Poeziyamızın sarı çiçəyi...
Yazıçı-ilahiyyatçı Oqtay Salamzadəni “Azərbaycan” nəşriyyatından içəri girən hər kəs tanıyırdı, özü də yaxşı tanıyırdı. Oqtay Salamzadə sözə, böyük mənəviyyata, əqlin işığına həssaslıqla yanaşan, bütövlükdə varlığın qiymətini verməyə çalışan insan idi. Bir çox gənc şair və yazıçılara uğurlu söz yazmışdı. Yazdıqları ilə də öyünən idi Oqtay Salamzadə. Çünki öyünməyinin də kökündə onun inamı dayanırdı. İnanmasa, təbii ki yazmazdı. Uğurlu yol yazdığı şairlərimizdən biri də “Dirili Qurbani” respublika ədəbi saz-söz məclisinin üzvü, Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin şöbə müdiri Mətanət Ulu Şirvanlıdır. Oqtay Salamzadə şairin “Sarı çiçək” adlı kitabına “Həyat eşqi ilə” adlı bir önlük yazıb. Görünür, yazıçı, bu şair qadının şeirlərində həyat eşqi sezib. Mən də elə bu müşahidənin arzusu ilə qarşımdakı kitabın vərəqlərini çevirirəm.
Kitabda müəllifin son illərdə qələmə aldığı şeirləri toplanıb. Müəllif qələmə aldığı ədəbi nümunələrdə mövqeyini, vətəndaşlıq missiyasını ortaya qoymağa çalışıb. Rəngarəng poetik duyğuların haləsində Vətən torpağı, Vətən göyləri, yaşadığımız mənəvi mühit, insanın həyat fəlsəfəsi, “hər ömür bir təcrübədir” qənaətindən doğan düşüncələr, insanın idrak işığı, onun məhəbbəti, sevgisi bütün səmimiyyəti ilə əhatə olunur. Mətanət xanımın yazdıqlarında həzinlik, poetik təxəyyül diqqət yaradır. Onun poeziyaya gətirdiklərini oxuduqca, duyduqca kövrək anlar yaşayırsan. Azərbaycanı bütöv, səadət içində bəxtəvər görmək istəyir bu kövrək və həzin düşüncələrin sahibi. Mətanət xanım adı qədər ülvi, əziz, insanı gözündən güldürəcək duyğular müəllifidir. Şeirləri daha çox sevgi, məhəbbət ilə süslənib. Ən başlıcası isə o, şeirlərindəki sevgini, məhəbbəti xırdalamayıb, bölgülərə bölməyib. Hər bir sevginin, məhəbbətin adını, ünvanını məxsusi olaraq ayrıca yazmayıb. Bu “çiçək sevgisidir, bu daş sevgisidir, bu Vətən sevgisi, bu ana sevgisidir”, deyə hisslərinin rəsmi olan ifadələrini, fikirlərini paramparça etməyib. Daha doğrusu, içindəki səsi qırılmağa qoymayıb. Səs elə qırılmasa yaxşıdı; səs qırılanda, titrək olanda iradəsizlik görünür, şəxsiyyətin zəifliyi üzə çıxır, insan acizləşir. Ətrafın gözündə getdikcə balacalaşaraq xırdalanır beləcə. Dedim axı, Mətanət xanımın şeirlərinə gərək bütöv bir mənzərə kimi baxasan, onun çəkdiyi poeziya rəsmlərində böyük bir tablo var; yurd tablosu, Vətən tablosu və o torpağı, o yurdu, Vətəni mühafizə edən, qoruyub-əzizləyən insan var. Bax o insanı həyat eşqi ilə tərənnüm edir Mətanət xanım. Elə ona görə də Oqtay Salamzadə yazır: “Mətanət Ulu Şirvanlının poetik dünyasının rəmzi olan “sarı çiçək” kitabı oxucularına bir bəxşişdir. Bu kitaba icazəsiz olaraq daxil olmaq imkanını müəllif oxuculara verir. Oxucuya təqdim olunan “Sarı çiçək” poetik nümunələrini oxuya-oxuya yazdığım bu ön sözümdə bəlağət yoxdur. Mətanət Ulu Şirvanlı istedadlı şairə və nüfuzlu mətbuat işçisidir. Bununla bərabər, insani keyfiyyətləri ilə seçilən və sevilən bir şəxsiyyətdir...”
