Neftlə birlikdə ucuzlaşan manat, çökən nəhəng Çin və bahalaşan dollar... — TƏHLİL
Qlobal iqtisadi böhran dərinləşməkdə davam edir.
Neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsi məntiqlə onun əsas ixracatçılarına zərər vurmalı olduğuna baxmayaraq, dünya iqtisadiyyatında anlaşılmaz, qarışıq, xaosu xatırladan proseslər getməkdədir.
Başda Rusiya olmaqla bir çox neft ixracatçılarının iqtisadiyyatını ağır vəziyyətə salan "qara qızılın" qiymətləri nədənsə bu məhsuldan daha çox asılı olan və onu daha çox ixrac edən ölkələrin iqtisadiyyatına təsirsiz ötüşür. Son bir ildə devalvasiyanın az qala iflic etdiyi Rusiya, Venesuela, Azərbaycan, Qazaxıstan kimi ölkələrdə vəziyyət getdikcə pisləşməkdə, hökumətlər isə böhrandan çıxış yolları axtarmaqdadırlar.
Son həftə isə ekspertlərin və analitiklərin diqqəti çöküşün ən çox yaşandığı, qlobal iqtisadiyyatın yarıdan çoxuna sahib Asiya və Sakit Okean regionuna yönəldi. İqtisadiyyatı neftdən asılı olmayan, neftin dünyada ən böyük istehlakçısı sayılan Çin bu halda inkişaf etmək əvəzinə fond birjalarında baş verən dalbadal çöküşlərlə son bir ayda valyuta və qızıl rezervlərinin yarım trilyon dollardan çoxunu, yəni 512 milyard dollarını itirdi. Böyük həcmdə nefti hər barelinə görə 120-140 dollar ödəyərək aldığı dövrlərdə ən yüksək inkişaf həddinə çatan Çinin, indi əksinə, güclü sənayesi və neftin 30-33 dollar arasında dəyişən qiymətlərinə rəğmən çökməsi analitikləri çaş-baş salıb.
Rusiyanın əsas hədəf götürüldüyü beynəlxalq, qlobal fitnənin kökündə duran əsas məsələnin detallarının məlum olmamasına baxmayaraq, bu qlobal xaos planının planetimizi və bütövlükdə insanlığı fəlakətə sürüklədiyi göz önündədir. ABŞ-ın gücünü öz əlində cəmləmiş qlobal maliyyə gücləri dünyanın digər qütbünə qarşı amansız müharibəyə başlayıblar. Rusiyanın iqtisadi göstəricilərinin aşağı düşməsi prosesinin başlamasından sonra Moskvanın yardım üçün ümid bağladığı, hətta ABŞ və Avropaya belə meydan oxumağa başlayan, alınmaz qala kimi heybətli duran Çinin birdən-birə çökməsi, dünyanı lərzəyə salıb. Çalxalanmanın ABŞ birjalarında da hiss olunması Rusiya mediasında böyük sevinclə yayılmasına baxmayaraq hələlik bu ölkədə nə güclü bahalaşma, nə də daxili iqtisadi sıxıntı hiss olunmur. Əksinə, 2008-ci il qlobal maliyyə böhranın iflasa uğratdığı ABŞ avtomobil sənayesinin ürəyi Detroytun artıq canlandığı, ölkədə işsizliyin azaldığı, ÜDM-in artdığı, ixracatın çoxaldığı haqda xəbərlər onu göstərir ki, əslində çətin vəziyyətə düşən hansı ölkələrdir. Böhranın Asiyanın Çin, Hindistan, Tailand, Vyetnam, Myanma kimi ölkələrini pis vəziyyətə qoymasına baxmayaraq ABŞ-ın bu qitədə müttəfəqləri olan Yaponiya, Cənubi Koreya, Tayvan, Sinqapur kimi ölkələrdə iqtisadi göstəricilər artmaqdadır.
Düyanın belə bir kritik dönəmdən keçdiyi bir zamanda Yaxın Şərqdəki böhranlara daha bir ciddi siyasi böhran, həm də gələcəkdə hərbi toqquşmaya çevrilə biləcək siyasi böhran əlavə edildi. Səudiyyə Ərəbistanının, İslam dünyasının ən böyük və varlı dövlətlərindən biri, Ərəb liqası və OPEC-in aparıcı dövlətinin şiə alimini separatçılıq fəaliyyətinə görə edam etməsi İranı hiddətləndirdi. Səudiyyə Krallığının Tehrandakı səfirliyi və Məşhəddəki konsulluğuna hücuma edən kütlə binaları yararsız hala saldı. Ər-Riyadla Tehran arasındakı siyasi-diplomatik konfliktə çox keçmədən digər ölkələr də qarışdılar. İran yenidən siyasi müstəvidə təkləndi və bu böhran dünya bazarlarında neftin qiymətlərinin ucuzlaşmasını bir az da sürətləndirdi. Neftin əsasən dünya bazarlarında dollara satılması isə proporsional olaraq bu valyutanın qiymətə minməsinə gətirib çıxarır. Hazırda Azərbaycanda bəlkə də müstəqillik dövrünün ən ciddi xarici valyuta çatışmazlığı hökm sürür. Daxili bazarın 90%-nə yaxınını idxal mallarının tutduğunu nəzərə alsaq, iş adamlarının dollar və avro tələbatının ödənilməsinin vacibliyini bar daha dərk etmiş olarıq. Xarici valyuta ilə xaricdən mal alıb Azərbaycanda onu manata satmış biznesmenin yenidən mal gətirmək üçün əlindəki manata dollar alması böyük problemə çevrilib. Gecikmələr, növbələr və yüksək tələbat isə xarici valyutanın məzənnəsini qaldırmaqda davam edir.
Hazırda verilən son statistik rəqəmlərə görə Azərbaycanın dollara olan tələbatını, neftdən hazırda gələn gəliri tutuşduraraq sizdə baş verən iqtisadi kataklizmlər haqda təsəvvür yaratmağa çalışacağıq. Neftin son qiymətlərini 33 dollardan hesablasaq, Azərbaycana bu neftin hər bareli təxminən 11 dollara başa gəlir. Deməli Azərbaycan Neft Fonduna neftdən daxil olan xalis gəlir hər barelə görə təxminən 22 dollardır. 22 dolların isə 75%-i bizim payımıza düşür, bu da edir 16,5 dollar. Hər aya hasil etdiyimiz və ixracata göndərdiyimiz neftin həcminə pralel olaraq ayda Neft Fonduna 300 milyon dollar vəsait daxil olur. Daxili bazarda milli valyutanın məzənnəsini sabit saxlamaq üçün isə hər ay 1,3 - 1,5 milyard dollar lazımdır. Çünki vaxtında iqtisadi islahatlar apara bilməyən ölkəmiz xaricdən hər ay müxtəlif növlü və təyinatlı 1,5 milyard dollarlıq mal idxal edir. Bu da onu göstərir ki, neftin daha da ucuzlaşması yenə manatın qiymətdən düşməsinə, daxili bazarda bahalaşmaya, iş adamlarının müflisləşməsinə, işsizliyin artmasına və qıtlığa gətirib çıxaracaq.
P.S. Vəziyyətdən yeganə çıxış yolu yenə kəndə, torpağa qayıdışdır. Böhranın vurduğu əsas sektorlardan olan inşaat sektorundakı durğunluq isə əyalətdən gəlib Bakıda işləyən minlərlə vətəndaşımızı işsiz qoyacaq. Onların əyalətə dönüb təsərrüfatla məşğul olması isə bu vəziyyətdən yeganə çıxış yoludur.