Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun kölgəsində gizlənən acı reallıqlar - Mütəxəssis şərh edir
(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı" mövzusu üzrə hazırlanmışdır)
Azərbaycanda idmanın bütün sahələri üzrə durğunluq müşahidə olunur. Uzun müddətdir ki, beynəlxalq miqyasda ciddi nailiyyətlə yadda qalan yeni, gənc simalar nəzərə çarpmır. 23 iyul-8 avqust aralığında Tokioda baş tutan Yay Olimpiya Oyunlarının yekunları, əldə olunmayan "qızıl" da məhz ölkə idmanındakı hərəkətsizliyin məntiqi nəticəsi idi. Daha acınacaqlısı odur ki, yeddi medaldan yalnız üçü yerli məktəbin yetirmələrinin sayəsində hesabımıza yazıldı. Onların da hər birinin yaşı 30-un üzərindədir.
Dördilliyin əsas idman tədbirində yaşananlar və ənənəsi olan növlər üzrə əvvəlki mötəbər yarışların - dünya və Avropa çempionatlarının nəticələri onu göstərir ki, federasiyalar "köhnə məktəb"in ulduz nümayəndələrinin kölgəsində gizlənib. O cümlədən, Azərbaycan Şahmat Federasiyası yarıtmaz fəaliyyətdən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun şöhrətinə sığınır. Qurumun fəaliyyətindəki nöqsanlar haqqında dəfələrlə tənqidi çıxışlar olsa da, çatışmazlıqlar hələ də həllini tapmır. Biganə münasibətdən tanınmış qrossmeysterlər zaman-zaman gileyləniblər. Bir çoxu problemləri açıq formada dilə gətirmək istəməsə də, federasiyadan narazı olduğu məqamları sezmək çətin deyil. Fəqət bu, hamıya məlumdur ki, respublikamızda şahmata dövlət səviyyəsində yüksək diqqət ayrılır. Hər regionda şahmat məktəbləri fəaliyyət göstərir. Azərbaycan Beynəlxalq Şahmat Federasiyasına (FİDE) üzv olan 195 ölkə arasında şahmatın inkişaf etdirilməsi üzrə xüsusi Dövlət Proqramı qəbul etmiş yeganə ölkədir.
Ölkədə ən kütləvi növlərdən sayılan şahmatın əsas problemləri nələrdir? Günün reallıqları bizi hara aparır? Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov səviyyəsində qrossmeysterlərin yetişməsi üçün hansı addımların atılmasına gərək var?
Fanat.Az beynəlxalq qrossmeyster Azər Mirzəyevə müraciət edib.
Gördüyü problemləri sadalayan respublikanın əməkdar məşqçisi bütün çatışmazlıqların federasiya prezidenti Elman Rüstəmovun 14 ildir məsul olduğu quruma biganə münasibətindən qaynaqlandığını deyib: "Federasiya rəhbəri bu günə qədər nə bir məşqçi, nə bir uşaq və ya onun valideynini qəbul edib qayğıları ilə maraqlanmayıb. İşlərin hamısı vitse-prezidentlər Faiq Həsənov və Mahir Məmmədova həvalə olunub. Onlar da federasiyanı şəxsi biznesləri kimi idarə edirlər. Qurumda hər şey məntiq yox, şəxsi düşüncə və kənar təsirlər əsasında həll olunur. Şahmatçılar iki kateqoriyaya bölünür: özününkülər və özgələr. "Özününkülər" dedikdə, ilk növbədə federasiyada çalışanları nəzərdə tuturam. Bir də "yuxarılar"dan tapşırılanlar. Təlim-məşq toplanışları təşkil olunmur. Hansı ki, bu, ən vacib məsələlərdəndir. Büdcənin bolluğuna rəğmən, yarışlara ezamiyyət problemləri yaşanır. Bütün bu səbəblərdən dolayı, şahmatçılar ölkədə gələcək görmürlər. Çoxu bəlli bir yaş dövründən sonra şahmatla vidalaşır. Karyera qurmaq istəyənlər xaricə, əksəriyyəti isə Türkiyəyə üz tutur. Bu da təsadüfi deyil, orada son dövrlər şahmata əsaslı diqqət ayrılır, nəticədə, böyük sıçrayış müşahidə olunur. Halbuki heç kimə sirr deyil ki, Azərbaycanda olan ənənə onlarda yoxdur.
Komandamız üçüncü dəfə Avropa çempionu olduqdan sonra dövlət tərəfindən ölkədə şahmatın inkişafı üçün 1 milyon manat pul ayrıldı. Vəsaitin hara xərclənməsi haqqında heç bir məlumat yoxdur.
