azia.az
azia.az

Kibercinayətkarlar hakim önündə - Azərbaycanda əcnəbilərin hesablarından pul oğurlayıblar

13-06-2019, 23:10


Azərbaycanda əcnəbilərin bank hesablarına müdaxilə edən xarici vətəndaşlar hakim qarşısına çıxarılıb.
Kibercinayətkarlar hakim önündə - Azərbaycanda əcnəbilərin hesablarından pul oğurlayıblar
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində kibercinayətkarlıqda ittiham edilən şəxslərin məhkəməsi başlayıb.

Onlar bank hesablarından pul oğurlamaqda təqsirləndirilirlər.

Təqsirləndirilənlər Rusiya vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrey Borisoviçdir.

Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsiləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Növbəti məhkəməsi prosesi iyunun 20-nə təyin edilib.

Xatırladaq ki, hər iki şəxsin həbsi ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Bazarlarına Nəzarət Palatası birgə məlumat yayıb.

Məlumata görə, 2018-ci ilin may ayında müxtəlif formal şirkətlər yaradılmaqla və onların bank hesabları açılmaqla Azərbaycan banklarından alınan POS-terminallardan istifadə etməklə kibercinayətkarlıq yolu ilə əcnəbilərin bank hesablarından milyonlarla vəsaitin yerli banklardakı qeyd olunan hesablara, həmin hesablardan isə MDB ölkələrindəki müxtəlif hesablara köçürülməsi yolu ilə talanması, yerli banklara əsassız daxil olmuş vəsaitlərin dəyərinin qeyd olunan xarici vətəndaşlara qaytarılması nəticəsində yerli banklara maddi ziyan vurulması barədə məlumatlar daxil olub.

Qeyd olunan məlumatlar əsasında Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birgə həyata keçirilmiş təxirəsalınmaz tədbirlər nəticəsində bu cinayət əməllərini törətməkdə şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı Lunin Pavel Sergeyeviç və Ukrayna vətəndaşı Serb Andrey Borisoviç müəyyən edilərək saxlanılıb, onlara məxsus bank hesablarında olan vəsaitlər dondurulub, müvafiq əməliyyatların həyata keçirilməsinin qarşısı alınıb.

Lunin Pavel Sergeyeviç və Serb Andrey Borisoviç Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 272-ci (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi