Qida Təhlükəsizliyi Agentliyindən əhaliyə xəbərdarlıq
Kustar üsulla hazırlanmış “Chivas Regal 12” əmtəə nişanlı spirtli içkilərin ölümcül təhlükəsi ilə bağlı son günlər yayılan xəbərlər hər kəsə məlumdur. “Baku City” və “Everest” restoranlarının işbazlarla əlaqəyə girib bu cinayəti törətməsi hər bir vətəndaşın etirazına və ictimai qınağa səbəb olub. Həmin hadisənin kompleks araşdırılması zamanı bir sıra detallar üzə çıxıb.
Bu barədə virtualaz.org-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mətbuat xidməti Aysel Fərziyeva məlumat verib. O, “Chivas Regal 12” spirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan dəfələrlə yüksək olduğunu bildirib:
“Həyata keçirilən tədbirlər nəticəsində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 161a ünvanında olan anbarda “Chivas Regal 12”, “Chivas Regal 18”, “Chivas Regal 21”, “Jameson”, “Grands”, “Jack Daniels” adlı və s. viski, “Nemirov”, “Ruskiy Standart”, “Belyuga”, “Grey Gouse”, “Minsk”, “Qu Quşu”, “Region”, “Grey Cardinal” adlı və s. araq, “Patron”, “Olmega”, “Siera”, “El Chapo” adlı tekila, “Henessy” və “Remy Martini” konyak və başqa növdən olan 10 min ədəddən artıq spirtli içkinin öz qutularında, səliqəli şəkildə qapaqları ağızlarına taxılı vəziyyətdə boş şüşələri, həmçinin müxtəlif növ spirtli içkilərin qablaşdırılması üçün nəzərdə tutulmuş qapaqları aşkar olunmuşdu. Bu fakt əslində hadisənin nə dərəcədə təhlükəli və irimiqyaslı olduğunu göstərir. Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi İnstitunun laboratoriyalarına təqdim olunmuş “Chivas Regal 12” spirtli içki nümunələrinin sınaq nəticələrində yüksək toksiki təsirə malik metil spirtinin həcm payının normadan (0.05%) dəfələrlə yüksək (76,6%) və insan həyatı üçün son dərəcə təhlükəli olduğu aşkar olunub”.
A.Fərziyeva metil spirtinin insan sağlamlığına zərərini də xüsusi vurğulayıb:
“Metil spirti güclü zəhərli maddədir və ilk növbədə sinir və qan-damar sisteminə təsir göstərir, insan tərəfindən təxminən 10 ml miqdarda istehlakı zamanı göz sinirinin və torlu qişanın zədələnməsinə, korluğa gətirib çıxarır. Ümumiyyətlə, 80-150 ml-dən çox qəbulu isə ölümcül təsir göstərir”.
Qurum rəsmisi vətəndaşlara belə qanunazidd hallarla üzləşdikdə isə müvafiq qurumlara - Baş Prokurorluğun (102) 498-10-54 nömrəli əlaqə vasitəsinə və ya AQTA-nın “1003-Çağrı mərkəzi”nə məlumat verməyi tövsiyə edib:
“Hər bir istehlakçı ictimai iaşə, satış və digər məkanlardan qida məhsulları alarkən məhsulun qablaşdırmasına, etiket məlumatlarına diqqət yetirməli və məhsulların mənşə sənədlərini tələb etməlidir”.
Qeyd edək ki, bir neçə gün əvvəl spirtli içkidən zəhərlənən 2 nəfər dünyasını dəyişib. Bir nəfərin isə vəziyyəti ağırdır, hər iki gözü kor olub.