Yerli şahmatçılara ögey münasibətin fonunda Arkadi Naydiçə qucaq açılır, onunla aylıq 8 min avro əməkhaqqı nəzərdə tutulan müqavilə bağlanır. Naydiç bu günədək ölkəmiz adına hansısa nəzərəçarpan uğurla yadda qalmayıb. Üstəlik, bu adam heç vaxt Azərbaycanda yaşamayıb. Naydiçlə müqavilə 2020-ci ildə bitib, ancaq hələ də FİDE-nin siyahısında Azərbaycan şahmatçısı kimi təqdim olunur. Başa düşmək olmur ki, federasiya onunla bağlı hansı maraqları güdür".
2003-cu ildən 2009-cu ilə qədər İspaniyada yaşayan respublikadaxili və beynəlxalq turnirlərin qalibi yerli federasiyanın vaxtilə ona göstərdiyi münasibətdən danışıb. Mirzəyev Avropa ölkələrində şahmatçılara yanaşma ilə Azərbaycandakı durumu müqayisəli təhlil edib: "Mən ölkədən gedəndə də vəziyyət indikindən çox fərqli deyildi. Sadəcə, Faiq Həsənov qurumu tək idarə edirdi. Şahmatçılara qarşı ikili standartlar həmişə tətbiq olunub. Bu cür ögey münasibətlər səbəbindən beş ildən çox İspaniyada yaşadım. Açığı, haqsızlıq görsəm də, çox vaxt susmağa üstünlük vermişəm. Konfliktlərdən uzaq adamam. Amma bir gün artıq dözə bilmədim, federasiya vitse-prezidenti Mahir Məmmədova narazılığımı bildirdim. Dedim ki, Naydiç kimi faydasız birinə ayrılan yüz minlərin, ümumiyyətlə, sağa-sola xərclənən bu qədər vəsaitin qarşılığında niyə görə mənə bir turnir xərci ödənilməməlidir? Dedi, sən turistsən. O vaxtdan federasiya ilə bütün əlaqələri kəsmişəm.
İspaniya və digər haqqında azdan-çoxdan məlumatım olan ölkələrin Şahmat Federasiyalarında bizdən fərqli olaraq şəffaflıq mühiti hökm sürür. Qurum daxilində seçki keçirilir. Hər şey açıq-aydın ortadadır. Azərbaycanda federasiya rəhbərliyi, komandalar nəyin əsasında formalaşır? Bu barədə heç bir məlumat yoxdur. İspaniyada Şahmat Federasiyasına şahmatçı rəhbərlik edir. Kimliyindən asılı olmayaraq, rəhbərliklə əlaqə saxlayıb fikir mübadiləsi apara bilir. Ölkə çempionatı və ya hər hansı yarışdan bir xeyli öncə əsasnamə tərtib olunur, müxtəlif platformalara yerləşdirilir. Bizdə isə çempionata iki-üç gün qalmış bir-bir şahmatçılara zəng vururlar ki, filan vaxtda yarış başlayacaq, hazırlaş, gəl. Belə yerdə inkişaf olar? Nə qədər ki, yeniliklərə açıq olmayan, sadəcə öz maraqlarını güdən adamlar quruma rəhbərlik edir, əlbəttə, ildən-ilə geri addım atacağıq".
Aşağı yaş qruplarındakı uğurlarda Azərbaycan Şahmat Federasiyasının rolunun olmadığını qeyd edən Mirzəyev, qarşıdakı bir neçə il ərzində dünya reytinqinin ilk "10-luğ"una düşə biləcək yerli şahmatçı görmür: "Aşağı yaş qrupları üzrə keçirilən yarışlarda əldə olunan nəticələr ölkədə şahmatın kütləviliyinin, uşaq məktəblərinin, fərdlərin və onların valideynlərinin çəkdiyi zəhmətin bəhrəsidir. Şahmat Federasiyası bu uğurları öz adına çıxa bilməz. Həmin uşaqlara federasiya neçə dəfə təcrübəli, elit şahmatçılarla təlim-məşq toplanışı imkanı yaradıb? Yaxud onların hazırlığı üçün xüsusi proqram qurulubmu? Müasir şahmat çox qəlizdir. Şahmatçı şəxsi imkanları ilə çox uzağa gedə bilməz. Müvafiq qurumdan lazımi dəstək görməyən şahmatçılar, əlbəttə, vaxt keçdikcə yerində sayacaq. Necə ki, illərdir aşağı yaş kateqoriyalarında nailiyyət qazananların sonradan ciddi göstəricilərlə yadda qalmadığını görə-görə gəlirik. Komandamız bu gün yetərincə güclüdür, amma bəs sabah necə olacaq? Liderləri əvəzləyəcək adamlar yoxdur. Bu gedişlə Azərbaycanda Şəhriyar və Teymur səviyyəsində şahmatçı yetişəcəyi imkansız görünür. Çıxış yolu isə federasiyada islahatların aparılmasıdlr. Şahmatın başında müasir düşüncəli, yeniliklərə açıq olan şəxslər durmalıdır".
Sahib Əsədbəyli
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.