Milyardların sevimli oyunu, milyardların dövr etdiyi futbol
Futbol, əlbəttə ki, bir oyundur. Sevimlidir, populyardır, bir neçə milyard insanın maraqlandığı bir şeydir, amma oyundur, yarışmadır.
Futbol eyni zamanda böyük qumar predmetidir. Futbol oyunlarının nəticələrinə dair qumar oynadan bikmeker kontorlarında hər gün milyardlarla dollar dövr edir.
Dünyanın iqtisadiyyatına görə ən inkişaf etmiş ölkələrində futbol təsərrüfatı daha yaxşı inkişaf etmiş durumdadır. Bu ölkələrdə futbol azarkeşlərinin kütləsi də daha ağırçəkilidir.
Hamının ağıllı saydığı millətlər (məsələn, ingilislər, yəhudilər, almanlar, italyanlar) daha çox futbol fanatikidir.
Keçmişdə dünya, region hegemonluğuna can atmış, dünyanın dörd bir yanında müstəmləkələr saxlamış ölkələr (Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, Hollandiya, İspaniya, Portuqaliya, Türkiyə) futbolda da güclüdürlər.
Bir sözlə, futbol onlarla idman növlərindən biri, birincisi olsa da, heç də boş şey deyil.
Futbol azarkeşlərinin çox və çılğın olan ölkədə vətənpərvərlik problemi olmaz. Belə ölkələr xarici aqressorun hücumuna məruz qaldığı ilk saatlarda hərbi səfərbərlik məsələsi anındaca və spontan şəkildə həll olunar.
Futbol bir ölkənin ictimaiyyətini tezliklə bir araya toplaya, bir məqsəd ətrafında birləşdirə bilən vasitədir. Çılğın futbol azarkeşləri heç zaman “beşinci kolon” əsgərlərinə çevrilməzlər.
Ona görə də heç kəs futbol azarkeşlərinin çoxalmasından, azarkeşlik hərəkatının kütləviləşməsindən qorxmasın. Ziyanlı deyil, faydalıdır - xüsusilə də bizim durumda olan ölkələr üçün.
Futbol fanatikliyi isə başqadır. Bu dəlilikdir. Hansısa bir klubun tərəfdarı olaraq başqa bir kluba nifrət bəsləmək, o klubun tərəfdarları ilə söyüşəcək, savaşacaq, hətta bıçaqlaşacaq qədər azarkeş olmaq psixi xəstəliyə tən haldır.
Şükür ki, bizim ölkəmizdə o cür çılğın, xəstə, xuliqan futbol azarkeşləri yoxdur.
Onların əvəzində elə adamlar da var ki, nəinki futbolla maraqlanmır, azarkeşlik etmirlər, üstəlik, azarkeşləri ələ salmağa çalışırlar. Sanki bunlar daha vacib işlərlə məşğuldurlar və daha ciddi hobbiləri var, məsələn, ikebana kolleksiyası toplayırlar, opera-balet həvəskarlarıdır, klassik musiqi dinləyirlər, şeir-sənət xiridardırlar və s.
Axtarsan, məlum olur ki, onlar nəinki futbolla, ümumiyyətlə, heç nəylə maraqlanmırlar, eləcə, işə gedir-gəlir, yemək yeyir, yatır, durur, yenidən işə gedir, pul qazanır, pul xərcləyirlər, vəssalam. Əlbəttə, bu da onların yaşam tərzidir, necə deyərlər, özləri bilər.
Fəqət bu cür “heç nəylə maraqlanmayan” adamların bir çoxu bəzən ölkədə təşkil olunan idman yarışlarına ağız büzür, bəyənmir, ələ salır.
Başqa vaxt elə həmvətənlərin bir xeylisi Avropaya inteqrasiya olunmaqdan, Avropa xalqları ilə qaynayıb-qarışmaqdan danışırlar.
Əgər biz Avropanın idman yarışlarına, mədəni tədbirlərinə qatılmayacağıqsa, kütləvi şəkildə qonaq gedib, kütləvi şəkildə qonaq qəbul etməyəcəyiksə, bu inteqrasiya, qaynayıb-qarışma prosesi necə gedəcək?
Futbol matçlarına (eləcə də digər idman yarışlarına) bu prizmadan, ələ düşən fürsət kimi yanaşmaq lazımdır.
Əslində futbolun çox kütləvi reklam, təbliğat səciyyəsi də var. Bir neçə il öncəyə qədər ölkəmizin (eləcə də dünyanın) yetkin əhalisinin doxsan faizi planetdə Kosta-Rika və İslandiya adlı ölkələrin olduğundan bixəbər idi. Bu ölkələrin futbol komandalarının mundialda oynaması kifayət etdi ki, milyonlarla insan belə ölkələrin mövcudluğundan xəbər tutsun və onların içindəki on minlərlə səyahət həvəskarı bu ölkələrə getmək istəsin.
Möhtəşəm idman yarışlarının qalibi olan ölkələrin turizm sektorunda sıçrayış olur - bu, birmənalıdır və dəfələrlə sübut olunub.
Adi baxanda, səthi yanaşanda, deyirsən, nə var axı burada, bir otluqda, 100 metr aralıqda iki dirəyi basdırıb üstünə tir atıblar, böyür-başına tor çəkiblər, ortaya bir yuvarlaq meşin tullayıblar və 22 kişi o yuvarlaq şeyi o yana-bu yana qovur.
Amma dərindən yanaşanda görürsən ki, yox, futbol qələbələri ölkənin ad-sanı, şan-şöhrətidir, güclü futbol təsərrüfatı güclü iqtisadiyyatdır, kütləvi azarkeş ordusu hər dəqiqə silaha sarıla biləcək könüllülər kontingentidir və s.
Bəli, futbol adi idman oyunudur, amma boş şey deyil...
Xalid KAZIMLI