlət və özəl qurumların xarici borc öhdəliklərinin yerinə yetirməsi, idxalda və büdcə xərcləmələrində gözlənilən artımlar və xarici səfərlərin sayının artması ilə bağlıdır.