Ədəbi imzasından da göründüyü kimi, Mətanət xanım Qədim Şamaxıda-”Pələng dərisi geyinmiş pəhləvan”ın müəllifi Şota Rustavelinin adını daşıyan məhəllədə doğulub. Doğulduğu yurdun, torpağın adını özünə ədəbi imza kimi götürmək də Vətənə, yurda bağlılığın təzahürüdür. Bu yerdə böyük Xəqaninin Şirvan torpağını necə tərənnüm etməsi yadıma düşür:
Şirvan ki var, ülviyyətin anasıdır,
Onun hər bir səhər yeli dərdlərimin dəvasıdır.
Mətanət Ulu Şirvanlının da Şamaxını əzizləyən sətirləri var.
Şamaxı and yerimdi,
Aman-güman yerimdi.
Ölsəm, yerim yeddigümbəz,
Yaşasam, şad yerimdi.
Mətanətin Qarabağ ağrısı, Qarabağı azad etmək mücadiləsi ilə yazdığı şeirləri də var. Bu şeirlər şairin yurd həsrəti, Azərbaycanın bütövlüyü, parçalanmış torpağımızın vahidləşməsi arzusu ilə yazılıb və içdən dolu, qolu-biləyi qüvvətli, mətanətli sətirlər, misraları ilə fərəh doğurur.
Qarabağ həsrəti ilə yazdığı şeirlərində bir Azərbaycan qadının şeirə, poeziyaya gətirmək istədiyi hisslərinin tərcümanı görünür. Düşmənə təslim olmaq istəməyən qadın fədakarlığı oxunur. Elə o ürəklə, o qeyrətlə də şairə özünün həyat fəlsəfəsini sanki bütün yazdıqlarında üzə çıxarmağa çalışır. Ataya-anaya, cəmiyyətə, dünyaya, ictimai hadisələrə münasibətdə və digər məsələlərdə sanki biz şairin könül duyğularının hekayətini oxuyuruq.
Şeirlərində kədərli ovqat daha çox gözə çarpır. Kitabına seçdiyi ad da, romantik düşüncənin şair dünyasındakı izləridir.. Çox vaxt insanlar sarı rəngdən qaçır. Mətanət xanım isə sarı rəng haqqındakı mifi aradan qaldırmağa səy göstərir. El arasında sarı ayrılıq rəmzi kimi hallanır zaman-zaman. Şair isə demək istəyir ki, hər bir rəng öz yerində, öz məqamında gözəllik tablosunun bir zənciri, halqasıdır. Qövsi-quzehdə- göy qurşağında rənglərin möcüzəsi var. Üfüqdən-üfüqə atılmış körpüdür göy qurşağı, onu kim yarada bilər, insan onu çəkə bilərmi? O Tanrı körpüsüdür. Ucalıqların, ucaların yaratdığıdır və o ucalıqların yaratdığı körpüdə sarı yol da var, qırmızı, mavi yol da... Odur ki, şair demək istəyir ki, sarı rəngə münasibət də insanın xisləti ilə bağlıdır. Şairin aləmində əslində sarı məhəbbət rəmzidir. Məhz elə ona görə də o, şeirlərinə “sarı don” biçib. “Sarı çiçək” deyibən yazdıqlarını ruhundan qoparıb sətirlərə köçürür. Amma nə edir, etsin misraları yenə də kədərsiz, qəmsiz deyil. Sanki o, sevinclə, kədəri birləşdirən bir qövsi-qüzeh cızır.
“Ağladım” rədifli şeiri var.
Sarı saçlara dəymədi əllər- şanə,
Hər kəs mənə biganə-ağladım.
Başladım fəryadə qəmli avazla,
Ad qoydular mənə, divanə- ağladım...
Ey Mətanət, rəqiblər keçdi səndən önə,
Sən qaldın yanə-yanə, yandın- ağladın.
Qəribədir, şair rəqib deyəndə kimləri nəzərdə tutur?! Təbii ki, sözün hikmətini, sənətin ucalığını duymayanları. Cəhalət və nadanlıq içərisində mənəm-mənəm deyənləri...
Mətanət xanımın “Hər sətir bir hikmət” başlığı altında düşüncələri var. Həmin düşüncələrdən birində şair “mühit mənə hakim kəsilir” deyə gileylənir. Məncə, bu fikirdə də, şairin mənəvi azadlıq istəyi, düşüncə sərbəstliyi, insanın ikiləşməməsi, özü olması istəyi əsas götürülüb. Çünki bu qəbildən oxşar deyimləri çoxdur. Məsələn, “ruhumu azad görmək istərdim”, “əzaba sürgünəm”, “məndən qorxmaya bilərsən, Allahdan necə?”, “Hər keçəndə sağa-sola, yolum üstə qəbristanlıq kaş olmaya!”... bu tip fikirlər onun poeziyasına açılan pəncərədir. Şairənin görə bildiyimiz və görə bilmədiyimiz dünyasının poetik məcraya yönəlmiş hissələridir.
