“Ötən il 327 nəfər intihar edərək ölüb” - Səhiyyə Nazirliyi
2016-cı ildə Azərbaycanda 327 tamamlanmış intihar hadisəsi qeydə alınıb
Bunu Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin Təcili psixoloji yardım şöbəsinin müdiri, psixiatr Kəmalə Talıbova deyib.
K.Talıbovanın sözlərinə görə, keçən il ölkə ərazisində 470 nəfər intihara cəhd edib, amma bu intiharlar ölümlə nəticələnməyib.
2015-ci illə müqayisədə ötən il intiharların sayında azalma müşahidə edildiyini deyən K.Talıbova bildirib ki, 2015-ci ildə 515 intihar faktı olub.
K.Talıbova deyib ki, bütün dünyada əsas problemlərdən biri olan intiharın səbəbləri müxtəlifdir: “ Bura bioloji, sosial faktorlar daxildir. Sosial faktorlar arasında işsizlik, ailə vəziyyətini misal çəkmək olar. İntiharlarda genetik amillər də rol oynayır. İntihar halları kişilərdə qadınlara nisbətən (1/2) daha çox rast gəlinir”.
İntihar hallarının baş verməsində cəmiyyətdə, mətbuatda məlumatların düzgün yayımlanması və necə təqdim olunmasının vacib məsələ olduğunu vurğulayan K.Talıbova qeyd edib ki, bəzən insanlar sanki həmin məlumatlarda özünün bir problemini görür və çıxış yolunu intiharda görürlər: “İntihar haqqında tez-tez danışan adamlar əslində heç vaxt özlərinə qəsd etmirlər. Buna baxmayaraq, intihar edənlərin 80 faizindən çoxu həyatdan getmək istədikləri haqqında kifayət qədər ciddi xəbərdarlıq edirlər”.
K.Talıbova sonda vurğulayıb ki, bu gün dünyada orta intihar faktlarının sayı hər 100 min nəfərə 7 intihar hadisəsi düşür: “Azərbaycanda isə bu göstərici hər 100 min nəfərdən 5-də bu hal qeydə alınır. Azərbaycanda isə intiharların sayı kritik vəziyyətdən aşağıdır. Onu da deyim ki, Psixi Sağlamlıq Mərkəzinin “İnam” telefon xətti fəaliyyət göstərir ki ( 566 -50-41 ) bura ay ərzində 200-250 müraciət daxil olur və onların da 20-30%i böhran durumunda olan şəxslərdir".