BAKIDA DƏHŞƏT! Kişi arvadını qonşu oğlanla öz otağında tutdu: GÖRÜN NƏ ETDİ
Bakının Səbail rayonunda 1956-cı il təvəllüdlü Ayaz Vəliyev arvadı ilə münasibətdə olan qonşusu Qorxmazı (ad və soyadlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Teleqraf.com-un xəbərinə görə, hadisə ötən il martın 13-də saat 21 radələrində baş verib.
Həmin vaxt evinə gələn Ayaz arvadı Səbinənin mənzilin yataq otağında qonşusu Qorxmazla cinsi əlaqədə olarkən tutub. Onların arasında mübahisə yaranıb. Ayaz əvvəlcə əl və ayaqla, daha sonra kəsici-deşici alətlə Qorxmazın bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.
İstintaq orqanı tərəfindən Ayazın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.
“Dəfələrlə evimdə olub”
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ayaz ittiham üzrə özünü qismən təqsirli bilib. O, bildirib ki, Qorxmaz qonşuluqda yaşayıb, münasibətləri əvvəllər qonşu kimi normal olub: “Qorxmaz hadisədən təxminən 2 ay əvvəl cəzaçəkmə müəssisəsindən amnistiya aktı əsasında azadlığa buraxılıb. O, tüfeyli həyat sürən, bir neçə dəfə törətdiyi cinayətə görə azadlıqdan məhrum olunan şəxs idi.
Bütün bunlara baxmayaraq, qonşu kimi dəfələrlə evimdə olub, siqaretə, pula və digər ehtiyaclarına görə yanma gələn zaman ona kömək etmişəm”.
“Cinsi əlaqədə olduğunu gördüm”
Ayazın ifadəsinə görə, həyat yoldaşı Səbinə 2011-ci ildə övladları leykozdan dünyasını dəyişdikdən sonra psixoloji xəstəliyə görə əziyyət çəkir: “Həyat yoldaşım yaddaşını itirir, bəzən məni belə xatırlamayaraq görəndə uşaqlarımın adı ilə çağırır. Mən Müdafiə Nazirliyinin “N” saylı Hərbi Hissəsində qazanxana operatoru işləmişəm. İş rejimi 12 saat gecə, 12 saat gündüz olub”.
Təqsirləndirilən şəxs qeyd edib ki, martın 13-də, saat 09.00-dan axşam saat 21.00-dək işdə olub: “İşdən çıxaraq evə gəldim. Evin qapısı açanda sakitlik olduğunu gördüm. İçəri yataq otağına keçəndə Qorxmazın həyat yoldaşım Səbinə ilə cinsi əlaqədə olduğunu gördüm. Həmin vaxt ani şok vəziyyətinə düşdüm.
Qorxmazın üzərinə atıldım və əlbəyaxa oldum. Ona əlimlə, ayağımla zərbələr vurdum. Şokda olduğumdan Qorxmazla əlbəyaxa olan zaman onu neçə dəfə və necə vurduğumu xatırlamıram”.
“Yalvardı ki, polisə deməyim”
Ayazın bildirdiyinə görə, şokdan ayılanda pəncərənin altında yerdə oturmuş vəziyyətdə imiş və artıq Qorxmaz orada yoxmuş: “Neçə dəqiqə o vəziyyətdə qaldığımı bilmədim. Yavaş-yavaş özümə gəldim, su içərək sakitləşdim. Sonra Qorxmazın yaxınlıqda olan evinə getdim, anasını çağıraraq onu soruşdum.
Qorxmazın anası onun evə gəlib, sonra harasa getdiyini bildirdi, məndən nə olduğunu soruşdu. Baş verənləri ona danışdım. Qorxmazın anası əli ilə dizinə, başına vuraraq oğlunu söydü. Sonra mənə yalvardı ki, bu barədə polisə deməyim. Çünki Qorxmaz cəzaçəkmə müəsisəsindən təzə çıxmışdı, yenidən türməyə qayıtmasını istəmirdi”.
“Yarıçılpaq uzandığını gördüm”
Təqsirləndirilən şəxsin sözlərinə görə, Qorxmazın anasına hadisə barədə polisə xəbər verməyəcəyini bildirib: “Qarşılığında mənim də barəmdə polisə məlumat verməmələrini xahiş etdim. Anası razılaşdı. Sonra mən evə getdim. Bir saatdan artıq müddət keçdikdən sonra təcili yardım avtomaşınının səsini eşitdim. Çölə çıxanda maşının Qorxmazın yaşadığı evə tərəf getdiyini gördüm. Qorxmazın yaşadığı evə gedəndə onun yarıçılpaq vəziyyətdə uzadıldığını, sinə və qarın nahiyəsində vurduğum zərbələrin təsirindən iki xəsarətin olduğunu gördüm. Başında da xəsarətlər vardı.
Həkim Qorxmazın təzyiqini ölçdü, təzyiqin sürətlə aşağı düşdüyünü bildirərək ölə biləcəyini dedi. Onu xəstəxanaya aparacaqlarını dedilər və apardılar. Həmin vaxt həkim nə olduğunu soruşdu. Bu barədə heç nə deyən olmadı”.
“Hadisə barədə danışdım”
Ayazın bildirdiyinə görə, hadisənin səhəri gün həyat yoldaşı Səbinəni Masazır qəsəbəsində yaşayan oğlunun evinə aparıb: “Heç kimə bir söz demədim, yoldaşımı orada qoydum, evə qayıtdım. Həmin gün saat 17-18 radələrində oğlanlarım Elvin və Aydını evə çağırdım.
Hər ikisinə hadisə barədə danışdım. Saat 19 radələrində evdən çıxaraq işə getdim”.
“Məqsədim cəzalandırmaq olub”
Ayaz qeyd edib ki, martın 15-də saat 09.30-da işdən evə qayıdıb: “Qonşular məni üç nəfər mülki geyimdə olan şəxsin axtardıqlarını bildiriblər. Evə keçərək yuyundum. Yemək yeyərək uzandım. Ancaq yata bilmədim. Yerimdən qalxaraq saat təxminən 12.00-da evdən çıxıb Masazır qəsəbəsində yaşayan oğlumun yanına getdim ki, yoldaşımın vəziyyətinin nə yerdə olduğunu öyrənim.
Həmin gün orada qaldım. Martın 16-da səhər saatlarında polisdən zəng vurdular, oğlumdan məni soruşdular. Oğlum mənim yanında olduğumu və polisə gətirəcəyini bildirdi”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Qorxmazı öldürmək niyyəti olmayıb, xəsarət yetirməkdə məqsədi psixi xəstəliyi olan arvadı ilə cinsi əlaqədə olduğu üçün cəzalandırmaq olub.
“Spirtli içki içiblər”
Qeyd edək ki, cinayət işi üzrə zərərçəkmiş Qorxmaz məhkəmə yekunlaşmaqda olan ərəfədə vəfat edib. Bu səbəbdən cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində anası Naibə tanınıb.
Naibənin sözlərinə görə, onun iki oğlu var: “Oğulum Qorxmaz orta ixtisas təhsili alıb, televizor ustası peşəsinə yiyələnib. Daimi iş yeri olmayıb, muzdlu işçi kimi müxtəlif təmir sahələrində çalışıb.
Qorxmaz mənzil oğurluğuna görə 2014-cü ildə 3 il 6 ay azadlıqdan məhrum olunub. Azadlığa çıxandan sonra yenidən mənzil oğurluğu törətmişdi. 2020-ci il yanvarın sonunda azadlığa buraxılıb. Azadlığa çıxandan sonra Qorxmaz günün əksər vaxtı evdə oturub. Çox dostu yoxudu.
Qonşumuz Ayazla Qorxmazın yaxşı münasibətləri olub, aradabir görüşüb, spirtli içki içiblər”.
