azia.az
azia.az

Fuad Əbdürrəhmanovun sənət dünyasına səyahət: "Xalq Əmanəti"nin yeni nəşri təqdim olundu

Bu gün, 17:06

Elə sənətkarlar var ki, yaratdıqları əsərlərlə yalnız yaşadıqları dövrə deyil, gələcək nəsillərin yaddaşına da öz imzalarını atırlar. Onların əsərləri zaman keçdikcə bir xalqın tarixini, mədəniyyətini və mənəvi dünyasını özündə yaşadan yaddaş abidələrinə çevrilir. Azərbaycan heykəltəraşlıq sənətinin görkəmli nümayəndəsi Fuad Əbdürrəhmanov da yaradıcılığı ilə bu yaddaşın formalaşmasında xüsusi yeri olan sənətkarlardandır.

Azərbaycanın şəhər və meydanlarında ucalan, illərdir insanların gündəlik həyatına qarışan monumental əsərlərin arxasında dayanan sənətkarın həyat və yaradıcılıq yolu bu dəfə kitab səhifələrində yenidən canlanıb. Xalq Bankın “Xalq Əmanəti” layihəsi çərçivəsində hazırlanan 27-ci nəşr – “Fuad Əbdürrəhmanov. Heykəltəraşlıq” adlı bədii albom sənətkarın zəngin irsini geniş oxucu auditoriyasına təqdim edir.
Noyabrın 18-də nəşrin təqdimat mərasimi keçirilib. Tədbirdə tanınmış rəssamlar, heykəltəraşlar, ziyalılar və incəsənət ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Rəsmi hissədə nəşrin ön sözünün müəllifi, akademik Rafael Hüseynov, tanınmış publisist Ülkər Hüseynova, eləcə də heykəltəraşın ailə üzvləri çıxış ediblər.
Görüşün xüsusi qonaqları arasında sənətkarın Sankt-Peterburqdan ailəsi ilə birlikdə gələn nəticəsi Darya Əbdürrəhmanova da olub. Onun və digər ailə üzvlərinin çıxışları təqdimat mərasiminə ayrıca məna qatıb. Beləliklə, Fuad Əbdürrəhmanovun sənət irsi yalnız sənət və yaradıcılıq müstəvisində deyil, ailə yaddaşı və nəsillər arasında ötürülən mənəvi bağlar kontekstində də diqqətə çatdırılıb.
Görüş sənətkarın yaradıcılıq dünyasına yenidən nəzər salmaq, onun Azərbaycan incəsənətindəki mövqeyini xatırlamaq və irsinin gələcək nəsillərə çatdırılmasının əhəmiyyətini vurğulamaq baxımından diqqətəlayiq olub.
Fuad Əbdürrəhmanovun sənətə gəlişi, əslində, uşaqlıq illərində başlayan və zamanla böyük yaradıcılıq amalına çevrilən bir marağın nəticəsi idi. 1915-ci il mayın 11-də Nuxada (indiki Şəki) dünyaya gələn gələcək heykəltəraşın ailəsində incəsənətlə peşəkar səviyyədə məşğul olan kimsə yox idi. Buna baxmayaraq, balaca Fuadın dünyası qələm və kağız ətrafında formalaşırdı. O, günün müxtəlif saatlarını rəsm çəkməklə keçirir, məktəbə də, evə də bu məşğuliyyətin həvəsi ilə gedirdi.
Onun istedadını ilk sezənlərdən biri rəsm müəllimi Perov olub. Gənc Fuadın qabiliyyətini görən müəllimi ailəyə Bakıya köçməyi məsləhət görüb. Bu tövsiyə sənətkarın gələcək həyatında mühüm dönüş nöqtəsinə çevrilib. 1929-cu ilin yayında Əbdürrəhmanovlar ailəsinin Bakıya köçməsi ilə Fuadın peşəkar sənət yolunun yeni mərhələsi başlayıb.
Maraqlıdır ki, onun rəsmə bağlılığı məktəb illərində bəzən dərslərin gedişinə də mane olurdu. Bir dəfə ədəbiyyat dərsində inşa yazmaq əvəzinə müəlliminin portretini çəkən Fuadın bu hərəkəti müəlliminin diqqətindən yayınmır. Hadisə valideynlərinin məktəbə çağırılması ilə nəticələnsə də, ailəsi onun rəsmə olan həvəsini anlamağa çalışır. Bu kiçik epizod gələcəkdə Azərbaycan heykəltəraşlığında özünəməxsus dəst-xətti ilə seçiləcək sənətkarın uşaqlıq xarakterini, yaradıcılıq həvəsinin nə qədər güclü olduğunu göstərir.
Fuad Əbdürrəhmanov ilk sənət təhsilini Azərbaycan Bədii Texnikumunda alıb. Hazırda Əzim Əzimzadənin adını daşıyan Azərbaycan Dövlət Rəssamlıq Məktəbi kimi tanınan bu təhsil ocağında qazandığı biliklər onun yaradıcılıq dünyasının əsasını təşkil edib. Müəllimlərinin yönləndirməsi ilə sonradan Leninqradda, indiki Sankt-Peterburqda yerləşən İ.Y. Repin adına Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsilini davam etdirib. Bu mərhələ onun sənətkar kimi formalaşmasında, bədii təfəkkürünün və plastik ifadə imkanlarının genişlənməsində mühüm rol oynayıb.