Dünyanı yeknəsək görmək istəmirəm. Çəməndə güllər-çiçəklər nə qədər çoxdursa, demək o qədər də ətir, rahiyə, təmiz, zəngin hava var. Söz çeşməsi, söz mənzərəsi, sözün yaratdığı mənəvi xəritə də nə qədər bol olarsa, bir o qədər də qəlbimizin gözü böyük olar. Hətta mən hardasa oxumuşam ki, şairlər özlərinə xəzər boyda göz istəyirlər. Çünki insan dağın o biri üzünü görə bilmir. Necə ki, biz bu gün paytaxtımızdan Qarabağı - Şuşanı, Laçını, Xocalın görə bilmirik. Bu gün İŞİD ordusu hər gün meydanlarda insan başı kəsir. Hətta biri əlində ağzı bülövlü gorda, xançal tutaraq yerə yıxdığı əmioğlusunun başını kəsəndə yanındakı deyir: tez ol, iliyini vur, iliyini vur! Sanki öküz başı kəsirlər. İnsan bu dağları görmür, görürsə də, niyə etiraz etmir?! Hər kəs öz gününün zövqi-səfasını sürür. Bu gün mənim qarnım toxdur, mən toxunulmazam, bu gün evimə salamat gedirəmsə, bu mənə kifayətdir. Şairlər isə xəzər boyda gözü əbəs yerə istəmir. İnsan içindən böyüməlidir. İnsan alçaqlıqdan ucalığa yüksəlməlidir. Adi göldə, bataqlıqda , çamurun içərisində bitən qamış hər gün bir boy uzanır. Məqsəd bataqlıqdan can qurtarmaqdır, məqsəd çamurdan uzaqlaşmaqdır. İnsan niyə bunu etmir, insan niyə içdən böyümür? Bütün bu dediklərimin dövrəsi bu yerdə qapanır. Bir daha demək istəyirəm ki, şairin, şeirin, fikrin, düşüncənin çoxluğundan qorxmaq, xofa düşmək dar düşüncəlilikdir. Hər söz, hər fikir bir qapıya açardır. Bu şair, şeir bolluğunda Mətanət Ulu Şirvanlı sözün enerjisindən bacardıqca istifadə etməyə çalışır. Məqsəd cəmiyyətə fayda vermək, insanın mənəvi xilas yolunu axtarmaqdır.
“Sarı çiçək” poeziyamızın bir rəngidir. “Sarı çiçək” şeiri məhəbbət oyadır. Poeziyamızın sarı çiçəyi Mətanət xanımın da duyğuları pərişan saçları nizama salır. Pırtlaşıq düşmüş hisslərin kələfini çözür. Yəni hardasa, insana bir rahatlıq gətirir:
Sarı çiçək,
Qürrələn!
De, dillən:
-Mən gözəllərdən
Gözələm.
Bilmirlər...
Çiçəklərin şahısan,
Sevənlərin ahısan.
Gecələr yatmayanların,
Vüsala çatmayanların,
Yarını tapmayanların,
Çalın-çarpaz dağısan.
Sarı çiçək!
Aç, ətir saç,
Qaç,
Səni sevməyəndən
Qaç!!!
...Mətanət xanımın kitabını, şeirlərini həvəslə oxudum,yeni bir düşüncə, təfəkkür tərzi ilə tanışlıqdan məmnunluq hissi yaşadım.
İnsanı tanıdan, kimliyini ortaya qoyan onun düşüncəsidir. Düşüncənin üzərində insana abidə də qoya bilərlər və ya əksinə ona həqiqət deyib, edam da edə bilərlər. Həqiqətin edamı var Azərbaycan ədəbi fikrinin tarixində; Nəsimi həqiqəti var, dabanından soydular və böyük əqidə çarçısı belə dedi:
Zahidin bir barmağın kəssən dönüb haqdan qaçar,
Gər bu məğrur aşiqi sərpa soyarlar, ağrımaz...
“Sarı çiçək” insana doğma hisslərlə qələmə alınıb. Ağrıyan, ağrımayan canların məlhəmi kimi yazılıb. Loğmanlar deyir ki, hər çiçək, hər ləçək bir dərdin dərmanıdır. “Sarı çiçək” də sözsüz, bir illətə dərmandır, bir naxoş qəlbə həmdəmdir. Əlbəttə, həyatı, dünyanı, insanı sevən hər kəs üçün...
Fariz Çobanoğlu