“Qorxmazın çarpayının altından çıxdığını gördüyünü bildirdi”
Naibənin sözlərinə görə, martın 13-də Qorxmaz bütün günü evdə olub: “Axşam vaxtı təxminən saat 18.00-da paltarını geyindi, evdən çıxmaq istədiyini dedi. Ondan hara getdiyini soruşsam da, bu barədə mənə heç nə demədi. Təxminən saat 20.30-da qapı bərk döyüldü. Qapını döyən qonşumuz Ayaz idi. O, çox əsəbi və həyəcanlı olub. Nə baş verdiyini soruşdum. Ayaz işdən evə gələndə həyat yoldaşının lüt vəziyyətdə alt paltarlarını geyindiyini, Qorxmazın çarpayının altından çıxdığını gördüyünü və onu döydüyünü bildirdi.
Bir neçə dəqiqədən sonra qapı döyüldü, iki nəfər tanımadığım cavan oğlan mənə bildirdilər ki, oğlum yaxınlıqdakı zibil qutularının yanında uzanaraq qalıb. Uşaqlarla birlikdə evdən təxminən 100 metr aralıda olan zibil qutularının yanına getdim. Qorxmaz halzsız vəziyyətdə yerdə uzanmışdı.
Qorxmazı qaldırdım, oturaq vəziyyətə gətirdim. O, demək olar ki, danışa bilmədi. Digər oğlum Vəliyə zəng vurdum və vəziyyəti ona bildirdim”.
“Alt paltarı qanlı olub”
Naibə qeyd edib ki, həmin vaxt Vəli Hövsan qəsəbəsində dostu ilə birlikdə işdə olub: “Vəli gələcəyini bildirdi. Həmin vaxt Qorxmaz “tualet etmək” istədiyini dedi. Ona yardım etmək istəyəndə imkan vermədi. Oğlumu yerdən qaldırmaq istədim, amma gücüm çatmadı. Təxminən 40 dəqiqədən sonra Vəli dostu ilə gəldi. Biz Qorxmazı taksiyə qoyaraq evə apardıq. Evdə Qorxmaz bir az özünə gəldi. Lakin danışmadı.
Vəli və dostu Qorxmazın paltarlarını dəyişməsinə kömək etdilər. Təcili yardıma zəng vurduq. Təxminən 15 dəqiqə sonra həkimlər gəldi. Qorxmazın sağ döş hissəsində bir, sağ böyründə aşağıda 2, yaxud 3 cızıq izi vardı. Həmin yerdən axmış qandan Qorxmazın alt paltarı qana boyanmışdı.
Təcili yardım gələn vaxtı Ayaz da gəldi. Ayaz siqaret çəkərkən həkim ondan kim olduğunu soruşdu. Ayaz qonşu olduğunu bildirdi. Həmin vaxt Ayazın siqaret olan əli əsdi, həkim kənar şəxslərin evdən çıxmalı olduğunu dedi. Qorxmazın təzyiqi 40-30-a düşmüşdü.
Həkim Qorxmazın ölə biləcəyini bildirdi. Əvvəlcə təcili yardım maşını ilə aparılmasına etiraz etdim. Sonra onların təkidi ilə Qorxmazı oğlum Vəlinin və dostunun köməkliyi ilə xərəkdə təcili yardım maşınına qoyduq, xəstəxanaya apardılar”.
“Salam vermişəm, dəli kimi mənə ona baxıb”
Naibə deyib ki, qonşu kimi Ayazla normal münasibətləri olub: “Qorxmaza siqaret lazım olanda Ayazdan alıb. Birlikdə içki içdikləri vaxtlar olub. Yəni, Qorxmazın Ayazın evinə gediş-gəlişi olub.
Ayazın həyatı yoldaşı Səbinənin psixoloji xəstəliyinin olduğunu barədə əvvəllər bilməmişəm. Sonralar yoldan keçəndə Səbinə qapının qarşısında oturan zaman ona salam vermişəm. Səbinə də dəli kimi mənə baxıb, heç bir cavab verməyib.
Bu barədə Ayazdan soruşmuşam. Ayaz arvadını başında problemi olduğunu deyib. Bu barədə Qorxmazın da məlumatı olub”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Ayaz 5 il müddətinə azadlıqdan məhrum edilib.