Azərbaycan heykəltəraşlığının XX əsrin əvvəllərində təşəkkül taparaq qısa müddətdə peşəkar inkişaf mərhələsinə yüksəlməsi təsadüfi deyildi. Bu inkişafın arxasında milli sənət ənənələrini yeni bədii axtarışlarla birləşdirən yaradıcı şəxsiyyətlər dayanırdı. Fuad Əbdürrəhmanov isə həmin nəslin ən parlaq nümayəndələrindən biri kimi milli heykəltəraşlığın sərhədlərini genişləndirməyi bacarıb. Onun sənəti Azərbaycan incəsənətinin yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də tanınmasına yol açıb.
Sənətkarın yaradıcılığında Azərbaycan tarixinin və mədəniyyətinin yaddaşına çevrilmiş şəxsiyyətlərin obrazları xüsusi yer tutur. Nizami Gəncəvinin Bakı və Gəncə şəhərlərində ucaldılmış abidələri bu baxımdan onun monumental sənətinin ən tanınmış nümunələrindəndir. Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin eyvanında yer alan Məhəmməd Füzulinin heykəli, Səməd Vurğunun abidəsi və paytaxtın simvolik məkanlarından birinə çevrilən “Azad qadın” heykəli də sənətkarın bədii irsinin mühüm səhifələridir. Bu əsərlərin hər biri özündə ayrı-ayrı dövrlərin ruhunu, milli düşüncənin və ictimai yaddaşın izlərini yaşadır.
Fuad Əbdürrəhmanovun yaratdığı obrazlar sırasında onun yaxın dostu, İkinci Dünya müharibəsinin əfsanəvi kəşfiyyatçısı Mehdi Hüseynzadəyə həsr etdiyi monumental əsər də xüsusi məna daşıyır. Bu heykəldə sənətkarın yalnız peşəkar yanaşması deyil, qəhrəman obrazına şəxsi münasibəti də hiss olunur.
Onun yaradıcılıq coğrafiyası isə Azərbaycanla məhdudlaşmayıb. Fuad Əbdürrəhmanovun əsərləri müxtəlif ölkələrin şəhər və meydanlarında özünə yer taparaq Azərbaycan heykəltəraşlıq məktəbinin beynəlxalq miqyasda tanınmasına xidmət edib. Monqolustanın paytaxtı Ulan-Batorda dövlət xadimləri Suxe Bator və marşal Çoybalsanın, Tacikistanın Düşənbə şəhərində görkəmli şair Rudəkinin, Özbəkistanın Buxara şəhərində isə böyük alim İbn Sinanın monumental abidələrinin müəllifi olması sənətkarın yaradıcılıq miqyasını aydın göstərir. Beləliklə, onun əsərləri müxtəlif xalqların tarixi və mədəni yaddaşında özünə yer qazanıb.
Azərbaycan SSR Xalq rəssamı, SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü, iki dəfə Stalin mükafatı laureatı olan Fuad Əbdürrəhmanovun sənət yolu bir daha göstərir ki, böyük yaradıcılıq yalnız istedadla deyil, həmin istedadı ömür boyu inkişaf etdirmək əzmi ilə formalaşır. Onun heykəllərində daş və metal sadəcə forma qazanmır, tarixi şəxsiyyətlər, milli dəyərlər və insan taleləri sənətin dili ilə gələcəyə ötürülür.
“Xalq Əmanəti” layihəsinin növbəti nəşri də məhz bu baxımdan əhəmiyyət daşıyır. Çünki belə albomlar sənətkarın əsərlərini bir araya gətirməklə kifayətlənmir, eyni zamanda onların yaranma tarixini, daşıdığı mənanı və milli mədəniyyətimizdəki yerini yenidən dərk etmək imkanı yaradır. Fuad Əbdürrəhmanovun yaradıcılığına həsr edilən nəşr onun sənət dünyasına bələd olmaq, Azərbaycan heykəltəraşlığının keçdiyi yolu izləmək və mədəni irsimizin dəyərini bir daha xatırlamaq üçün əhəmiyyətli mənbədir.
Qeyd edək ki, Fuad Əbdürrəhmanovun əsərlərindən ibarət ekspozisiya 2026-cı il noyabrın 19-dan etibarən Xalq Bankın əsas binasında yerləşən rəsm qalereyasında ziyarətçilərə açıq olacaq. Sərgini həftəiçi günlər saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri isə 10:00-dan 16:00-dək izləmək mümkündür. Ekspozisiyaya giriş sərbəstdir.

Nigar Yahyazadə

Fuad Əbdürrəhmanovun sənət dünyasına səyahət: "Xalq Əmanəti"nin yeni nəşri təqdim olundu
Fuad Əbdürrəhmanovun sənət dünyasına səyahət: "Xalq Əmanəti"nin yeni nəşri təqdim olundu
Fuad Əbdürrəhmanovun sənət dünyasına səyahət: "Xalq Əmanəti"nin yeni nəşri təqdim olundu
Fuad Əbdürrəhmanovun sənət dünyasına səyahət: "Xalq Əmanəti"nin yeni nəşri təqdim olundu
Fuad Əbdürrəhmanovun sənət dünyasına səyahət: "Xalq Əmanəti"nin yeni nəşri təqdim olundu
Fuad Əbdürrəhmanovun sənət dünyasına səyahət: "Xalq Əmanəti"nin yeni nəşri təqdim olundu



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi