Həbs edilən xanım baş mühasib hakim önündə - 340 mini qohumlarına və özünə xərcləyib
Tikinti materiallarının satışı ilə məşğul olan “NVC” məhdud məsuliyyətli cəmiyyətinin baş mühasibi olmuş xanım hakim önünə çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Samirə Hüseynovanın cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məlum olub ki, bu, S.Hüseynovanın ilk cinayət əməlidir.
İttihama görə, “NVC” MMC-nin vəzifəli şəxsləri tərəfindən Cəmiyyətin mülkiyyətində olan pul vəsaitlərinin əməkhaqqı təyinatı ilə ayrı-ayrı kənar fiziki şəxslərin hesablarına köçürülərək mənimsənilib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış istintaqla Hüseynova Samirə Əzizağa qızının 2018-2020-ci illərdə “NVC” MMC-də baş mühasib vəzifəsində işləyən zaman həmin cəmiyyətlə arasında hər hansı bir müqavilə olmadığı halda özünə və yaxın qohumlarına məxsus cəmiyyətlərə və xarici hesablara müxtəlif məbləğlərdə pullar köçürməklə, həmçinin müxtəlif cəmiyyətlərdən müxtəlif çeşidli mallar alaraq “NVC” MMC-nin bank hesablarından həmin mallara görə fiziki və hüqüqi şəxslərin bank hesablarına ümumilikdə 275 min 400 manat pul vəsaitini onlayn qaydada köçürüb.
O, aldığı malları öz şəxsi ehtiyaclarına sərf edib, habelə cəmiyyətin bank hesabından müxtəlif vaxtlarda öz hesabına və tanışlarının hesabına ümumilikdə 340 min 700 manat məbləğində köçürmələr edib.
Samirə Hüseynovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda - mənimsəmə və ya israf etmə), 193-1.2.3 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməklə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.
İlkin Muradov